Ordu quruculuğu Vətənə sevgi, dövlətçiliyə sədaqətdir
29 İyun 2020 09:09 SosialAzərbaycan Ordusu xalqımızın güvənc yeri, qürur mənbəyidir
Bu il Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan Milli Ordumuzun yaranmasının 102-ci ili tamam olur. Şübhəsiz, hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir. XX əsrdə Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra diqqət yetirilməsi mühüm olan məsələlərdən biri də ordu quruculuğu idi. Çünki Azərbaycan torpaqları düşmən hücumuna məruz qalmışdır. Tarixin çətin sınağı qarşısında qalan bir xalqı həmin sınaqdan alnıaçıq çıxara biləcək ən vacib amil o xalqın həmin şəraitdə nə qədər müdrik qərar qəbul etməsidir. Nəsimi rayon təhsil işçisi Xatirə Fehruzzadə qeyd edib ki, 1993-cü idə xalqın təkidli çağırışı nəticəsində Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtəsi oldu: "Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin tariximizdə müstəsna yeri vardır. Müasir Azərbaycan Ordusunun müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu Öndərin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün ordu quruculuğunun inkişafına böyük töhfə verib. Ölkə başçısının diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm və tarixi işlər görülüb. Ali Baş Komandanın diqqəti nəticəsində yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açıb. 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.
Ölkə başçısının hərbi hissələrin Azərbaycan standartları əsasında, müasir texnikadan istifadə etməklə tikintisinə diqqət yetirməsini xüsusilə qeyd etmək lazımdır. Bu hərbi hissələrdə xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib. Ümumi ərazisi 11 hektardan çox olan hərbi hissəsinin tikintisinə iki il bundan əvvəl başlanıb və artıq yüksək keyfiyyətlə başa çatdırılıb. Hərbi hissə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev hərbçilərlə görüşüb".
Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna, zabit və əsgərlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman diqqət yetirmişdir. Məhz Prezidentin qayğısının nəticəsidir ki, orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara yaxşı mənzillər verilib. Prezidentin göstərişinə əsasən bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər verilməsi nəzərdə tutulub. Aparılan uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu faktı beynəlxalq hərbi tədqiqat mərkəzləri də təsdiqləyir. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik, ordumuzu müasirləşdirmək üçün vəsaitlərimiz olmazdı. Əlbəttə ki, bütün bunlar ölkə başçısının həyata keçirtdiyi uğurlu siyasətin nəticəsidir: "Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Lakin biz müharibə şəraitində yaşayırıq, ölkə ərazisinin 20 faizi işğal altındadır. Düşmən ölkə tərəfindən beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Beynəlxalq hüquq normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir. Prezidentin çoxsaylı qərarları nəticəsində ordu quruculuğu sahəsində görülən işlər nəticəsində Azərbaycan ordusu bu gün cəbhə bölgəsində strateji üstünlüyə malikdir. Həm 2016-cı ilin aprel ayında keçirilən hərbi əməliyyat, həm də 2018-ci ilin may ayındakı Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır. Bu gün Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər".
YAP Nəsimi rayon təşkilatının üzv İradə Hüseynova qeyd edib ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki hər bir müstəqil dövlətin nüfuzu digər potensialları ilə yanaşı həm də onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Çox çətin, mürəkkəb və ziddiyətli mərhələlərdən keçmiş Azərbaycanın milli ordusu bu gün artıq peşəkər kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan bir orduya çevrilmişdir: "Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fəmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, gənclərimizin ixtisaslı hərbçi kadrlar kimi formalaşması üçün müxtəlif respublikalardakı hərbi ali təhsil müəssisələrinə göndərilməsi müstəqil Azərbaycan ordusunun formalaşmasında mühüm əhəmiyyətə malikdir. Ulu öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Aprel, Naxçıvan qələbələri ordumuzun döyüş qabiliyyətinin gücünü bir daha sübut etdi. Hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməsi əsgər və zabitlərimizin vətənpərvərlik ruhunu daha da gücləndirir. Hərbi qüdrətini ardıcıl olaraq artıran Azərbaycan ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. İnanırıq ki, dövlətimizin dayağı, xalqımızın güvənc yeri və qürur mənbəyi olan qüdrətli Azərbaycan ordusu bizi yeni-yeni qələbələrə doğru aparacaqdır".
Nurlan