Parlament büdcənin icrası haqqında qanun layihəsini qəbul etdi
19 İyun 2020 13:00 SosialMilli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında "Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb."Olaylar" xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 23 mlrd 168 mln manat proqnoza qarşı 24 mlrd 218,1 mln manat təşkil edib, 104,5 faiz icra edilib. Proqnozla müqayisədə 1 mlrd 050,1 mln manat və ya 4,5 faiz, 2018-ci illə müqayisədə isə 1 mlrd 709,2 mln manat və ya 7,6 faiz çox icra təmin olunub. Büdcənin gəlirlərinin 7 mlrd 672,3 mln manatı və 31,7 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4 mlrd 408,6 mln manatı və ya 18,2 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11 mlrd 364,3 mln manatı və ya 46,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 772,9 mln manatı və ya 3,2 faizi digər gəlirlərin (578,9 mln manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 182,6 mln manatı sair daxilolmalardan, 11,4 mln manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalardan) payına düşür. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 12 mlrd 853,8 mln manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1 mlrd 303,9 mln manat və ya 11,3 faiz çoxdur. 2019-cu il dövlət büdcəsinin xərcləri isə 25 mlrd 190 mln manat proqnoza qarşı 24 mlrd 425,9 mln manat və ya 97 faiz icra edilib. 2018-ci ilə nisbətən bu göstərici 1 mlrd 694,3 mln manat və ya 7,5 faiz çoxdur.