Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirir RƏYLƏR

Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirir

17  iyun sağlamlığımızın keşiyində dayanan, bizləri koronavirus bəlasından qorumağa çalışan şərəfli peşə sahibləri, həkimlərin günüdür. Günümüzdə ən böyük şücaət göstərən, gecə-gündüz bilməyən tibb personalına bu hədiyyə də ümummilli lider Heydər Əliyev tərəfindən ərmağan edilib. Millət vəkili Sədaqət Vəliyeva deyir ki, hər il iyunun 17-si ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Onun sözlərinə görə, həmin sərəncamla Tibb İşçiləri Peşə Bayramı Gününün təsis edilməsi müdrik dövlət rəhbərinin həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə verdiyi dəyərin ifadəsi idi: "Hər dəfə bu tarix öncəsi həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tibb işçilərinin təltif edilməsi barədə sərəncamlar imzalayıblar. Elə bu il də cənab Prezidentin Sərəncamı ilə 18 nəfər "Əməkdar həkim", 2 nəfər "Əməkdar tibb işçisi", 16 nəfər isə "Tərəqqi" medalı ilə təltif edilib. Bu da ondan irəli gəlir ki, dövlət həkimlərin əməyini və fədakarlığı daim yüksək qiymətləndirir".

Sədaqət Vəliyeva bildirib ki, ölkəmizdə müasir tələblərə cavab verən tibb ocaqları tikilir, səhiyyə müəssisələri bərpa olunaraq yeni avadanlıqlarla təmin edilir: "Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır. Ölkəmizdə 650-dək yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Statistikasına görə, hazırda ölkəmizdə 33 minədək həkim, 54 minə qədər tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanır. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Eyni zamanda, Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur. Eləcə də gələn ildən icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Bununla da ölkə miqyasında əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, xidmət keyfiyyətinin daha da yüksəldilməsi və səhiyyə sisteminin maliyyə potensialınının daha da güclənməsi təmin ediləcək". Millət vəkili deyib ki, koronavirus pandemiyası dövründə Azərbaycan səhiyyə sisteminin dayanıqlılığı və həkimlərimizin qabiliyyəti, bacarığı və fədakarlığı bir daha isbatlandı: "Koronavirus pandemiyası ilə mübarizədə böyük məsuliyyət həm də həkimlərin üzərinə düşür. Həkimlər öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağlamlığını yenidən qaytarmaq üçün bütün imkanlardan istifadə edirlər. Elə həkimlər var ki, 70 gündür evə getmirlər. Məsuliyyətsizlik üzündən, yaxud immunitetin zəifliyindən bu virusa yoluxan xəstələri sağlam şəkildə həyata qaytarmaq üçün həkimlərimiz gecə-gündüz çalışırlar. Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı, sözün əsl mənasında, xalqımızın koronavirus pandemiyasının ağır sınaqlarından uğurla çıxmasında mühüm rol oynayır. Həkimlər pandemiya dövrünün insanlar üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə həyata keçirərək dövlətimizin də, xalqımızın da etimadını qazana biliblər. Eyni zamanda, dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir. Məhz, bunun nəticəsidir ki, Prezident İlham Əliyevin göstərişi ilə həkimlərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirir". Deputat Sədaqət Vəliyeva həkim olaraq Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bütün tibb işçisi təbrik edib, onlara can sağlığı, fəaliyyət uğurları arzulayıb, koronavirus pandemiyası ilə mübarizədə göstərdikləri fədakarlığın hər kəsə nümunə olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə deyib ki, ötən illər ərzində Azərbaycanda səhiyyənin inkişafı istiqamətində ciddi nailiyyətlər əldə edilib: "Son 17 ilə yaxın müddət ərzində ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb. Bu mənada, ölkəmizin səhiyyə işçiləri bu gün peşə bayramlarını qürurla qeyd edirlər.  Azərbaycanda uğurlu səhiyyə siyasətinin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin tibb müəssisələrinə inamını getdikcə artırır. Məhz görülən genişmiqyaslı işlərin nəticəsidir ki, son 17 il ərzində ölkəmizdə yüzlərlə xəstəxana tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub".

Millət vəkili deyib ki, dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Tibbi sığorta sisteminin tətbiqi də vətəndaş məmnunluğu yaradır: "Səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb. Ölkəmizdə koronavirus pandemiyasına qarşı güclü mübarizə aparıldığını vurğulayan millət vəkili söyləyib ki, bu mübarizədə həkimlərimizin fədakarlığı xüsusi qeyd olunmalıdır. Həkimlərimiz, tibb personalı koronavirusa yoluxmuş xəstələrin müalicəsində gecə-gündüz yorulmadan fədakarlıq göstərirlər. Xəstələrin sağlamlığa qovuşması, onların həyatını xilas etmək üçün həkimlərimizin gərgin əmək və zəhmətini xüsusilə qiymətləndirməli, onlara minnətdar olmalıyıq. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətimizin başçısı ilə bu istiqamətdəki gərgin zəhməti, əməyi xüsusilə qeyd olunmalıdır. Məlumdur ki, Mehriban xanım Əliyeva ixtisasca həkimdir və təbii ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərində onun tibbi bilik və təcrübəsi də mühüm rol oynayır. Bir sıra xəstəxanaların pandemiya ilə mübarizə üçün təşkil olunması, yeni laboratoriyaların alınması, tibbi personalın bu prosesə səfərbər olunmasında da Mehriban xanım Əliyevanın peşəkarlığı öz sözünü deyir".

S.Fətəliyeva söyləyib ki, dövlətimizin başçısı cənab İlham Əliyev də dəfələrlə həkimlərin bu fədakarlığını yüksək dəyərləndirib: "Prezident İlham Əliyevin iyunun 16-da imzaladığı müvafiq sərəncamlarla bir qrup səhiyyə işçisinin təltif olunması bu nəcib peşə sahiblərinə dövlətin verdiyi qiymətin növbəti ifadəsidir. Mən bütün səhiyyə işçilərimizi bugünkü peşə bayramları münasibətilə ürəkdən təbrik edirəm, onlara nəcib fəaliyyətlərində uğurlar arzulayıram!".

Millət vəkili Nəsib Məhəməliyev də qeyd edib ki, hər il bu əlamətdar gün cəmiyyətimiz tərəfindən geniş şəkildə qeyd olunur: "Ancaq bu il, dünyanı bürümüş koronovirus pandemiyası ilə mübarizə kontekstində həkimlərin, ümumiyyətlə səhiyyə işçilərinin gərgin əməyi xalqımız tərəfindən xüsusi olaraq dəyərləndirilir. Onların şərəfinə ölkə Başçısının tapşırıqlarına əsasən, ,,Alov qüllələri,, kompleksinin üzərində simvolik işıqlandırma təmin olunmuşdur. Milli Məclis başda olmaqla, koronovirusun müalicəsi ilə bilavasitə məşğul olan, aylarla şəxsi həyatlarını risk altına qoyaraq, ailə üzvləri, övladları ilə görüşə bilməyən qəhrəman həkimlərimiz, bir çox dövlət orqanlarında ayaqüstü alqışlanmışlar. Digər tərəfdən karantin rejimi ilə əlaqədar sərhədlərin bağlı olması, ən xırda nasazlığa görə xarici ölkələrə üz tutan insanlarımız da öz həkimlərimizə üz tuturlar. Belə vəziyyət isə, hesab edirəm ki, milli səhiyyəmizin daha da inkişaf etməsinə xidmət etməli, xalqın öz həkimlərinə olan inamını artırmalıdır". Nəsib Məhəməliyev deyib ki, həkimlər gözəl, humanist, hər bir pasiyentin ,,ümid çırağı" hesab olunur: "Sizləri peşə bayramınız münasibətilə təbrik edirəm, möhkəm can sağlığı, müalicə etdiyiniz xəstələrin alqışlarını və dualarını arzulayıram".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31