“Görünən dağa da bələdçi lazim deyil”
28 May 2020 11:19 SosialƏziz feysbuk dostlarım, bilirik ki, nazir təyin etmək cənab prezidentin müstəsna səlahiyyətindədir. Mən, sənətşünasliq elmləri doktoru, professor, Azərbaycan iqtidarını, dövlətini və xalqını səmimi qəlbdən sevən, ona tam şəkildə sadiq olan Abbasqulu Nəcəfzadənin xalq arasında reytinqini yoxlayıb, cəmiyyətin ona qarşı olan müsbət rəyini müəyyənləşdirdikdən sonra cənab prezidentimizə onu nazir təyin etməsi təklifini verdim. Əvvəlcə onu deyim ki, xalq arasında Abbasqulu müəllimin çox yüksək nüfuzu olduğunu öncədən bilirdim. Dediklərim həm sosial şəbəkələrdə, həm də mənim səhifəmdə öz təsdiqini tapır. Abbasqulu Nəcəfzadənin namizədliyini irəli sürəndə onun səmimiliyini, vətənpərvərliyini, qanunpərəstliyini, rüşvətxorluqdan kənar olduğunu bildiyimə görə bu qərara gəldim. Amma bəzi barmaqla sayıla biləcək bir neçə nəfər öyrədilmiş provakatorlar, paxıllar ağıllarına gələni yazırlar. Onların fikirlərinə öz münasibətimi bildirmək istəyirəm. Birincisi, mənə ünvanlanmış "yerlibazlığa nə vaxt son qoyulacaq?" fikrinə münasibət bildirirəm. Nə vaxta kimi biz Azərbaycanı bölgələrə böləcəyik? Axi bizim bir Azərbaycanımız var. Bölürsünüzsə, məcburam mən də cavab verəm. Abbasqulu müəllim Xızıdan, mən isə Şəkidənəm. İkincisi, bəzi "tədqiqatçıların" - AMEA Tarix İnstitutu alimlərinin elmi əsərlərini oğurlayaraq, film, xəritə yaratmaq adı ilə qrantlar alanların "zurnaçıdan nazir olmaz" fikrinə münasibətim belədir: Abbasqulu müəllim sizdən fərqli olaraq Azərbaycan sənətşünaslıq elminə öz dəyərli töhfələrini verib və bu işi uğurla davam etdirməkdədir. Bu səviyyəyə də sizdən fərqli olaraq öz təfəkkürünün qüdrəti ilə yüksəlib. Abbasqulu Nəcəfzadə ölkəmizdə milli musiqimizin bütün sahələrinin bilicisi kimi tanınır və məhz bu keyfiyyətlərini nəzərə alaraq onu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq elmləri üzrə Ekspert Şurasının üzvü seçmişlər. Onu da bildirməliyəm ki, bu qurumda yeni rəhbərlik artıq bütün neqativ halları aradan qaldırmışdır. Deməli, seçim düzgün olduqda uğurlu nəticələr də əldə etmək olur. Üçüncüsü, Abbasqulu müəllim yeganə alimdir ki, Azərbaycan milli musiqi alətlərinin hamısının həm nəzəri, həm də praktiki dilini bilir, onları peşəkarlıqla ifa edir. Abbasqulu müəllim çalğı alətlərimizin tarixini, etimologiyasını, morfologiyasını və s. kimi xüsusiyyətlərini gözəl bilir, bu alətlərin xalqımıza məxsusluğunu dəfələrlə müxtəlif ölkələrdə keçirilən simpozium, festival və konfanslarda öz məzmunlu çıxışı ilə nümayiş etdirmişdir. Deyəsən əks fikirdə olan bəzi həmin üzdəniraqlar düşmənlərimizin özlərinə milli alət hesab etdikləri düdük ifaçısını nazir görmək istəyirlər? Ən azından ulularımızın yaratdığı zurna da bizim milli musiqi alətimizdir və ona həqarətlə yanaşmaq olmaz. Dördüncüsü, deputat seçkiləri ərəfəsində 450 imzanı bir ay ərzində toplaya bilməyən namizəd Abbasqulu müəllimin xalq arasındakı yüksək reytinqini həzm edə bilmədiyinə görə özünü xalqa sırımaq məqsədi ilə hər yola əl atır. Beşincisi, sizin olduğunuz vatsap qrupunun böyük bir hissəsi separatçı və 5-ci kolonun nümayəndələridir. Altıncısı, Abbasqulu müəllimə çamur yapışmaz, amma əliniz çamura bulaşar. Yeddincisi, "sən Bişkekdə yaşayırsan, Azərbaycanın işinə niyə qarışırsan?" - deyənlərə bildirirəm, prezidentimiz cənab İlham Əliyev dəfələrlə söyləyir ki: "mən əlli milyonluq azərbaycanlıların prezidentiyəm". Mən də həmin əlli milyonluq xalqın bir nümayəndəsiyəm. Deməli, mənim də təklif verməyə hüququm çatır. Başqa ölkədə yaşasam da ölkəmiz üçün etdiklərimdən hər kəs xəbərdardır.
Sonda onu da deyim ki, Abbasqulu müəllim mədəniyyət sahəsində olan boşluqları gözəl bilir. İnanıram ki, ona etimad göstərilərsə, qısa müddət ərzində bu sahədə olan neqativ halları aradan qaldıracaqdır. Çünki o, bütün fəaliyyəti dövründə haram pula göz dikməyib, həmişə də əyri insanlarla mübarizə aparıb. Prezidentimiz cənab İlham Əliyev də belə kadrların axtarışındadır. Bu baxımdan sosial şəbəkələrdən göründüyü kimi, əhalinin böyük bir hissəsi Mədəniyyət naziri Abbasqulu Nəcəfzadənin olmasını arzulayır və ona üstünlük verirlər. Yəni Abbasqulu müəllim nəhəng bir dağdır, atalar demişkən "görünən dağa da bələdçi lazim deyil".
Dərin hörmətlə, Nüsrət Məmmədov
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti