Mahnın olum
13 May 2020 16:26 SosialArzu Soltan
Anam həyat dolu qadın idi. İlk dəfə görənlər onun mənim böyük bacım olduğunu düşünürdülər. Yaşını heç kim dəqiq deyə bilməzdi. Heç mən də. Təbii ki, neçənci ildə anadan olduğunu bilirdim. Amma düşüncəsi, maraqları, həyat eşqi ilə az qala mənim bütün rəfiqələrimdən gənc idi.
Onun maşınında yol getməkdən çox xoşum gəlirdi. Birlikdə seçib yüklədiyimiz mahnılara qulaq asa-asa, bəzən müğənni ilə bərabər həmin mahnıları oxuya-oxuya yol getdiyimiz anlar həyatımın ən qayğısız dəqiqələri idi. Ən çox da bu mahnını oxuyardıq:
Atam isə, əksinə heç vaxt bizim xoşladığımız mahnıları bəyənməzdi. Evdə, yolda, harada olursa-olsun, biz mahnı dinləyən kimi, "sən Allah, onun səsini kəs" deyirdi. O vaxtlar həmişə "mən mütləq mənim xoşladığım mahnıları xoşlayan biri lə ailə quracam", deyə düşünürdüm.
Atamın da öz sevdiyiyi mahnılar var. Xüsusilə, muğamat dinləməyi xoşlayır. Maşınında da ancaq belə albomlar saxlayır.
Anam maşın almazdan əvvəl bir dəfə atamın maşınında uzaq yol gedirdik. Yəqin ki, hansısa rayona istirahətə. Anam qabaqda oturmuşdu. Evdən çıxandan bəri muğamat dinləyirdik. Çantamdan təzə aldığım diski çıxarıb anama uzatdım. "Ana, bu diski qoy, 4-cü sən xoşlayan mahnıdır, dedim". Anam sevincək diski maqnitofona yerləşdirdi. 4-cü mahnını seçdi.
Türk müğənnisi Rafet El Romandan idi:
Mahnı ikinci dəfə səslənəndə anamla ikimizdə səs-səsə verib müğənniyə qoşulduq. Həmişə uzaq yol gedəndə belə edərdik. Mahnılar oxuyar, oyunlar oynayardıq. Atam çox vaxt əvvəlcə "mən oynamıram" desə də, sonradan özünü saxlamayıb bizə qoşulardı. Bu dəfə isə belə olmadı. Biz şirin-şirin mahnı oxuduğumuz yerdə maşını saxlayıb diski maqnitafondan çıxardı. Maşının şüşəsini açıb diski gücü gəldikcə uzağa tulladı. "Bəsdir də, bu nə mahnıdır? Bu mənim maşınımdır, nə vaxt öz maşının olar, onda nəyə istəyirsən, ona da qulaq asarsan", dedi. Bir müddət heç kim dinmədi. Sonra anam maşından düşdü. Bu saat nə isə bir fəlakət olacaqğını düşündüm. Çaşqınlıqla gah anama, gah atama baxırdım. Anam isə sakitcə gedib maşından bir xeyli aralı düşmüş diski götürdü. Cibindən çıxardığı salfetka ilə silə-silə gətirib mənə uzatdı. "Saxla, mənim maşınım olanda qulaq asarıq", dedi...
Maşın almaq onun uşaqlıq arzusu idi. Atamın belə deməsi də yəqin ki, bu arzudan xəbərdar olması ilə bağlı idi. Anam bu arzusunu gerçəkləşdirsə də, maşını çox sürmədi. Onu tez itirdik. Xəstələnməyi ilə gözünü əbədi yummağı heç iki ay da sürmədi. "Ciyərinə su yığılıb", dedilər. Anam işi ilə bağlı xarici səfərlərdə çox olurdu. Ölümündən sonra haqqında "yəqin hansısa ölkədən gətirdiyi virusun qurbanı olub" deyənlər olduğunu da eşitdim...
Anamda bildiyim yeganə virus oxumaq, öyrənmək, inkişaf etmək həvəsi idi. O virus mənə də keşmişdi. Anam ölən il mən Almaniyaya magistratura təhsili almağa getməyi qərara aldım. Bilirəm ki, o da belə istəyərdi.
Aeroportda atamdan ayrılanda ona "anamın maşınını sat", dedim. Daha əvvəl atam məndən ehtiyatla soruşmuşdu ki, "ananın maşınını sürmək istəyirsən?". "Sat", dedim, "mən o maşını sürə bilmərəm", dedim. Gözləri yol çəkdi. Sadəcə başının işarəsi ilə "yaxşı" dedi.
Tətilə gələndə atam məni qarşılamağa anamın maşını ilə gəlmişdi. Səbəbini soruşdum. "Satılmır, bir neçə dəfə cəhd etmişəm, çox ucuz qiymət verirlər", dedi. Hərdən sürürmüş ki, akkumulyatoru yatmasın.
Maşınımız aeroportdan çıxanda maqnitofonu işə salmaq istədim. Bir anlıq duruxdum. "Burada nə dinləyirsən", deyə soruşdum. "Ananın mahnılarını", dedi. "Səndən nə əcəb", soruşdum. Gözü yenə də yol çəkdi. "Gözəl mahnılardır", dedi. Bəlkə də mahnılara görə maşını satmağa əli gəlmir, deyə düşündüm. "Ata", deim, "bu diskləri götürüb öz maşınında da qulaq asa biərsən də". Başını buladı. "Yox", dedi, "orada başqa xatirələr var". Köks ötürdü. "Orada başqa mən varam", dedi.
Maqnitofonu işə saldım. Alim Qasımov oxuyurdu.
Gözlərim doldu. Atamın da gözlərində yaşlar yumrulanmışdı. Birdən anladım ki, anam mənlə olanda mənim, atamla olanda atamın sevdiyi mahnıları sevirmiş... Bir də anladım ki, biz əslində ən gözəl mahnımızı itirmişik. Atamın ən gözəl əsərini...