"Allah Sizi qorusun. Var olun, cənab Prezident! "- VƏTƏNDAŞ MƏKTUBLARINDAN SƏTİRLƏR

Azərbaycan  prezidenti  İlham  Əliyevə  minnətdarlıq  məktubları  gəlməkdə  davam  edir. Həmin  məktublardan  bir  neçəsini  təqdim edirik:
Hörmətli cənab Prezident.
Siz bu ağır günlərdə ölkəmizin vətəndaşları ilə birlikdə olur, onlara lazımi kömək göstərirsiniz. COVID-19 pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda vətəndaşların qayğısını çəkərək, onlardan öz dəstəyinizi əsirgəmirsiniz. Dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, ona maddi dəstək göstərilir. Xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır.
Çox hörmətli Prezidentimiz, bir sahibkar, bir vətəndaş olaraq sahibkarlara, eləcə də bütün vətəndaşlara göstərdiyiniz yüksək qayğıya görə Sizə minnətdaram. Əminik ki, Sizin rəhbərliyiniz və səyləriniz sayəsində xalqımız tezliklə bu bəladan xilas olacaqdır.
Hörmətlə,
Bayramov Əliqulu, "ELŞƏN" MMC-nin direktoru.
Azərbaycan Respublikası, Tərtər rayonu.

xxx 

Möhtərəm cənab Prezident.
Dünyada tüğyan edən, bəşəriyyətin hazırda bir nömrəli bəlasına çevrilən COVID-19 infeksiyası hər birimiz üçün böyük təhlükəyə çevrilib. Bütün dünya bu bəlaya qarşı mübarizəyə səfərbər olub. Dünyanın inkişaf etmiş ölkələri nə qədər çalışsalar da, həm yoluxmanın, həm də itkilərin qarşısını almaqda aciz qalıblar. Sizin rəhbərliyinizlə ölkəmizdə virusla mübarizə işi çox uğurla həyata keçirilir. Azərbaycanda bu virusa yoluxma və ölüm hallarının sayının başqa ölkələrlə müqayisədə dəfələrlə aşağı olması bizə nikbin düşünməyə əsas verir.
Cənab Prezident, bu günlərdə modul tipli yeni xəstəxanaların tikilməsi haqqında imzaladığınız Sərəncam hər birimizin sevincinə səbəb oldu. Sizin rəhbərliyinizlə həyata keçirilən bu işlər vətəndaşlarımızın sağlam yaşamasına yönəlib. Bütün bunlar Sizin uzaqgörənliklə həyata keçirdiyiniz uğurlu siyasətinizin məntiqi nəticələridir. Pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə bir müəllim kimi Şəki sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Var olun, cənab Prezident!
Hörmətlə,
Əsgərova Şəmsiyyət Məmməd qızı.
Azərbaycan Respublikası, Şəki şəhəri.   
xxx

Hörmətli cənab Prezident.
Bütün dünyanı bürüyən koronavirus pandemiyası müxtəlif ölkələrdə minlərlə insanın ölümünə səbəb olub. Azərbaycanda isə Sizin verdiyiniz müdrik qərarlar sayəsində bu dəhşətli bəlanın zamanında qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirildi.
Vətəndaşlarımızı epidemiyadan qorumaq, bu bəladan daha az itki ilə qurtulmaq üçün Sizin rəhbərliyinizlə atılmış addımlar hamı kimi, biz - Gəncə ziyalıları tərəfindən də rəğbətlə qarşılanır. Sizin vaxtında verdiyiniz müdrik qərarlarınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirləri təqdir edir və bu addımlar başqa dövlətlərə nümunə göstərilir.
Ulu Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun.
Hörmətlə,
Əliyev Fuad, akademik.
Azərbaycan Respublikası, Gəncə şəhəri. 

xxx

Möhtərəm cənab Prezident.
Bütün dünyanı cənginə almış koronavirusla mübarizədə dövlət başçısı kimi xalqımıza yorulmadan göstərdiyiniz misilsiz xidmətlərinizə görə Sizə təşəkkür edir, dərin ehtiramımızı bildiririk. Sizin uzaqgörən siyasətinizin, hadisələrə real qiymət verməyiniz nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir.
Cənab Prezident, əminik ki, görülən tədbirlər sayəsində bu pandemiyanın ölkəmizdə tezliklə sona çatmasına nail olacağıq. Biz hər zaman Sizinləyik və Sizi dəstəkləyirik. Ulu Yaradan Sizi Azərbaycan dövlətinin və xalqının başı üzərindən əskik etməsin.
Hörmətlə,
Şərifov İslam Müzəffər oğlu, Laçın rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi. 

xxx 

Hörmətli cənab Prezident.
Sizin yürütdüyünüz uzaqgörən siyasət nəticəsində Azərbaycan bütünlüklə dəyişir, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilir. Məhz bu inkişaf, bu dinamika koronavirus epidemiyasının qarşısını vaxtında almağa imkan verdi. Artıq biz bu mübarizədə qələbənin yaxınlaşdığını hiss edirik.
Bir daha əmin olduq ki, hər bir qərarınız vətəndaşın daha yaxşı yaşamasına, rifahının yüksəlməsinə xidmət edir.
Cənab Prezident, daim Sizinlə qürur duymuşuq. Pandemiya ilə mübarizədə göstərdiyiniz fədakarlıq isə tarixə qızıl hərflərlə yazılacaq. Xalqımız göstərdiyiniz fədakarlığınıza görə Sizə təşəkkürünü bildirir, tutduğunuz müqəddəs yolda uğurlar arzulayır.
Hörmətlə,
Qasımov Ramil Famil oğlu
Məmmədova Gülçən Xanlar qızı
Zeynalov Tural Əmrah oğlu
Əliməmmədova Zemfira Rafiq qızı və başqaları.
Azərbaycan Respublikası, Gəncə şəhəri.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31