"Biz – məcburi köçkünlər həmişə Sizinləyik"- PREZİDENTƏ YAZIRLAR
20 Aprel 2020 19:12 SosialAzərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
Füzuli rayon sakini Məmmədova Sevil yazır:
"Möhtərəm cənab Prezident.
Bir vətəndaş olaraq bu ağır günlərdə Sizə minnətdarlıq məktubu yazmağı özümə borc bilirəm.
Mən Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Qayıdış-3 qəsəbəsində yaşayıram. Rayonumuzun hər bir kənd və qəsəbəsi demək olar ki, hər gün dezinfeksiya edilir. Aztəminatlı ailələr, yaşlı və tənha insanlar Sizin tapşırıqlarınız əsasında ərzaq və gigiyena vasitələri ilə təmin olunurlar. Bunların hamısı bütün vətəndaşların gözü önündə baş verir. Son günlərdə imzaladığınız sərəncamlar isə bizi daha çox sevindirir.
Cənab Prezident, xalqımıza ünvanladığınız müraciətlər, çağırışlar bir daha sübut etdi ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. Biz füzulililər inanırıq ki, məmləkətimizə üz tutan bu koronavirus bəlasına həmrəyliyimiz sayəsində qalib gələcəyik.
Möhtərəm cənab Prezident, biz Sizinlə fəxr edirik. Bu ağır günlərdə Sizə dəstək olaraq "Evdə qalaq, sağlam olaq" çağırışınıza əməl edirik. Biz - məcburi köçkünlər həmişə Sizinləyik. Allah Sizi və ailənizi qorusun."