Xalq öz prezidenti ilə həmrəydir- .ŞƏRH

"Yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı, onun sağlamlığı və rifahı dayanır"

Hələ koronavirusun yayılmağa başladığı ilk günlərdən, konkret olaraq  yanvarın 24-də dövlət başçısının göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Martın 3-də ölkədə bütün təhsil müəssisələri, ali və orta ixtisas məktəblərində dərslər dayandırlıb, toy və yaslara qədər bütün kütləvi tədbirlər ləğv edilib. Karantinin mərhələli şəkildə martın 24-dən aprelin 20-nə qədər uzadılıb və əhalinin qorunması üçün tədbirlər sərtləşdirilib: ticarət, əyləncə, idman mərkəzləri fəaliyyətini dayandırıb, restoran, park və ictimai istirahət yerləri bağlanıb. Beynəlxalq nəqliyyat və Bakı metropolitenin fəaliyyəti dondurulub. Ölkə vətəndaşları üçün xüsusi karantin rejimi tətbiq edilmiş, 65 yaşdan yuxarı şəxslərə evdən çıxmaq qadağan olunub. Bəzi dövlət və özəl müəssisələrdə çalışanlar istisan olmaqla, Azərbaycanın qalan sakinlərinə yaşayış yerlərini yalnız xüsusi ehtiyac yaranan zaman SMS göndərməklə yalnız 1 dəfə 2 saatlıq tərk etməyə icazə verilib. Aprelin 18-də isə insanların həyat və sağlamlığının daha yaxşı müdafiəsi, həmçinin, virusun yayılma sürətini kəskin azaltmaq üçün xüsusi karantin rejiminin mayın 4-də qədər uzadılması barədə qərar verilib. Prezidentin hər bir Azərbaycan vətəndaşının qayğısına qalması yalnız məhdudlaşdırıcı tədbirlərlə deyil, əhalini aztapılan müdafiə vasitələri ilə təmin edilməsində də göstərib. Ölkə başçısının sətəncam və birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarəti altında gündəlik 120 min, gələcəkdə isə 250 min tibbi maska istehsal edəcək müəssisənin işə başlaması təmin edilib. Bundan başqa, ölkədə tibbi spirt və digər dezinfeksiya vasitələrinin istehsalı təmin olunub. Pandemiya fonunda açılışı payızda gözlənilən xəstəxananın açılışı önəmli hadisələrdən oldu. Ölkənin ən böyük xəstəxanalarından biri 575 çarpayından ibarətdir və müasir tibbi avadanlıqla təchiz olunub.

Dövlət başçısının koronavirusa qarşı mübarizə vasitələri təkcə sosial izolyasiya tədbirləri ilə bitmir, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə də önəm verilir. Belə ki, ölkədə koronavirusun təsirindən makroiqtisadi və maliyyə vəziyyətinin sabit saxlanılması üçün 2,5 milyard vəsait ayrılıb. Bundan əvvəl də ayrılmış bir milyard manat vəsait isə pandemiyanın vurduğu ziyanın qaldırılmasına yönəldilib. 44 min sahibkarlıq subyektində çalışan 300 min nəfərdən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsi dövlət tərəfindən ödəniləcək. 290 min nəfərdən çox mikro və fərdi sahibkar da dövlət dəstəyindən faydalanacaq, dövlət sektorunda çalışan 900 min nəfərdən artıq işçinin, qeyri-neft sektoru üzrə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin ediləcək. Həmçinin 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Qeydiyyata düşmüş işçilər üçün birdəfəlik 190 manatın ödənilməsinə başlanılıb. Bununla kifayətlənməyən ölkə prezidenti birdəfəlik ödəmə alanların sayının 200 mindən 600 minə qaldırılması ilə bağlı öz tapşırıq verib. Koronavirusa qarşı mübarizə tədbirlərində nəzərdə tutulmuş bir çox əlavə məsələlər də bilavasitə insanların sosial müdafiəsinin təmin olunmasına xidmət edir. Konkret olaraq  elektrik enerjisinin aylıq istehlak həcminin iki ay müddətində artırılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailə üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi haqqındakı qərarlar da müvafiq planın tərkib hissəsidir.

Sadalanan faktlar deməyə əsas verir ki, bu gün dövlət və dövlətimizin rəhbəri xalqın yanındadır. Xalq da öz Prezidenti ilə həmrəy olduğunu, onu dəstəklədiyini nümayiş etdirir. O da etiraf edilməlidir ki, koronavirusla mübarizə həm də Azərbaycandakı milli həmrəyliyin, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təsdiqi oldu. Məhz dövlət başçısının xalqa dəstək proqramlarının şahidi olan ölkə vətəndaşları  Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər. Yeri gəlmişkən qeyd edək ki, dövlət başçısına ünvanlanan  təşəkkür məktublarının coğrafiyası və sosial tərkibi genişdir. Elə dövlət başçısına ünvanlanan məktublar da dediklərimizi bir daha sübut edir. İsmayıllı rayon ağsaqqalları adından ünvanlanan məktubda deyilir:

"Möhtərəm cənab Prezident. Biz - İsmayıllı ağsaqqalları dünyanı bürüyən koronavirusa yoluxmamaq üçün evdə qalmaq tələbinizi mütləq şəkildə yerinə yetiririk. Sizin milli köklər üzərində bərqərar olan rəhbərliyiniz sayəsində dövlət bizim hər qayğımızı çəkir. Həyat fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi, pandemiyaya qarşı mübarizədə də Azərbaycanı çox ölkələrdən fərqləndirən Sizin müdrik rəhbərliyiniz, xalqımıza tükənməz sevginiz, ölkəmizin taleyi üçün hamıdan çox məsuliyyət daşımağınızdır. Ölkə iqtisadiyyatının bu acınacaqlı vəziyyətdən minimum itki ilə çıxması üçün Siz ən səmərəli tədbirlər həyata keçirməklə yanaşı, həm də mövcud resursları insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldirsiniz. Fəxr edir, qürur duyur və bu çətin anlarda sevinirik ki, rəhbəri olduğunuz, əbədi müstəqilliyə çatmış Azərbaycanın vətəndaşlarıyıq. Pənah Allaha, ümid dövlətimizə və Prezidentimizədir. Hörmətli cənab Prezident, evdə qalmışıq, lakin ictimai fəallıqdan qalmamışıq. Yaxşı görürük ki, Sizin sərəncam, göstəriş və tövsiyələriniz İsmayıllı rayonunda da geniş miqyasda həyata keçirilir. Ehtiyacı olan hər bir ailə Sizin diqqət və qayğınızın ünvanıdır. Bütün bunlara görə Sizə minnətdarıq. Tanrı Sizi, xalqımızı və Azərbaycanımızı qorusun.

"Əziz Prezidentimiz. Dünyanı bürüyən koronavirus epidemiyası Azərbaycana da təsirsiz ötüşməyib. Tibbin ən inkişaf etdiyi ölkələrin belə bu xəstəliklə mübarizədə aciz qaldığı bir vaxtda Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına səfərbər edib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı, onun sağlamlığı və rifahı dayanır. Cənab Prezident, bir vətəndaş kimi əminəm ki, xalqımız bu bəladan tezliklə və az itkilərlə xilas olacaqdır. Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar isə daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Möhtərəm Prezident, ölkəmiz üçün taleyüklü məsələlərin həlli ilə yanaşı, bizə - məcburi köçkünlərə qayğınızı davam etdirməyiniz, Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün inşa olunaraq istifadəyə verilmiş 645 ailəlik üç müasir tipli qəsəbədə bizə evlərin təqdim edilməsi mənzil-məişət şəraitimizi yaxşılaşdırmaqla bizi ürəkdən sevindirir. Bizə göstərdiyiniz bu davamlı qayğıya görə Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Biz - məcburi köçkünlər həmişə olduğu kimi, bu çətin günlərdə də kimin kim olduğunu yaxşı görür, müxalifətin pozucu əməllərini və qarayaxmalarını qətiyyətlə pisləyirik. Varlığımız qədər əminəm ki, Sizin rəhbərliyinizlə xalqımız hələ çox uğurlara imza atacaqdır. Sizə bu şərəfli fəaliyyətinizdə cansağlığı və nailiyyətlər arzulayıram."Bunu  isə Laçın rayonunda məcburi köçkün  Dünyamalıyev Məhərrəm yazıb.

xxx

Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Məhəmmədov Fazil isə yazır: "Möhtərəm cənab Prezident. Xalqımızın bütün dünyanı bürümüş koronavirus infeksiyasından qorunması məqsədilə qəbul etdiyiniz qərarlar və həyata keçirdiyiniz məqsədyönlü tədbirlər ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da sakinlər tərəfindən, o cümlədən yaşlı nəslin nümayəndələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Sizin bununla əlaqədar xalqa müraciətinizdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışınız bütün kateqoriyadan olan insanları bir araya gətirdi. Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir. Yaşı 65-dən yuxarı tənha insanlara sosial xidmətlərin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarınız bizim heç də tənha olmadığımızı, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğumuzu nümayiş etdirdi. Bu qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq."

Dövlət başçısına ünvanlanan təşəkkür məktublarından aydın olur ki, xalq prezident İlham Əliyevin həyata keçirdiyi koronavirusa qarşı mübarizə tədbirlərini dəstəkləyir. Bu işdə həmrəylik nemayiş etdirməklə ölkə başçısına dəstək olduqlarını ifadə edirlər. Məhz bu kimi amillər iqtidarla xalq birliyinin nümunəvi təcəssümüdür.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31