Koronavirusun insan övladına düşünmək üçün verdiyi fürsət

Fikrət Yusifov: "İnsan övladı nəticə çıxarda bilməsə, mütləq COVİD -20 və COVİD -21 gələcək"

Dünyanı bürüyən koronavirus pandemiyası bəşər övladına bundan sonra atacağı addımları, yaşam tərzini yenidən gözdən keçirməyi zəruri etdi. Düzdür, hələlik bu bəladan tam xilas olmasaq da, ancaq indidən postpandemiya dövrü barədə danışlır, atacağımız addımlar müəyyən edilir, bəzi ehtimallar irəli sürülür. Ancaq bəzi analitiklər, ekspertlər isə hələ də koronavirus bəlasının haradan qaynaqlandığı, nədən irəli gəldiyini aydınlaşdırmağa çalışırlar. İqtisad elmləri doktoru, professor Fikrət Yusifov dünya güclərinin dünyanı təhdid edən iki ciddi problem - planetdə istiləşmənin və dünya iqtisadiyyatında borcların fantastik bir sürətlə artmasının qarşısını almaq üçün bu virusu düşünülmüş şəkildə ortaya çıxardıqlarını qeyd etməklə yanaşı, günümüzdə bəşəriyyəti, hər birimizi narahat edən, lakin onun həllinə maraq göstərilməyən problem barədə da danışıb. Fikrət Yusifovun sözlərinə görə, bu gün də həmin fikirdə qalır ki, planetdə istiləşmənin və dünya iqtisadiyyatında borcların fantastik bir sürətlə artmasının qarşısını almaq üçün bu virus  düşünülmüş şəkildə ortaya atılıb: "Ancaq bu gün bəşəriyyəti ciddi narahat edən və göstərdiyim problemlərdən heç də geridə qalmayan daha bir problem barəsində danışmaq istəyirəm. Dünyada qida çatışmazlığı səbəbindən hər gün on milyonlarala insanın acından öldüyü bir dönəmdə, insanların etdikləri ifrat israfçılığın nə demək olmasına diqqət çəkək. Dünyada insanların etdikləri israfçılıqlardan çoxlu nümunələr gətirmək mümkündür. Təkcə ikicə faktı qeyd etməklə bunu açıq şəkildə görə bilərik. Milyonların aclıq keçirdiyi bir dönəmdə, insan övladının böyük "təmtəraqla" təşkil etdiyi toy və yas məclislərində yol verilən israfçılıq necə izah oluna bilər? Bir insan bir axşam şam yeməyində 15-20 növ yemək yeyə bilərmi? Bir insanın şam yeməyi normalda nə qədər xərc tutar? Bir toy masasının dəyəri 500 manat ola bilərmi? Bu qədər pula bir orta böyüklükdə olan zooparkın heyvanlarını bir gün ərzində yemləmək olar". İqtisadçı deyib ki, əzizini qəflətən itirmiş bir kasıbın təşkil etdiyi yas məclisində məclisdə 1000 adamın "iştirakı", sonradan bu adamın illərlə borc ödəməsi deməkdir: "Belə ehsan dünyasını dəyişmiş əziz bir insanın ruhunu nə qədər şad edə bilər? Suallar çoxdur. Mən 2016-cı ilin ortalarında kasıb həyat tərzi keçirən uzaq bir qohumun övladının toy məclisinə dəvət olunmuşdum. Toyun sonuna yaxın masaların üzərində bu toyda iştirak edənlərin ehtiyacından on dəfədən çox yeməyin qaldığını görüb heyrətləndim. Əslində bu yenilik deyildi və məni təccübləndirən isə o idi ki, bir neçə gün öncə həmən o "500 manatlıq" masası olan bir toyda da buna bənzər mənzərənin şahidi olmuşdum. Bu günlərdə oxudum ki, islam ölkələrinin birində qardaşlar gedib illərlə xaricdə çalışır və pul yığırlar ki, " ailə qurmaq üçün növbəsi çatan qardaşa "el adəti ilə" təmtəraqlı toy edə bilsinlər. Şərqdən bununla bağlı daha bir eybəcər misal. Hindistanda toyun təmtəraqlı keçməsi üçün orada daha çox insanın iştirakını təmin edən xüsusi ixtisaslaşmış kompaniyalar fəəaliyyət göstərir. Toy sahibi bu kompaniyalara böyük pullar ödəyir ki, onlar toya daha çox adam dəvət etsinlər. İnsanlığın faciəsi... Hindistanda aclıqdan hər gün nə qədər adam ölür? Yəqin ki, belə toylara dəvət olunan yad qonaqlardan on dəfələrlə çox. Bütün bunlar pozulmuş insan pisxologiyasının məhsuludur - buna başqa ad vermək olmaz".
Fikrət Yusifov onu da diqqətə çatdırıb ki, bu gün dünyada 850 milyon və ya hər 9 adamdan biri aclıq keçirir: "Bu qədər insanın 550 milyona qədəri və ya 65 faizi təmtəraqlı məclisləri ilə fərqlənən Asiya ölkələrinin payına düşür. 270 milyona qədər insan Afrikada aclıq içində yaşayır. Hər il dünyada aclıqdan 6 milyon uşaq ölür. Düşünmək üçün bu rəqəmlər yetərli deyilmi? Koronavirusun insan övladına düşünmək üçün verdiyi fürsət bir dəfə olacaq. İnsan övladı nəticə çıxarda bilməsə, mütləq COVİD -20 və COVİD- 21 gələcək və onda COVİD 19-un sadə bir xəbərdarlıq olduğunu hər kəs yaxşı anlayacaq".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31