Dəstək proqramları əhalinin sosial təminatının bərqərar olmasını təmin edir
20 Aprel 2020 10:51 SosialDövlətin həyata keçirdiyi sosial siyasət əhalinin rifah halının yaxşılaşmasına hədəflənib
Dünya iqtisadiyyatını çökdürmək dərəcəsinə çatdıran koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Məlum səbəblərdən ölkəmizin dünya ölkələri ilə ticari və iqtisadi əlaqələrinin zəifləməsi heç şübhəsiz ki, iqtisadi gəlirlərin azalmasına səbəb olub. Üstəlik dünya bazarında neftin qiymətinin düşməsi ölkənin gəlirlərinə təsirsiz ötüşməyib. Bütün sadalananlara baxmayaraq, Azərbaycanda heç bir sosial layihə dayandırılmayıb, əksinə koronavirusun iqtisadiyyata və insanlara vurduğu ziyanın aradan qaldırılması məqsədilə yeni sosial proqramları həyata keçirilir. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Etiraf edilməlidir ki, dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən dəstək proqramları biləvasitə əhalinin rifah halının yaxşılaşması, eləcə də sosial təminatın bərqərar olmasına hədəflənib. Məhz bunun nəticəsidir ki, hazırda tətbiq olunan dəstək proqramında qarşıya qoyulan əsas məqsəd vətəndaşların iş yerlərinin və əməkhaqlarının qorunmasından ibarətdir. Konkret olaraq bu məqsədlə dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Belə ki, müvafiq dövlət qurumu tərəfindən yaradılan elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Beləliklə, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə isə 719 min olmaqla ümumilikdə 1 milyon 629 min işçinin sosial müdafiəsi təmin olunub. Qeyd edək ki, qeyri-dövlət sektorunda mövcud iş yerləri qorunub saxlanılmaqla, əmək müqavilələrinin sayı artmaqda davam edib. 2020-ci ilin 1 aprel tarixinə özəl sektorda əmək müqavilələrinin sayı 664 119 olubsa, bu göstərici 715 mini ötüb. Beləliklə, qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayında 1 aprel tarixindən 51 min müqavilə, 1 yanvar tarixindən isə 73 min müqavilə artımı olub. Dəstək proqramında paralel olaraq 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir.
xxx
Dəstək proqramında əksini tapan digər mühüm məsələ əhalinin məşğulluq imkanlarının artırılmasından ibarətdir ki, bu məqsədlə məşğulluq orqanlarının fəaliyyəti nəzərəçarpacaq dərəcədə gücləndirilib. Belə ki, DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər. Həmçinin işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində - 2 günə ödənişlərə başlanılıb. Ümumilikdə 9-17 apreldə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Ödəniş bank filialları və ya poçt şöbələri vasitəsilə təmin edilir.
Millət vəkili Məşhur Məmmədov qeyd edib ki, hazırda dünyada, eləcə də, ölkəmizdə insanların sağlamlığı üçün təhlükə yaratmış koronavirus pandemiyasına qarşı tədbirlər görülməkdədir: " Prezident İlham Əliyevin rəhbərliyi ilə cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair müşavirədə də ən geniş yer dünyada tüğyan edən koronavirus pandemiyasına qarşı Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərə həsr olundu. Cənab prezidentimiz müşavirədə bir daha vurğuladı ki, Azərbaycan modeli dünyanın bir çox ölkələrində tətbiq olunmaqdadır. Hətta Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanın atdığı addımların müsbət nəticə verdiyini təsdiqləyib. Bu çox yaxşı haldır ki, koronavirus pandemiyasına qarşı xalq və dövlət birgə formada addım atır. Xalqımız verilən hər bir qərara hörmətlə yanaşır. Necə deyərlər, "Biz birlikdə güclüyük!". Hesab edirəm ki, dünyanın da üzləşdiyi belə çətin bir vaxtda koronavirusa qarşı daha əzmlə bir yerdə mübarizə aparmalıyıq".
Millət vəkili Eldar İbrahimov qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman hər birimizi yaxşı mənada təəccübləndirməyi bacarır, yeniliklərə hamıdan və hər kəsdən öncə açıq, hazır olması, cavab verməsi, adekvat reaksiya göstərməsi ilə fərqlənir: "Belə ki, cəmi bir neçə gün öncə Türk Şurasına üzv olan ölkələrin dövlət və hökumət başçılarının videokonfrans vasitəsilə tarixi və fövqəladə Zirvə görüşünü reallaşdıran, öz təmkini, müdrikliyi, fəhmi ilə hər kəsin bir daha rəğbətini qazanan, tarixi çıxışı, verdiyi önəmli təklifləri və mesajları ilə yaddaşlarda qalan ölkə Prezidenti dünən daha bir yeniləyə, ilkə imza ataraq, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirdi. Şəxsən belə hesab edirəm ki, bu, tarixi və yaddaşlardan silinməyəcək bir müşavirədir". Onun sözlərinə görə, ölkə Prezidentinin keçirdiyi bütün müşavirələr, konfranslar, forumlar öz müstəsnalığı, tarixiliyi ilə yaddaşlara həkk olunub, ancaq dünənki müşavirəni zirvə hesab etmək olar: " Bu müşavirə bir daha ölkə Prezidentinin bütün situasiyalara hazır olduğunu, əsl Rəhbərlik, Liderlik keyfiyyətlərini özündə əks etdirdi. Göstərdi ki, əsl Lider və Rəhbər necə olmalıdır, heç bir qəfil situasiya onun təmkinini və müvazinətini pozmamalıdır. Ölkə Prezidenti nitqində ilin əvvəllərində və pandemiyada dövründə yaşananlara toxunaraq, yenə də çıxışını nikbin notlar üzərində qurdu, üçaylıq göstəricilərin ümumən normal, qənaətbəxş olduğunu və pandemiya olmasaydı, daha böyük irəliləyişlərin, uğurların olacağını bildirdi. Qeyd etdi ki, bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Odur ki, bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qorumaq mümkün olsun. Doğrudan da, elə çıxışda da qeyd edildiyi kimi, hamımız istəyirik ki, ölkədəki xüsusi karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar. Eyni zamanda, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Bəli, bu, əsl Lider, Rəhbər mövqeyi və yanaşmasıdır".
Zəka