Azərbaycan vətəndaşlarının sosial müdafiəsi daha da gücləndirilir
20 Aprel 2020 10:18 SosialBu, iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması nəticəsində mümkün olub
Azərbaycanda həyata keçirilən sosial iqtisadi islahatlar dünyada baş verən qlobal geriləməyə dirəniş nümayiş etdirərək bu tənəzzüldən maksimum az itgilrlə çıxmağa imkan yaradır. Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəklində keçirilən müşavirə bir daha göstərdi ki, ölkə iqtisadiyatının dayanıqlığı təmin olunub və heç bir geriləmədən söhbət gedə bilməz. Əksinə, ölkə iqtisadiyyatının dayanıqlılığı nəticəsində koronavirus pandemiyasının vura biləcəyi zərərlərin qarşısının alınması üçün geniş sosial-iqtisadi paket həyata keçirilir.
Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, müşavirədə bu ilin üç ayı ərzində görülən işlər geniş müzakirə olundu, eləcə də dövlətimizin başçısı qarşıda duran vəzifələrlə bağlı hökumətə müvafiq tapşırıqlar verdi. Onun sözlərinə görə, Prezident İlham Əliyev müşavirədə koronavirusla mübarizə tədbirləri, pandemiyanın genişlənməməsi üçün qabaqlayıcı tədbirlər, sosial-iqtisadi durum, belə bir şəraitdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı fikirlərini ifadə edib: "Müşavirədə bu fikir xüsusi qeyd edildi ki, 2020-ci ilin yanvar-fevral aylarının sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə Azərbaycanın iqtisadiyyatının möhkəm təmələ əsaslandığını böyük əminliklə qeyd edə bilərik. Bu dövrdə ümumi daxili məhsul 3 faizə yaxın artıb. Qeyri-neft sektorunda artım 7 faizə yaxındır. Müşavirədə pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanın aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən, imzalanın Fərman və sərəncamlardan, bu səndələrə uyğun olaraq Nazirlər Kabinetinin qəbul etdiyi qərarlardan və onların uğurlu icrasından geniş bəhs olunaraq vurğulanıb ki, pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır". Millət vəkili onu da qeyd edib ki, görülən işlər gələcəyə nikbinliklə baxmağa əsas verir. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması əsasında sosial müdafiə gücləndirilir, ölkəmizdə işsizlik və yoxsulluq səviyyəsi aşağı enir: "Son 16 ildən artıq dövr ərzində həyata keçirilən Dövlət proqramları nəticəsində paytaxt və bölgələr arasında fərq tamamilə aradan qaldırılıb, bütün rayon, kənd və qəsəbələrin siması dəyişıb, infrastruktur müasir standartlara uyğun yenilənib. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu əminliyi də ifadə edib ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ölkə Prezidenti bu mühüm məqamı da xüsusi qeyd etdi ki, görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Müşavirədə dövlətimizin başçısı radikal müxalifətin ölkəmizin və xalqımızın əleyhinə yönəlmiş fəaliyyətini pisləyib. Əlbəttə ki, antiazərbaycançı mərkəzlərin maraqlarına qulluq göstərən radikal müxalifətin, "5-ci kolon"un belə fəaliyyəti yolverilməzdir. Onlar xaricdən sifariş alaraq ölkəmizdə qarşıqlıq yaratmaq istəyirlər. bu da onu göstərir ki, belələri üçün milli dəyərlər, müstəqil dövlətçiliyimiz və milli maraqlarımız yaddır və onlar xaricdəki antiazərbaycan dairələrin əlində alətə çevrilib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı və cəmiyyəti onları rədd edir".
Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki,"Prezident İlham Əliyevin cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair müşavirədə etdiyi çıxış hər bir vətəndaşa verilən qiymətin mühüm göstəricisidir. Deputat qeyd edib ki, ölkə rəhbərinin vurğuladığı kimi Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasətin yürüdülməsi nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq: "Prezidentin çıxışından da tam aydın oldu ki, dövlət başçısı üçün insanların sağlamlığı hər şeydən üstündür. Dünya dövlətləri ilə müqayisədə Azərbaycanın atdığı addımlar, təxirəsalınmaz qərarlar hökumətin məhz hər bir vətəndaşın sağlamlığının qeydinə qalmasına bariz nümünədir. Vacib məqamlardan biri də Prezident İlham Əliyevin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamı hər şeydən öncə dövlət başçısı tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir". Deputat vurğulayıb ki, ölkə başçısının milli valyuta ilə bağlı verdiyi açıqlama cəmiyyətdə yaranmış müəyyən narahatlığa da son qoydu: "Prezidentin ölkə iqtisadiyyatının gələcək perespektivləri ilə bağlı tapşırıqlara, makroiqtisadi vəziyyətin sabit saxlanılması ilə bağlı verdiyi tövsiyyələrə əsaslanaraq əminliklə söyləyə bilərik ki, Azərbaycan bir çox dövlətlərlə müqayisədə yaranmış vəziyyətdən üzüağ çıxacaq. Hər bir ölkənin uğurlu inkişafı ilk növbədə aparılan siyasətin məqsədyönlülüyündən və hədəflərin düzgün müəyyənləşdirilməsindən asılıdır. Cənab İlham Əliyevin siyasi islahatların aparılması ilə bağlı söylədiyi fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinə inamla keçdiyini göstərir. Dünyanı cənginə almış pandemiya dövründə xalq və dövlətin vəhdət şəkildə addım atması, verilən qərarlara sayğı ilə yanaşma, o cümlədən aidiyyəti qurumların vətəndaşlara olan münasibəti, operativ şəkildə məlumatlandırma, sosial vəziyyətin normallaşdırılması yönündə verilən qərarlar vətəndaş və dövlət arasında qarşılıqlı anlaşma və birliyin göstəricisidir. Azərbaycanın siyasi arenasında gəncləşmə, kadr dəyişiklikləri, müxalifət nümayəndələrinin Parlament rəhbərliyində, komitələrdə təmsil olunması bir daha sübut edir ki, istənilən konstruktiv siyasi qüvvə üçün qapılar açıqdır. Ölkənin inkşafına, onun milli maraqlarına zərbə vurmağa çalışan destruktiv qüvvələr isə həmişəki kimi iflasa məhkumdur. Əminliklə söyləyə bilərik ki, bu birliyə heç bir şəxsi maraqlarını güdən siyasi qüvvələr xələl gətirə bilməz. Dövlət başçısı İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulub. Cənab İlham Əliyevin müşavirədə etdiyi çıxış bir daha sübut etdi ki, Azərbaycan güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malikdir".
Nurlan