Azərbaycan pandemiyaya qarşı mübarizəni uğurla həyata keçirən az sayda ölkələrdən biridir
20 Aprel 2020 08:32 SosialAzərbaycan bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ciddi şəkildə mübarizə aparır. Virusun yaxın və uzaq qonşularımızda yayılmağa başladığı ilk gündən həyata keçirilən tədbirlər, görülən qabaqlayıcı tədbirlər pandemiyanın Azərbaycana təsirlərini minimuma endirdi. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ötən həftə cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair keçirdiyi videomüşavirədə zamanı çıxışında bu məsələyə toxunub. Dövlət başçısı bildirdi ki, koronavirus böyük bəladır, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır: "Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Biz bunu görürük".
xxx
Dövlət başçısının bunun ardınca iqtisadi sektora cavabdeh olan iki yüksək çinli məmurla videokonfrans keçirməsi və pandemiyadan zərər çəkmiş vətəndaşlara yönəlik yardımların davam etdirilməsi barədə tapşırıqlar verməsi cənab Prezidentin vətəndaş məmnunluğuna nə dərəcədə önəm verdiyi ortaya qoyur. Elə əksər ekspertlər də hesab edirlər ki, Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının rəhbərliyi altında koronavirus əleyhinə gördüyü tədbirlər öz müsbət nəticəsini verir. Millət vəkili Nəsib Məhəməliyev deyib ki, cənab Prezidentin, koronovirus pandemiyası ilə əlaqədar imkansız ailələrə dövlət tərəfindən edilən 190 manat yardımın, əvvəl qəbul olunmuş qərara görə 200 min insana yox, 600 min insana verilməsi barədə tapşırıq verməsi ölkə əhalisi tərəfindən çox yüksək qiymətləndirilib. Deputat vuğulayıb ki, müşavirədə verilən digər tapşırıqlarla bərabər, belə bir həssas zamanda, dövlətin imkansız vətəndaşının yanında yer alması, istənilən cəmiyyət üçün tipik sayıla biləcək sosial-psixoloji gərginliyin aradan qaldırılmasına xidmət edir: "Respublikaya rəhbərlik etdiyi illər ərzində, ölkə başçısı dəfələrlə, müxtəlif texnogen hadisələr zamanı öz xalqının yanında olduğunu sübut edib, qarşıda duran problemlərin operativ qaydada həllini təmin edib, bir çox məsələlərdə isə, uzaqgörənliklə, qabaqlayıcı tədbirlər görüb. Bütün bunlar haqlı olaraq xalq tərəfindən qiymətləndirilir və bu tipli çətin sınaqlardan sonra siyasi hakimiyyət-xalq birliyi daha da möhkəmlənir". Nəsib Məhəməliyev bildirib ki, karantin rejimi tətbiq olunduqdan sonra, bir çox insanlarımız iş yerlərini müvəqqəti də olsa itirmək məcburiyyətində qaldıqlarına görə, ələlxüsus əhalinin maddi cəhətdən imkansız hissəsi səbrsizliklə dövlətin müəyyən etdiyi 190 manat məbləği gözləyirdilər: "Etiraf etmək lazımdır ki,əvvəl elan olunmuş 200 min insan problemi həll etməməklə yanaşı, cəmiyyətdə bəzi narazılıqlara səbəb olurdu. Bu barədə, konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, sözügedən kateqoriyadan olan insanlarla bağlı siyahının genişləndirilməsinə zərurətin olduğunu bildirmişdim. Şükürlər olsun ki, ölkə Prezidenti xalqın nigarançılığını aradan götürdü və icraçılara maksimum şəffaflığın təmin olunmasını tapşırdı. Bəşəriyyətin pandemiya ilə mübarizə apardığı, dünya siyasi düzəninin dəyişməsindən tutmuş, yeni iqtisadi- siyasi, ictimai münasibətlərin formalaşdığı bir dövrdə hər bir məmurdan yüksək səviyyəli insanlıq nümunəsi, şəffaflıq, dürüstlük tələb olunur. Ədalətli qərarların qəbul olunması isə, məmurların hazırladığı və təqdim etdikləri məlumatlardan bilavasitə asılıdır".
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə qeyd edib ki, İlham Əliyev koronavirus pandemiyasına qarşı mübarizədə fəallığı ilə seçilən liderlərdən biridir. Onun sözlərinə görə, aprelin 17-də Prezident İlham Əliyevin nazirlərlə daxili videokonfrans zamanı karantin rejiminin uzadılmasının zəruriliyi barədə səsləndirdiyi fikirlər bir daha dövlət başçısının Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə sahəsində görülən işləri intensiv nəzarətdə saxladığını və eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində pandemiya ilə bağlı prosesləri diqqətlə izlədiyini göstərdi: "Prezident öz mövqeyini kifayət qədər tutarlı arqumentlərlə əsaslandırdı və bundan sonra atıla biləcək addımların anonsunu verdi. Belə ki, dövlət başçısı qeyd etdi ki, "istisna edilmir ki, aprelin 20-dən sonra uzadılacaq karantin rejimi çərçivəsində belə biz müəyyən sahələri aça bilərik. Çünki biz indi dünya praktikasına da baxırıq, artıq bir neçə ölkədə, o cümlədən inkişaf etmiş ölkələrdə belə təşəbbüslər irəli sürülür. Ona görə ki, bu karantin rejimi hər bir ölkənin iqtisadiyyatına çox mənfi təsir göstərir və bu təsir nə qədər davam edəcək, biz bunu deyə bilmirik. Ona görə biz addımlarımızı elə atmalıyıq ki, bu müddət ərzində postkarantin dövrünə daha hazırlıqlı olaq". Prezidentin bu sözləri onun hazırki situasiyanı tamamilə düzgün dəyərləndirdiyini və eyni zamanda yaxın perspektivdə proseslərin hansı məcrada inkişaf edəcəyini uzaqgörənliklə proqnozlaşdırdığını nümayiş etdirir. Ümumiyyətlə, İlham Əliyev koronavirus pandemiyasına qarşı mübarizədə fəallığı və effektivliyi ilə seçilən liderlərdən biridir". DADP sədri deyib ki, sözügedən videokonfransda İlham Əliyev iqtisadiyyat nazirinə və əmək və əhalinin sosial müdafiəsi nazirinə xitabən bildirdi ki, əlavə tapşırıqlar veriləcək, çünki pandemiya davam edir: "Prezident həm də bu tapşırıqların və bundan sonra görüləcək tədbirlərin əsas qayəsini nazirlərin diqqətinə çatdırdı:"Baxmayaraq ki, Azərbaycanda vəziyyət nəzarət altındadır, biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə görməliyik. Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Eyni zamanda, təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir". Gördüyümüz kimi dövlət başçısı bu fikirləri ilə həm dövlətin prioritetlərini bir daha hər kəsin diqqətinə çatdırmış oldu, həm də pandemiyanın davam etdiyi dövrdə hökumətin səmərəli fəaliyyət göstərməsi üçün "yol xəritəsi"ni cızdı. İnsanların sağlamlığını və iqtisadi fəallığı paralel şəkildə qoruyub saxlamaq ölkə rəhbəri tərəfindən proseslərə ən düzgün və optimal yanaşma nümunəsidir". Əlisahib Hüseynov deyib ki, koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlərin icrası və postkarantin dövrünə hazırlıq istiqamətində sosial-iqtisadi məzmunlu işlərin görülməsi bundan sonra da davam etdiriləcək: "Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində həm vətəndaşların sağlamlığını və rifahını, həm də ölkənin iqtisadi fəallığını qorumaq vəzifəsini paralel surətdə uğurla həyata keçirən az sayda ölkələrdən biridir. Bu da müsbət bir haldır ki, Azərbaycanda pandemiya əleyhinə görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də yüksək qiymətləndirilir və ÜST-ün rəhbəri öz çıxışlarında Azərbaycanı digər ölkələrə də nümunə göstərir. Çünki Azərbaycanda yoluxanların, dünyasını dəyişənlərin sayının az olmasının əsas səbəbi hökumətin pandemiyaya qarşı mübarizə tədbirlərinə, önləyici addımlara vaxtında start verməsidir. Son iki ay ərzində pandemiyanın əhalinin sosial durumuna mənfi təsirlərinin minimallaşdırılması üçün görülən operativ tədbirlər ölkəmizdə sosial siyasətin effektivliyini göstərir. Bu gün bir çox sadə vətəndaşlarımız tərəfindən Prezidentə yazılan təşəkkür məktubları və ismarıcları da koronavirus pandemiyasının fəsadlarına qarşı dövlətin gördüyü işlərə ictimai dəstəyin ifadəsidir".
Süleyman