190 manata görə qeydiyyatdan keçənlərin nəzərinə
17 Aprel 2020 09:28 Sosial190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən xeyli insan var. Lakin onların əksəriyyətinə ödəmənin təyin olunub-olunmaması ilə bağlı bildiriş göndərilməyib. Dövlət Məşğulluq Xidməti bildirişlərin göndərilməmə səbəbini və onlayn qeydiyyat bölməsində edilən yenilikləri açıqlayıb.
Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızının sözlərinə görə, birdəfəlik ödəmə üçün minlərlə müraciət var. Artıq 120 min nəfərə birdəfəlik ödəmə təyin olunub.Vətəndaşlara ödəmənin təyin edilməsi sms-ləri ilə yanaşı, imtina bildirişləri də göndərilir. Artıq 20 min nəfərə imtina sms-i göndərilib. Cavab mesajlarının göndərilməsi ilə bağlı konkret bir müddət yoxdur.
Qeydiyyatdan keçən bütün şəxslərə yaxın günlərdə bununla bağlı bildirişlər göndəriləcək. Daha bir məsələ isə E-sosial portalının "Onlayn Müraciət" bölməsində yeniliyin edilməsidir.
Hazırda qeydiyyat zamanı "həyat yoldaşının FİN kodu" hissəsində onun əcnəbi olması və digər seçimlər qoyulub. Əvvəl isə bu yox idi və FİN kodun yazılması məcburi idi. Ona görə də bəzən vətəndaşlar həmin hissəyə müxtəlif hərf və rəqəmlər yazmaqla qeydiyyatdan keçməli olurdular. Həmin şəxslərə də ödəmənin təyin edilməsində problem yaranmayacaq.
Birdəfəlik ödəmə üçün qeydiyyat davam edir.