Pəncərəmə qonan günəş-HEKAYƏ- Məlahət Hümmətqızı
17 Aprel 2020 07:18 SosialMəlahət Hümmətqızı
Hekayə
Günəş üz- gözümü qıdıqlayanda artıq hiss etdim ki, səhər açılıb. Buna baxmayaraq yerimdən qalxmaq istəmirdim. Çünəşin şüalarını üz-gözümdə hiss edirdim. Üzümü çevirib gözlərimi bərk- bərk yumdum. "Ey.. .çəkil" , - dedim. Amma günəş əl çəkmirdi. Üz-gözümü qıdıqlamağa davam edirdi. Gözlərimi açdım. Qalxıb yerimdə oturdum. Bir də gördüm ki, günəş pəncərəmə qonub. "Bu yuxudu?!" deyib yerimdən sıçradım, pəncərəyə sarı qaçdım. Aman Allah, o idi, günəş pəncərəmdə oturub mənə gülümsəyirdi. "Salam" , - dedi və yenə gülümsədi. Heyrət içində donub qalmışdım. Çevrilib otağa bir də baxdım. Onun şüaları hər tərəfə səpələnmişdi.
Üzümü çevirəndə əlini mənə uzadıb "gəl dost olaq", - dedi. Əlimi uzatmağa qorxdum, geri çəkilib arxamda gizlətdim. "Belə də danışa bilərik", - dedim. Heyrət içində onun otağa saçılmış, alışıb yanan qollarına baxdım. "Sən doğurdanmı günəşsən, yoxsa bu yuxudu?" , - deyə soruşdum. Günəşin gözəlliyi məni valeh etmişdi. Amma o suallarıma cavab vermirdi, elə hey gülümsəyirdi. .
Beləliklə, günəş hər səhər pəncərəmə qonur, danışdığı nağıllarla məni xəyalımda göylərə qaldırırdı. Mən səmada uçan quşları, çaxan şimşəyi, küsüb-ağlayan buludları görürdüm. Hər şey mənə o qədər maraqlı gəlirdi ki, mən səmadan geri qayıtmaq istəmirdim.
Bir gün dəcəlliyim tutdu. Günəşə " məni səmalara, buludların üstündə gəzməyə apar" , - dedim. Günəş doldu bulud tək, coşdu şimşək tək, ağladı yağış tək, "sən nə danışırsan, bu mümkün deyil, mən mümkün olmayanı edə bilmərəm", - dedi. Mən də "onda məni danışdırma, çıx get!" - dedim.
Günəş sözlərimdən çox pis oldu. Əvvəlcə susdu, sonra səssizcə pəncərəmdən çəkilib getdi. Bir daha gəlmədi.
Beləcə günlər keçdi.Amma günəş gəlmək bilmirdi. Mənsə günlər ötdükcə onun üçün daha çox darıxmağa başlamışdım. Onu yenə görmək istəyirdim. Hər səhər oyananda gözlərim pəncərəyə dikilirdi. Deyəsən, onun üçün çox darıxırdım. Amma o, gəlmirdi. Günəşi yalnız səmada , buludlar arxasında gizlənən görürdüm. Hər səhər pəncərəyə qaçıb, bəlkə gələr, deyə gözləyirdim. Amma günəş gəlmirdi ki, gəlmirdi. Anlayırdım ki, məndən küsüb.
Bir gün səhər çarpayıda yenə günəşin üz-gözümü qıdıqladığını hiss etdim. Gözlərimi açıb günəşi gördüm. "Günəş!" , - deyə qışqırıb
pəncərəyə qaçdım. Həmişəki kimi gülümsəyirdi. "Harda idin? Səni hər səhər burada gözləyirdim. Bağışla, xətrinə dəydim", -deyib susdum. " Eybi yox, səndən incimirəm, indi mən başqa pəncərəyə qonuram. Orada biri ilə dostluq edirəm, o, çox sədaqətlidir. Məni başa düşür, indi də ora tələsirəm, gəldim səninlə vidalaşım. Əlvida!", - deyib uzaqlaşdı.
İçimdə bir səs qaldı: "Günəş, getmə! Günəş,məni atma!" Amma günəş bunu eşitmədi .lap uzaqda bir pəncərəyə qondu. Təəssüflə arxasınca baxdım, gözlərim doldu...
Bakı. .2005