Regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib
16 Aprel 2020 18:58 SosialAprelin 16-da Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə xüsusi karantin rejimi dövründə nazirliyin idarələrinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.
Olaylar/az bildirir ki, konfransda Mədəniyyət nazirinin müavinləri Rafiq Bayramov, Sevda Məmmədəliyeva, nazirliyin məsul əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və regional idarələrin rəisləri iştirak ediblər.
Videokonfransda çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizdə koronavirus (COVİD-19) infeksiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimi günlərində mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlər, regional idarələrin fəaliyyəti, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, mədəniyyət müəssisələri tərəfindən onlayn şəkildə həyata keçirilən tədbirlər haqqında danışıb.
Mədəniyyət sahəsinin idarə olunmasında yeni yanaşmaların tətbiqinin sürətləndirilməsini zəruriliyini vurğulayan nazir elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, əməkdaşların texnoloji vasitələrdən istifadə bacarıqlarının daha da artırılmasının vacib olduğunu bildirib.
Nazir həmçinin vurğulayıb ki, mədəniyyət sahəsində elektron xidmətlərin daha da inkişaf etdirilməsi məqsədilə nazir müavini Rafiq Bayramovun rəhbərliyi ilə işçi qrupu yaradılıb. İşçi qrupu elektron mədəni xidmətlərin inkişafı ilə bağlı fəaliyyəti təmin edəcək.
Əbülfəs Qarayev sosial şəbəkələr üzərindən fəaliyyətin daha da genişləndirilməsi, aktivliyin artırılması, izləyicilərə mədəniyyət sahəsində baş verən yeniliklərin çatdırılması, elektron xidmətlərin əhatəsinin və səviyyəsinin yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək xüsusi karantin günlərində muzeylərin fəaliyyətindən söz açıb. Bildirib ki, həm paytaxt, həm də region muzeyləri bu müddətdə öz fəaliyyətini onlayn formada davam etdirərək vətəndaşlara xidmət göstərib.
Nazir müavini muzeylərdə elektron xidmətlərin inkişafı, pandemiyadan sonrakı dövrdə də bu istiqamətdə görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sonra videokonfrans Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə davam edib.