Koronavirusa yoluxma hallarının artma səbəbləri nə ilə bağlıdır?
5 Aprel 2020 12:03 SosialDünyanı cənginə almış koronavirus pandemiyası can almaqda davam edir. Qoca, cavan, uşaq bilməyən bu virisin yoluxmasının əhatə dairəsinin genişlənməsi və ondan ölüm hallarının artımı müşahidə olunur. Gerçək reallıq ondan ibarətdir ki, bir müddət əvvəl koronavirusa yoluxma halları qeydə alınmayan ölkələrdə indi ölənlərin sayı günü-gündən artmaqdadır. Mütəxəssislərin qənaətinə görə son günlərdə koronavirusdan ölənlərin sayının artması bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır. Eyni zamanda, ayrı-ayrı ölkələrdə baş verən ölüm halları spesifik xüsusiyyətlərə malikdir. Obyektiv səbəb dedikdə koronavirus pandemiyasının yoluxma istiqamətləri başa düşülür. Həmin istiqamətlər xaricdən gələn vətəndaşlardan yoluxma və daxildən yoluxma kimi müəyyən edilib. Məlum olduğu kimi bu virus 14-28 gün ərzində özünü büruzə verir. Elə buna görə də virusa yoluxanların aşkar edilməsi məqsədilə koronavirusa yoluxmanın ilk əlamətləri müşahidə olunan şəxslər karantinə alnır. Beləliklə 28 gün ərzində aparılan testlərin nəticəsində təbii ki, koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Digər amil isə insanların karantin qaydalarına riayət etmədən sərbəst hərəkətidir ki, nəticədə özləri də bilmədən yaxınlarını, qohum-əqrabalarını virusa yoluxdurmuş olurlar.
Çox təssüf ki, son günlər Azərbaycanda da koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarında artım qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumata görə, aprelin 4-nə olan məlumata əsasən, ölkədə 555 yoluxma faktı qeydə alınıb. Məsələ orasındadır ki, heç bir mütəxəssis rəyini nəzərə almayan bəzi üzdəniraq sosial şəbəkə iştirakçıları bu artımın səbəblərini özlərinəməxsus tərzdə izah etməyə çalışırlar. Halbuki hər gün mütəxəssislər telekanallarda gün ərzində bir neçə dəfə olmaq şərtilə koronavirusun yayılması, ölüm hallarının artması səbələri və ondan qorunma yolları barədə izahat işi aparırlar. Buna baxmayaraq hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı sosial şəbəkələrdə qeyri-müəyyən mülahizələr irəli sürülür. Lakin ölkə vətəndaşları heç bir panikaya uymadan bilməlidirlər ki, Azərbaycanda infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, Azərbaycan öz daxili imkanlarından, peşəkar həkim kadrlarından, eləcə də xaricdən gətirilmiş testlərdən səmərəli istifadə edərək operativ şəkildə koronavirusa yoluxanların aşkar edilməsini təmin edir. Hansı ki, koronavirusun yayıldığı ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə virusun yayılmasının qarşısının alınması məqsədilə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Sadə bir misal gətirək: əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Belə məlum olur ki, əvvəl 200-300 testdən 10-20 yoluxma halı qeydə alınırdısa, indi 1000-2000 testdən 50-60 yoluxma halının aşkarlanması təbiidir.
Koronavirusa yoluxanların sayının artmasının digər səbəbi yeni, ən müasir standartlara cavab verən tibbi laboratoriyaların alması oldu. Belə ki, hazırda ölkədə kifayət qədər tibbi laboratoriya mövcuddur ki, bu da koronavirusa yoluxma hallarının aşkar edilməsində əhəmiyyətli rol oynayır. Yeri gəlmişkən xatırladaq ki, qarşıdakı dövrdə yeni tibbi laboratoriyanın alınması da nəzərdə tutulur.
Həmçinin nəzərə almaq lazımdır ki, koronavirusun inkubasiya dövrü çoxdur və xəstəliyin üzə çıxmasl 28 günədək çəkə bilər. Xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir. Hazırda karantində saxlanılan soydaşlarımızın sayı deməyə əsas verir ki, ölkəyə gətirilmiş yeni testlərin tətbiqi, labaratoriya müayinələrinin nəticəsində koronavirusa yoluxma hallarının sayında artım baş verə bilər. Əslində belə hallar koronavirusa qarşı mübarizə baxımından müsbət qiymətləndirilməlidir. Çünki, virus operativ şəkildə vaxtında aşkar edildiyindən onun müalicəsi də müsbət nəticələnir, eləcə də yoluxmanın genişlənməsinin qarşısı alınır.
Koronavirusa yoluxanların sayının artmasının daha bir səbəbi virusun daxildən yayılması ilə bağlıdır. Belə ki, ilkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi həm də ölkə daxilində insanların bir birini yoluxdurması halları qeydə alınır. Vətəndaşların karantin reyiminə, sanitar gigiyena qaydalarına əməl etməmələri isə bu virusun yayılmasında katalizator rolunu oynayır.
Onu da nəzərə alaq ki, koronavirusa yoluxanların sayının artması faktı təkcə Azərbaycanda deyil, eləcə də qonşu və dünya ölkələrində də müşahidə olunmaqdadır. Regionun digər ölkələrinə nəzər yetirmək kifayətdir ki, koronavirusa yoluxanların dinamikasını anlamış olaq. Qeyd edək ki, ÜST-ün aprelin 4-nə olan məlumatına görə, Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydı alınıb. Bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılıb. Gürcüstanda isə yoluxmaların sayı 156 nəfər təşkil edir, cəmi 1 ölüm halı qeydə alınıb. Dünya təcrübəsinə gəldikdə, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir. Avropayla müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altlndadır. ABŞ ölüm hallarına görə üçüncü sırada qərarlaşıb. Sadalanan faktlar deməyə əsas verir ki, regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir.
Alim