Vətəndaşlar tikinti dələduzlarının torundan necə xilas ola bilərlər?- Təhlil

Mənzilin qiyməti və çıxarışı barədə məlumatı necə əldə etmək olar?  

Bu günlərdə Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkət rəhbəri həbs edilib. Bir milyon manatlıq dələduzluqda təqsirli bilinən "Meqa-Siti Holdinq" MMC-nin təsisçisi Aqil Qədirov bir müddət əvvəl saxlanılıb. Cinayət işi üzrə 16 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. İttihama görə, A.Qədirov inşa etdiyi yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıb. Qeyd edək ki, ölkədə bu istiqamətdə çoxsaylı qanunsuz hallar tez-tez qeydə alınır. Elə isə necə etmək olar ki, sadə vətəndaşlar tikinti dələduzlarının toruna düşməsinlər?

Xatırladaq ki, ölkədə informasiya kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində əhalinin daha çox maariflənməsi, eləcə də məlumat əldə etməsi üçün inkanlar genişlənir. Aidiyyatı qurumlar yeni xidət sahələri yaratmaqla insanları məlumatlandırmağa çalışırlar. Belə xidmət sahələrindən biri də yeni inşa edilən binalardakı mənzillərin çıxarışının olub-olmaması ilə bağlıdır. Başqa sözlə, hazırda mənzil alanlar həmin mənzilin çıxarışının mövcudluğunu onlayn qaydada öyrənə bilərlər. Belə ki, yeni inşa edilmiş yaşayış binasında mənzil sahibi olmaq istəyən hər kəs daşınmaz əmlaka dair çıxarışın verilib verilməyəcəyi ilə bağlı dəqiq məlumatı əvvəlcədən öyrənə bilər. Bu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların istifadəsinə verilmiş "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi" adlı elektron xidmət ilə mümkündür. Mənzil alınmasından öncə elektron xidmətdən faydalanmaq istəyən şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az)  8-ci elektron xidmət olan "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi" bölməsinə daxil ola bilər. Hər bir vətəndaş onu maraqlandıran daşınmaz əmlakın ölkə üzrə yerləşdiyi şəhər, rayon, qəsəbə və ya kəndi müvafiq bölmələrə daxil etməlidir. Çoxmərtəbəli yaşayış binasının yerləşdiyi küçəni və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı dərhal əldə etmək mümkündür. Xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, istənilən şəxs seçdiyi mənzilə dair çıxarışın olub olmadığını əvvəlcədən vaxt itirmədən, onlayn formada öyrənir. Bununla da mənzil aldıqdan sonra vətəndaş və tikinti şirkətləri arasında qeydiyyat zamanı yarana biləcək problemlərin qarşısı alınır. Daşınmaz əmlaka dair çıxarışın mövcudluğundan əmin olduqdan sonra etibarlı və leqal mənzil alan şəxs gələcəkdə əmlakından rahatlıqla  istifadə edə  bilir.  Bu xidmət vətəndaşların mənzil alarkən əlavə ünvanlara müraciətinin qarşısını alır eləcə də, vətəndaş məmur ünsiyyətini minimuma endirir.

Eyni zamanda, hər kəs müxtəlif ərazilər üzrə mənzil qiymətlərini elektron formada öyrənə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi" adlı xidmət ilə evlərin təqribi bazar qiyməti barədə məlumat əldə etmək mümkündür. Belə ki, sadə və rahat formada istifadə imkanı vətəndaşların əlavə ünvanlara müraciət etmədən onlayn formada xidmətdən yararlanmasına şərait yaradır. Mənzil qiymətləri ilə maraqlanan şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 9-cu elektron xidmət olan "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi" bölməsinə daxil ola bilər. İstifadəçi xidmət pəncərəsində əmlakın yerləşdiyi region, qəsəbə və küçə adlarını qeyd etməlidir. Xidmət vasitəsilə mənzillərin fərqli vaxt aralığındakı bazar qiymətlərini də öyrənmək mümkündür. Müvafiq tarixlərin bölməyə daxil edilməsi ilə vətəndaş seçdiyi ərazi üzrə mənzillərin satış qiymətlərini ona lazım olan vaxt intervalına uyğun öyrənə bilər. Xidmətdən istifadə nəticəsində vətəndaş seçdiyi ünvandakı mənzillərin tikilmə illəri, satış tarixləri və müqavilə qiymətləri ilə bağlı məlumat əldə edir. Eyni zamanda müvafiq ünvan üzrə əldə olunan nəticələrdə evlərin sahəsi və otaq sayları barədə məlumat da mövcuddur. Elektron xidmət alıcıların və ev sahiblərinin işini sadələşdirir. Belə ki, seçimlərə uyğun ərazidəki evlərin təqribi qiymətlərini öyrənmək üçün əlavə vaxt itirməyə ehtiyac qalmır. Mənzillərin bazar dəyərlərinin əvvəlcədən öyrənilməsi alqı-satqı zamanı vətəndaşın yanlış məlumatlandırılmasının eləcə də, yarana biləcək digər problemlərin qarşısını alır. Bu barədə məlumatlı vətəndaş şəxsi büdcəsini öncədən planlaşdırır, maliyyə resursuna uyğun mənzili rahatlıqla seçə bilir.

Bundan başqa, Komitə tərəfindən fiziki və hüquqi şəxslərə bütün növ daşınmaz əmlakların qiymətləndirilməsi xidmətləri də göstərilir. Bu sahədə işlər nüfuzlu beynəlxalq qiymətləndirmə təlimlərində iştirak etmiş və beynəlxalq sertifikatlara sahib peşəkar mütəxəssislər tərəfindən aparılır.Qiymətləndirmə xidmətləri milli və beynəlxalq standartların tələbinə uyğun formada aparılır. Xidmət göstərilməsində informasiya bazası Bazar Məlumatları Bankıdır. Bu baza bütün ölkə ərazisində rəsmi dövriyyədən keçmiş (notarial qaydada təsdiq edilən alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində rəsmi qeydiyyatdan keçmiş) daşınmaz əmlaklar barədə məlumatları özündə əks etdirir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31