Onlar təhlükəlidirlərmi?
Psixoloq: "Bir azərbaycanlının həyata baxışında fərqli orientasiyaya sahib olan hər hansı şəxsi qəbul etməyin özü qəbuledilməzdir" Cəmiyyətdə fərqli orientasiyaya malik insanlara qarşı çox zaman aqressiv münasibət müşahidə edirik. Bundan əziyyət çəkən insanlar çox zaman psixoloji sarsıntı keçirir və ya çıxış yolu olaraq ailəsini, ölkəsini tərk edir. Olaylar.az cəmiyyətin nədən fərqli orientasiyaya malik insanlara qarşı aqressiv olduğunu araşdırıb.
19 Fevral 2019 16:42 SosialPsixoloq: "Bir azərbaycanlının həyata baxışında fərqli orientasiyaya sahib olan hər hansı şəxsi qəbul etməyin özü qəbuledilməzdir"
Cəmiyyətdə fərqli orientasiyaya malik insanlara qarşı çox zaman aqressiv münasibət müşahidə edirik. Bundan əziyyət çəkən insanlar çox zaman psixoloji sarsıntı keçirir və ya çıxış yolu olaraq ailəsini, ölkəsini tərk edir. Olaylar.az cəmiyyətin nədən fərqli orientasiyaya malik insanlara qarşı aqressiv olduğunu araşdırıb.

Sosioloq Əhməd Mənsurov qeyd edir ki, homeseksuallıq tarixboyu olub. "Homeseksuallıq orientasiya pozğunluğu yox, orientasiya seçimidir: "Ümumdünya Səhiyyə Təşkilatı homeseksuallığı çoxdan xəstəliklər sırasından çıxarıb. Bu insanların cinsi istəkləri, cinsi seçimləri tibbi psixoloji vəziyyətləri ilə əlaqəlidir. İnsan hüquq və azadlıqlarına daha çox diqqət ayrılanda bu cür seçimlərə qarşı fikirlər dəyişməyə başlayır. Buna baxmayaraq, cəmiyyətdə nə qədər demokratik institutlar inkişaf etsə də, bu cür seksual seçimi olan insanlara qarşı fikir ayrı-seçkiliyi var. Bu təkcə bizim cəmiyyətdə yox, dünyada da mövcuddur.
Bu necə baş verir? Əslində insanlar həmişə yeniliyə, müasirliyə, onlar üçün ənənəvi olmayan nələrəsə qeyri-adi yanaşmağa başlayırlar və cəmiyyət çox zaman bunu qəbul etməyə çəkinir." Sosioloq bunun da müxtəlif səbəbləri olduğunu qeyd edir: "Sosial psixoloji vəziyyət, mental düşüncə və bir qədər də dini təsəvvürlər əsas rol oynayır. İnsanlar arasında aqressivliyin özünün olması da burada başlıca rol oynayır. Mental dəyərləri daha çox qoruyan ölkələrədə insanlar bu kimi halları xoş qəbul etmir. Bu gün cəmiyyətimizin ümumi mənzərəsinə nəzər salsaq homeseksuallara qarşı aqressiv münasibət var deyə bilmərik. Çünki onlar da hüquq və azadlıqlarından istifadə edib, müxtəlif sahələrdə fəaliyyət göstərə bilirlər. Cəmiyyətin özündə olan aqressivlik, ayrı-seçkilik həvəsi homeseksualları qəbul etməyə mane olur.
Bizdə yenilikci insanları qəbul eləmək kimi təcrübə hələ formalaşayıb. Bunun özü də normaldır. İnsanların seçimlərinə hörmət, mentalitet, din və adət -ənənələrdə göstərilməyənləri yenidən qəbul edən zaman artıq cəmiyyət özü -özünü tənzimləmə mexanizminə keçir. Bu cür prosesləri zaman keçdikcə idarə eləmək mümkündür. Müasir dövr Azərbaycanda bu tip insanlara yanaşmada artıq hörmətin də əlavə olunmasının zamanıdır. İnsanların Azərbaycanda cinsi həyatının müzakirə olunması və cinsi həyatına görə tanınması heç də xoş qarşılanmır. Cinsi orientasiyasına görə insanlara qiymət vermək düzgün deyil. Homeseksuallar da daxil olmaqla,biseksuallar, geylər, lezbiyanlar da hamı kimi normal insanlardırlar. Onlar həyatda müxtəlif sahələrdə- incəsənət, elm, peşə və.s istiqamətlərdə öz yerlərini tapa bilərlər. Amma onların bəzi hallarda cinsi həyatlarına görə təqibə məruz qalmaları xoş hadisə deyil. İnsanların bu seçiminə hörmət edilməlidir."
Əhməd Mənsurov bildirir ki, cəmiyyətdə aqressiya, zorakılıq halları çox zaman dönən reaksiya kimi özünü göstərir: "Cəmiyyət bu cür insanlara aqressiya göstərdikcə, onlardan eyni reaksiya yaranır. Və həmin insanlarda psixoloji problemləri yaranır, özləri zorakılığa meyilli olmağa başlayırlar. Ümumilikdə isə bu cür insanlar cəmiyyət üçün təhlükəli deyillər. Lakin onlara qarşı birmənalı münasibət olmadıqca bu cür insanlar sosial həyatlarında, hansısa sahədə uğur qazanmalarınaa, karyera qurmalarında çətinlik çəkirlər."

Psixoloq Fərqanə Mehmanqızı cəmiyyət deyəndə əslində müxtəlif kütlələrin nəzərdə tutulmalı olduğunu qeyd edir: "Çünki cəmiyyətdə müxtəlif fikirlər olduğuna görə kütlələr də müxtəlifdir. Bu gün cəmiyyətdə fərqli orientasiyaya malik olan insanlara qarşı aqaressiv olanlar, normal yanaşanlar və həddindən artıq aqressiv olub bu cür insanları önəmsəmiyənlər var. Fərqli orientasiyay malik insanlara qarşı cəmiyyət ona görə aqressivdir ki, özü kimi qəbul etməmə psixoloji nüans var. Qəbul etməyən insanların özlərinə məxsus genetik qan yaddaşı, adət-ənənə, həyat qanunu var."
Psixoloq bildirir ki, bir azərbaycanlının həyata baxışında fərqli orientasiyaya sahib olan hər hansı şəxsi qəbul etməyin özü qəbuledilməzdir: "Buna görə hansısa bir azərbycanlını qınamaq mənasızdır. Ona görə ki hər bir xalqın özünün genetik yaddaşı, həyata baxışı, mənəviyyatı, adət-ənənələri olduğu kimi bizim cəmiyyətin də özünə məxsus kökü, milli dayağı var. Bu mənəvi dayanıqlıqlar bunu qəbul etmir və bu normal haldır. Qəbul etməyənləri müzakirə etmək və qınamaq düzgün deyil. Çünki bizim millətin qan yaddaşı bu cür hala qarşıdır.
Avropa fərqli orientasiyaya sahib olan insanları qəbul edirsə, bu onların öz işidir. Azərbaycanda bu cür hal qəbul edilmir və mən düşünürəm ki, bu doğru addımdır. Çünki qəbul edildikcə onlar daha açıq və rahat şəkildə gəzirlər. İki cins insan var. Üçüncü cins insanı şəxsən mən heç cür qəbul etmirəm. Düşünürəm ki, heç bir halda da qəbul olunmamalıdır."
Fərqanə Mehmanqızı bildirir ki, psixoloq kimi şəxsi fikrini deməsi və obyektiv olmamağım kimlər tərəfindənsə aqressiv qarşılana bilər: "Amma mən genetik yaddaşa, milli dəyərə çox önəm verirəm. Hər hansı bir insanda milli dəyər və mənəvi kök üstündürsə, hansı cəmiyyət ona üstünlük verirsə, mən də o cəmiyyətə üstünlük verirəm."

"Gender və Tərəqqi" Maarifləndirmə İctimai Birliyinin sədri Kamran Rzayev insanların qorxduqları, anlamadıqları hansısa bir hadisəyə və ya insanlara qarşı çox zaman aqressiya nümayiş elətdirdiklərini qeyd edir: "Özləri də bəzən bunun səbəbini anlamırlar. Məsələn, hansısa rəssamın əsərinə baxan və onun çəkdiyini anlamayan insan rəssamı təhqir edir. İnsanlar arasında maarifləndirmə işini aparmaq lazımdır. Fərqli orientasiya xəstəlik deyil. Dünya Səhiyyə Təşkilatı da bunun xəstəlik olmadığı haqda qərar verib. İnsanlar sadəcə belə doğulub."
Fərqli orientasiyaya sahib olmağın ailə bağlı bir durum olmadığını vurğulayan Kamran Rzayev bildirir ki, solaxay insanlar istənilən ailədə doğulduqları kimi fərqli orientasiyaya malik olan insanlar da fəhlə və ya akademik ailəsində doğula bilər: "Valideynlər uşaqlarını cinsi orientasiyasına görə yox, onu övladı olduğuna görə sevməlidirlər. Bu gün insanlar fərqli orientasiyaya malik insanları sevməkdə qorxurlar. Onlar elə düşünürlər ki, fərqli orientasiyaya sahib olanlar xəstə və ya fahişələrdirlər. Qətiyyən belə deyil. Bu çox yalnış düşüncədir."

Klinik Psixoloq, Azərbaycanda "Iran Sex Institute" tibbi-psixoloji institunun rəsmi nümayəndəsi Təhmasib Cavadzadə 3 oriyentasiya növünün olduğunu qeyd edir: "Heteroseksual (əks cinsə qarşı sevgi hissinin olması və cinsi əlaqə istəyi) Biseksual (həm əks cinsə və həm də eyni cinsə qarşı sevgi hissinin olması və cinsi əlaqə istəyi) Homoseksual (eyni cinsə qarşı sevgi hissinin olması və cinsi əlaqə istəyi) Heteroseksual oriyentasiyalı insanlar çox olduqları üçün digər oritentasiyalar cəmiyət tərəfindən pozuntu hesab edilir. Lakin elmi nəzərdən pozuntu sayılmır. Ölkələr üzrə təqribi statistika 19% biseksual və 12% homoseksual təşkil edir. Bizim ölkədə bu statistika hələki dəqiq deyil. İnsanların oriyentasiyası fərqli olan insanlara qarşı olan aqresiyasının müxtəlif səbəbləri var."
Təhmasib Cavadzadə ilkin səbəb kimi kütlə psixologiyasını qeyd edir: "Yəni cəmiyətdə əsas böyük bir kütlə homoseksuallara qarşı aqressiv olduqları üçün digərləri də aqressiv olur. Bəzən aqresiyalarının səbəbini soruşduqda da cavab verə bilmirlər. Homoseksuallıq barəsində anlayışı olmayanlar onları düşmən kimi görə bilər. Homoseksuallığın seçim olmasını düşünürlər. Bəzən, oritentasiyanın nə olduğunu bilmirlər. Bəziləri heteroseksualın nə olduğunu bilmir. Fərqli oriyentasiyaların keçici bir xüsusiyyət olduğunu düşünürlər. Homoseksualların pozğun insanlar olduğunu düşünürlər. Homoseksualların təhlukəli olduğunu sanırlar. İctimai qınaqdan qorxurlar. Dini əsaslar və düşüncəyə sahib olan insanlar onların günahkar olduğunu düşünürlər və homoseksualalrın tanrıya qarşı uşüsyan etdiyini düşüneb onlara qarşı aqressiv olurlar. Latent homoseksuallar (öz homoseksuallığını qəbul etməyib heç vaxt bunu biruzə verməyən və homoseksual əlaqə yaşamayan insanlar) homoseksuallara qarşı aqressiv olurlar buda homofobiyaya gətirib çıxardır."
Təhmasib Cavadzadə normal halda insanların fərqli oriyentasiyalara qarşı neytral olmalı olduqlarını bildirir: "Çünki sözün əsl mənasında bir insanın hansı oriyentasiyaya sahib olması heç bir insana adiyatı yoxdur və digər oriyentasiyalı insanların həyatına təsir etmir. İnsanlar bəzən unudurlar ki, onun hər hansı bir oriyentasiyaya sahib olması onun öz əlində deyildi. Bəzən insanlar düşünürlər ki, homoseksuallar heteroseksualları yoldan çıxarıb onları homoseksual edə bilər. Maraqlı faktlardan biri budur ki, homoseksuallar öz oriyentasiyalarında çox stabildirlər. Yəni zahiri görüşünə güvənən xanım homoseksual oğlanı yatağa sala bilməz. Amma, heteroseksuallar heç bir təsir olmadan bəzən özləri eyni cins ilə cinsi əlaqəni yoxlamaq istəyir. Lakin bu maraq sadəcə 1-2 dəfə ilə kifayətlənə bilər. Bu çox vaxt yetkinlik yaşında, ilkin cinsi həyat başlanğıcında və ya əks cinslə seksdən bezdikdə baş verə bilər. Əgər eyni cins ilə seksdə ilişib qalsalar onlar homoseksual sayılmır, bu homoseksual davranış sayılır. Yəni eyni cinsə qarşı sevgi hissi olmur sadəcə cinsi əlaqə istəyi eyni halda qarşısevgi hissi olur amma cinsi istək olada bilər olmayada bilər. Ona görə bu tip insanları biseksualda adlandırmaq olmur. Çünki nə homoseksual standartlarına uyğun gəlirlər nə biseksual və nədə heteroseksual. Bu ona görə baş verir ki, seks həzz və ləzzətdir və insan bəzən həzz və ləzzət qarşısında acız olur və bu tip davranışları davam edir. Lakin bunlar özlərini heteroseksual adlandırır. Cəmiyyətdə belə insanların faiz dərəcəsi homoseksual və biseksualdan çoxdur. Homosexuallara qarşı aqresiyanın ən əsas səbəblərindən biri ictimai qınaqdır. Təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, insanlarla təklikdə və anonim ünsiyyət apardıqda çoxları homoseksuallara qarşı neytral münasibət bəslədiklərini bildirirlər. Amma, müsahibə zamanı və ya sosial ortamda sual soruşduqda ictimai qınaqdan qorxaraq insanların çoxu buna mənfi baxdıqlarını bildirirlər."
Nigar Adil