Tehrandan Vaşinqtona gizli mesaj: Bombardmanlar altında ABŞ-la danışıqlar davam edir
11:54 DünyaYaxın Şərqdə hərbi əməliyyatların və qarşılıqlı zərbələrin intensivləşdiyi bir vaxtda Tehran və Vaşinqton arasında pərdəarxası təmasların kəsilmədiyi məlum olub.
Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai ölkəsinin hazırda ABŞ ilə vasitəçilər üzərindən qeyri-birbaşa danışıqları davam etdirdiyini rəsmən təsdiqləyib.
Avstriyanın ORF telekanalına geniş müsahibə verən diplomat qeyd edib ki, beynəlxalq vasitəçilər hazırda öz üzərlərinə düşən məsuliyyəti yerinə yetirir və tərəflər arasında mesaj mübadiləsini təmin edirlər.
Bununla belə, Baqai ölkəsinin hazırda ağır bombardmanlara və hərbi hücumlara məruz qaldığını xatırladaraq, həm diplomatların, həm də silahlı qüvvələrin əsas diqqətini tamamilə İranın suverenliyinin qorunmasına yönəltdiyini vurğulayıb.
XİN rəsmisi Tehranın danışıqlardan heç vaxt qorxmadığını, lakin rəsmi ABŞ-ın şərtləri diqtə etmək cəhdlərini qəbul etməyəcəklərini bəyan edib.
O, yalnız bərabərhüquqlu və həqiqi mənada aparılan siyasi dialoqa hazır olduqlarını diqqətə çatdırıb.