Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin ilkin nəticələri açıqlanıb

İnstitutda tədbir keçirilib

"Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb.

Cari ilin iyun ayından etibarən, İnstitutda təhsil standartlarının müəyyənləşdirilməsi, strukturun təşkili, tələbə qəbulu, ilk tədris ilinə hazırlıq, habelə maarifləndirmə istiqamətində ardıcıl və məqsədyönlü işlər görülüb. İnstitutun müəllim və işçi heyəti, habelə strukturunun təşkili üçün prioritetlər müəyyənləşdirilərək, ictimaiyyətə elan olunub və şəffaf  şəkildə həyata keçirilməyə başlanılıb. Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə təhsil standartları hazırlanaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilib və nazirliyin müvafiq şöbəsindən müsbət rəy alınıb".

Bu barədə oktyabrın 24-də İlahiyyat İnstitutunda keçirilən tədbirdə çıxış edən rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.

Bildirib ki, instituta 2018-2019-cu tədris ili üzrə ilk tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla III ixtisas qrupu üzrə iki istiqamətdə -  İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilib. Dövlət sifarişi əsasında qəbul üzrə ayrılmış plan yerləri 100% dolmuş, İslamşünaslıq ixtisası üzrə 35, Dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla, ümumilikdə, 60 abituriyent  tələbə sıralarına qəbul edilib. Hazırda İnstitutda ümumilikdə 103 tələbə təhsil alır:

"Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) açılış mərasimi 17 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Millətlərarası multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun, DQİDK-nin sədri Mübariz Qurbanlının, Milli Məclisin deputatı Siyavuş Novruzovun, Türkiyə Dəyanət Vəqfi "29 Mayıs" Universiteti İdarə Heyətinin sədri Tayyar Altıkulacın, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayevin, Azərbaycanda fəaliyyət göstərən dini icma rəhbərləri və digər məsul şəxslərin iştirakı ilə keçirilib.

Şəffaf, modern, qabaqcıl meyarlar ilə formalaşdırılan Azərbaycan İlahiyyat İnstitutu dövlətin qayğısı ilə təmin olunub. İnstitutda təhsil ödənişsizdir, tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin ediliblər. Gələcəkdə tələbələrin pulsuz geyim, yemək və yataqxana ilə təmin olunacaqları planlaşdırılır. Aİİ-də dünya standartlarına uyğun yüksək təhsilin verilməsi üçün zəruri olan bütün tələblər yerinə yetirilib. Sinif otaqları müasir dövrün tədris metoduna uyğun avadanlıqla təchiz edilib, dərslərdə ənənəvi üsullarla yanaşı, müasir metodlar da tətbiq olunur. İxtisaslar üzrə keçirilən fənlər yüksək təhsil standartlarına uyğun tədris edilir. İnstitutun təhsil standartlarının müəyyənləşdirilməsində Harvard, Oksford və Kembric kimi aparıcı dünya universitetlərinin, eləcə də Şərqin qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsi geniş araşdırılaraq tətbiq olunub. İnstitutda İslam dininin tədrisinə dair Quran, Hədis, Təfsir, Fiqh, Kəlam, Təsəvvüf kimi ənənəvi fənlərlə yanaşı, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənlərin də tədrisi təşkil olunub. Eyni zamanda, digər aparıcı dünya dinlərinin - xristianlıq,  yəhudilik, hinduizm, buddizmin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, eləcə də fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm kimi sosial və humanitar elmlər də tədris olunur. 

İnstitutda tədris Azərbaycan dilindədir. Gələcəkdə rus, ingilis və ərəbdilli bölmələrin açılması və dünyanın müxtəlif dövlətlərindən tələbələrin təhsilə cəlb olunmaları, həmçinin yəhudilik, xristianlıq, hinduizm və buddizm kimi böyük dünya dinlərinin müqəddəs mətnlərinin tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edən ibri, qədim yunan, latın və sanskrit dillərinin tələbələrə öyrədilməsi məqsədilə xüsusi kursların təşkili planlaşdırılır. Beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə Aİİ tələbələrinə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsillərini dövlət xətti ilə xarici ölkələrdə davam etdirməyə imkan yaradır. Tələbələr, həmçinin ingilis, ərəb, klassik ibrani və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər. Bütün xarici dillər peşəkar mütəxəssislər tərəfindən müasir metodlar əsasında 4 dil bacarığının -    oxuma, dinləmə, danışma, yazma inkişafı istiqamətində tədris edilir. Dərslərdən əlavə, tələbələr üçün ödənişsiz xarici dil kursları təşkil edilib. İnstitutda, həmçinin Şərq incəsənəti - musiqisinin bir sıra sahəsinə aid ödənişsiz kursların təşkil olunması nəzərdə tutulub.

Aİİ keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir. Dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahəsində dərin akademik biliyə malik olan alimlər tərəfindən aparılır. Onların arasında Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, ABŞ, İran, Suriya və Portuqaliya kimi dünyanın müxtəlif ölkələrində akademik fəaliyyətlə məşğul olmuş elm adamları vardır.

Aİİ-də hazırda bir fakültə - İlahiyyat, 3 kafedra - İslamşünaslıq, Dinşünaslıq, Dillər və ictimai fənlər mövcuddur. Təhsil iki istiqamətdə, İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilir.

İslamşünaslıq ixtisası üzrə standartlara İslam dininin teoloji, tarixi, sosioloji, psixoloji və fəlsəfi aspektlərdən öyrənilməsini təmin edən fənlər daxil edilib. Bu ixtisasın standartlarında ənənəvi İslam elmləri ilə yanaşı, dinləri müxtəlif yönlərdən tədqiq edən Din sosiologiyası, Din psixologiyası, Din fəlsəfəsi, Məzhəblər tarixi, Dinlər tarixi və s. fənlər öz əksini tapıb. İslamşünaslıq ixtisasına yiyələnənlərin həm din xadimi, həm də İslam dini üzrə mütəxəssis kimi fəaliyyət göstərmələri nəzərdə tutulub.

Azərbaycan İlahiyyat İnstitutu 2019/2020-ci tədris ili üçün magistraturaya tələbə qəbulunu nəzərdə tutub. İnstitutun magistraturasında Dinşünaslıq ixtisası üzrə - Dinin psixologiyası, Dinin sosiologiyası, Dinlər tarixi, İslamşünaslıq ixtisaslaşmalarının hər birindən 2 nəfər olmaqla, 8 yer nəzərdə tutulub.

Aİİ-nin müxtəlif elm sahələrini əhatə edən zəngin kitabxanası vardır. İnstitutun kitabxanası açıq rəf sistemi əsasında təşkil olunub. Tələbələr dərslik tələbatını maksimum təmin etmək üçün din, tarix, fəlsəfə, dil, ədəbiyyat və digər elmlərə dair Azərbaycan, ərəb, türk, ingilis, fars və rus dillərində 13 mindən çox kitabdan istifadə etmək imkanına malikdirlər.

Azərbaycan İlahiyyat İnstitutunda Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər qarşısında qoyduğu tələblərə uyğun olaraq, İlahiyyat fakültəsinin Elmi Məcmuəsinin nəşrinə də başlanılıb. Jurnalın payız nömrəsinə məqalə qəbulu davam edir.

Azərbaycan İlahiyyat İnstitutu ölkədə fəaliyyət göstərən dini konfessiya rəhbərləri ilə sıx əlaqələrə malikdir. Eyni zamanda, Azərbaycanda mövcud olan tolerant mühitin, multikultural ənənələrin qorunub saxlanması məqsədilə  İnstitutda birgə seminarlar  keçirilib və dini konfessiya təmsilçiləri - Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Aİİ-nin təşkilatçılığı ilə keçirilən "dəyirmi masa"plarda  uyğun mövzularla məruzə ediblər.  

Aİİ-nin məzunları üçün iş imkanlarının yaradılması da nəzərdə tutulub. Belə ki, onlar dövlət qulluqçusu olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və digər dövlət qurumlarında işləyə biləcək, elmi-tədqiqat və ali təhsil müəssisələrində tədqiqatçı, pedaqoq, Qafqaz Müsəlmanları İdarəsində isə din xadimi kimi fəaliyyət göstərmək imkanlarına sahiblənəcəklər".

Tədbirdə çıxış edənlər institutun yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov xurafatla mübarizə üçün təhsilin əhəmiyyətindən danışıb:

"Bu gün bəzi ailələrdə xurafat təbliğ edilir. Buna qarşı ən yaxşı mübarizə üsulu təhsil müəssisələrində şagird və tələbələrin maarifləndirilməsidir. Hər bir azərbaycanlı yalnız islam dini deyil, digər dinlər barədə də məlumatlı olmalıdır. Xarici ölkələrə dini təhsil ödənişsiz olduğundan kifayət qədər azərbaycanlı qonşu ölkələrdə dini təhsil alıb. Dini təhsil alıb ölkəmizə qayıdanlar həmin ölkələrin dini cərəyanlarını bura gətirirlər. Ödənişsiz təhsil imkanı yaradan Azərbaycan İslam Universitetin yaradılması xaricə dini təhsil üçün üz tutanların sayını azaldacaq".

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, hər bir etnosun mövcudluğu üçün din şərtdir:

"Din bir millətin mövcudluğu üçün əsas təməl ünsürlərindən biridir. O, insanın ayrılmaz bir hissəsidir. Elmlə ahəng olan din dövlətin təməl hisslərini oyandıracaq, onu ucaldacaq, millətin mövcudluğunu və kimliyini ortaya çıxararaq millətlər arasında birinci edəcək. Bunların əksi olan xurafat və onun öz bərabərində gətirdiyi cahillik isə milləti sıradan çıxararaq onun yox olmasına gətirə bilər. Bu cəhalətin nəticəsində isə millət dinini, dövlətini, torpağını itirməli olacaq.

Arzu edirəm ki, elmi dinlə məşğul olaraq dini elm səviyyəsinə yüksəldib stabil saxlayasınız".

İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu mənada Azərbaycan İlahiyyat İnstitutunun üzərinə böyük məsuliyyət götürdüyünü deyib:

"Din səssiz-səmirsiz təsir etmək imkanına malikdir. İnanırıq ki, institut dəyərli din xadimləri yetişdirəcək. Bu il tələbələrin sayı 100-dən çoxdur, gələn ildən bu say daha da artacaq. Milli dəyərləri qorumaq üçün bu cür kadrlara ehtiyac var".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev institutun yaradılmasının vaxtında atılmış addım olduğunu deyib:

"Ölkəmizə dini ad altında qonşu ölkələrdən problemlər "idxal" edilir. İslamın mahiyyətini, fəlsəfəsini cəmiyyətə çatdırmaq üçün savadlı din xadimlərinə ehtiyac var".

Trend informasiya agentliyinin baş redaktoru Arzu Nağıyev ölkəmizdə dini ekspertlərə daim ehtiyac olduğunu və Azərbaycan İlahiyyat İnstitutunun savadsız mollalar problemini həll edəcəyini deyib:

"Universitet çətin strateji yoldadır. Bu gün din adı altında gənclər, yaşlı insanlar müxtəlif qruplar tərəfindən ələ alınır. Onlarla mübarizə aparmaq üçün media daim Azərbaycan İlahiyyat İnstitutunun yanındadır".

Tədbirin sonunda institutla tanışlıq təşkil olunub.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31