Azərbaycanda tələbələr üçün ilk akademik test mərkəzi açılıb
10 Oktyabr 2018 14:38 SosialAzərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyi və "Microsoft Azerbaijan" şirkətinin dəstəyi ilə ölkənin bütün təhsil müəssisələrinin tələbələri üçün vahid akademik test mərkəzinin təqdimatı keçirilib. "OLAYLAR" xəbər verir ki, ADNSU-nun tədris işləri üzrə prorektoru Qasım Məmmədov tərbirdə çıxış edərək universitetdə sözügedən mərkəzin fəaliyyətə başlamasını əlamətdar hadisə kimi dəyərləndirib. Q. Məmmədov ADNSU-nun "Microsoft Azerbaijan" şirkəti ilə sıx tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edərək universitetin tələbə və müəllimlərinin "Microsoft"un lisenziyalı proqramlarından istifadə etdiyini, hazırda şirkətin informasiya resurslarının ADNSU-nun təhsil proqramına inteqrasiyasının təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Prorektor ADNSU-nun "Microsoft Azerbaijan" şirkətinin "Imagine Academy" proqramının fəal üzvü olduğunu, universitet tələbələrinin "Microsoft Imagine Cup 2018" innovasiya müsabiqəsində uğurla iştirak etdiyini vurğulayıb.
Sözügedən mərkəzin açılmasının məqsədi vahid akademik test mərkəzi tərəfindən peşəkarlıqları beynəlxalq sertifikatla təsdiq olunacaq IT-mütəxəssislər yetişdirməkdir. Yeni test mərkəzində müxtəlif ali təhsil müəssisələrinin tələbələri "Microsoft"un avtorizə edilmiş kursları üzrə yüksək keyfiyyətli təhsil alıb, əlverişli şərtlərlə müvafiq imtahanlar verə biləcəklər.