Aİİ-də xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
10 Oktyabr 2018 12:56 SosialAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. "OLAYLAR" -a təhsil ocağından bildirilib ki, tədbirdə institutun müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan Aİİ rektoru Ceyhun Məmmədov dövlət-din siyasətindən danışıb. Rektor əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirib.
Aİİ-nin yaradılma məqsədi, hədəfləri barədə danışan C.Məmmədov institutda maarifləndirmə işinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini söyləyib.
Rektor Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin ən çox oxunan detektiv yazarlardan biri olduğunu qeyd edərək, yazıçının zəngin ədəbi yaradıcılığa malik olduğunu xüsusi vurğulayıb. Rektor bildirib ki, Ç.Abdullayevin əsərləri, nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində böyük maraqla oxunur.
Sonra Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığının əsas istiqamətləri barədə danışıb, müasir cəmiyyətimizi əhatə edən bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb və uğur hekayəsini bölüşüb.
Müasir ədəbiyyatın problemlərindən bəhs edən yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı məsləhət görüb. Daha sonra Ç.Abdullayev tələbələrin çoxsaylı suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.