21-ci əsrin “Qladiator döyüşləri”

İndi daha zəngin... "Adım Maksimus Decimus Meridius. Həqiqi İmperator Mark Avrelinin sadiq nökəri.Qətl edilmiş bir oğlanın atası, öldürülmüş bir qadının əri".

İndi daha zəngin...

"Adım Maksimus Decimus Meridius. Həqiqi İmperator Mark Avrelinin sadiq nökəri.Qətl edilmiş bir oğlanın atası, öldürülmüş bir qadının əri".

(Qladiator 2000)

Basketbol, boks, döyüş sənəti, futbol, güləş, voleybol, şahmat, taekvando, ağırlıqqaldırma, velosiped kimi bir-birindən fərqli idman növləri var. Maraqsız və gərəksiz idman növü yoxdur. Çünki hər idman növünün öz tamaşaçısı var. Basketbol, voleybol, futbol kimi komanda oyunlarını sevən birini taekvando izləməyə məcbur edə bilməzsiniz. (Mənim seçimim komanda oyunlarıdır. Çünki orada birlik var. Komanda tamamlanmadan oyuna çıxmaq mümkün deyil. Burada heç kim eqo şousu göstərə bilməz. Çünki bəziləri qalanı qoruyur, bir digəri orta sahədə oynayır, bir başqası hücum edir və nəticəni gətirir. Bir-birlərinə dəstək olur, zəfər və  məğlubiyyəti bərabər paylaşırlar. Burada qalib deyil qaliblər, məğlub deyil, məğlublar var.) Yaxud da şahmatı həyatının idman növünə çevirmiş bir insanının döyüş sənətinə daxil olan idman növlərinə lazımsız və gərəksizdir deməyə haqqı yoxdur. Çünki doğru və yanlış onun da öz tamaşaçısı var. Heç bir tamaşaçı zövqünə və xarakterinə uyğun olmayan idman növlərini izləməyə məcbur deyil. Kimisi fiziki güc və iradə ilə bağlı oyunları, kimisi isə intellektual idman növlərini daha zövqlə izləyir. İdman növləri və tamaşaçılar fərqli olsa da idmançıları birləşdirən bir cəhət var. Peşəkar idmançı məşğul olduğu, yaxud gəlir əldə etdiyi idman növündən asılı olmayaraq üç cəhəti özündə birləşdirməli, yəni ağıllı, çevik və əxlaqlı olmalıdır. Peşəkar tamaşaçı isə heç vaxt bir idmançını qəhrəman kimi görməməlidir. Çünki idman yarışları bütün hallarda biznes xarakteri daşıyır. Bəzilərində isə meydanda miyonlarla pul oynayır. Bu yarışlara siyasi təsirlər də kifayət qədər güclü olur. İdmançı üçün peşəkarlıqdan uzaq, mənfi hal isə qatıldığı idman yarışını dini mübarizə kimi görməsidir. Üstəlik rəqiblərin milyonluq mükafat üçün bir-birinin qanına susadığı, brifinqdə ağız-gözlərini dağıtmaq üçün dəqiqələri deyil, saniyələri sayan bir idman növündə. Axı hansı dində bunlar caiz sayılır?  Bu cür əzadar oyunlarda idmançı tərəfindən dinin ön plana atılması ona hörmət deyil, mənsub olduğu dinə qarşı sadəcə aqressiya yarada bilər.

Bu günlərdə Las-Veqas da keçirilən "UFC-129" turnirini də maraqlı edən iki adam vardı. Bunlar neçə illərdir "hansı digərindən daha yaxşıdır" deyə müqayisə edilən və daima statistik göstəricilərinə nəzər yetirilən Messi və Ronaldo deyildi. Xeyr, bunlar məşhur filmdəki İmperator Kommod və General Maksimus da deyildi. Onlar adlarını eşitməkdən usandığınız Həbib və Konor idi. Bu sadəcə oyun və onlar sadəcə rəqib idi. Lakin Həbibin qələbəsini İslam qələbəsi kimi qəbul edənlər oldu. Axı İslam həmrəyliyinin UFC qəfəsi ilə nə əlaqəsi vardı?. Müdrik dinimizi eradan əvvəlki bəşər mədəniyyətində tətbiq edilən sağlamlığa ağır zərbə vuran, bəzən ölümlə nəticələnən idman növü ilə bağlayan nə idi?

Onlar göstərdikləri şou ilə müasir dövrün qladiatorlarına bənzəyirdilər. Lakin aradakı fərq bu idi ki, onlar daha zəngin idilər. Deyildilərsə belə aldıqları qonorarlar bank hesabına oturduqdan sonra artıq zəngindirlər.

"Qladiator" filmini xatırlamayan olmaz. Bu film "IMDb" versiyasında ən yaxşı 250 film siyahısına daxildir. İmperator Kommod və General Maksimusun mübarizəsi. Eramızın 180-cı ilində Mark Avrelinin qoşunu general Maksimusun başçılığı altında german tayfalarını ağır məğlubiyyətə uğradır. O, imperatorluğun iyerarxik pillələrində get-gedə yüksəlir. "Bir övlad kimi sənin bütün səhvlərin mənim günahımdır" deyən imperator bu qələbədən sonra hakimiyyəti Maksimusa verəcəyi barədə oğlu Kommoda bildirir. Atası ilə razılaşmayan Kommod onu boğaraq öldürür. Qəzəbi bitməyən Kommod Maksimusun ailəsini öldürməyə əmr verir. Maksimus evə qayıdan zaman ailəsinin vəhşicəsinə öldürüldüyünü görür. Bir müddət sonra qul satıcısı onu qula çevirərək qladiatorların hazırlaşdığı yerə aparır.Qladiator Maksimus üçün tək bir istək var. Kommodu öldürmək və ailəsinin qisasını bir an əvvəl almaq... Gerisini zatən hər kəs xatırlayır.

Qədim Romada tamaşaçıları əyləndirmək üçün qladiatorlar (qılınc oynadanlar) bir-biriləri və vəhşi heyvanlarla ölüncəyə qədər vuruşurdular.  Könüllü döyüşə qatılanları çıxsaq, qladiatorlar daha çox qullar, əsirlər, yaxud cinəyatkarlar idi. Qladiator məktəblərinə könüllü olaraq qoşulan və ya törətdiyi cinayətin cəzası olaraq gətirilənlər də vardı. Romalılar üçün "qladiator" müəlliminə sadiq təlim görmüş döyüşcü mənasını verirdi.

Kasıblar və evsizlər üçün qladiator məktəbləri döyüşmək müqabilində daimi yemək və sığınacaq təklif edirdi. Qladiatorlar onlara verilmiş hədiyyələri özlərinə götürə bilirdilər.

Canlı-qanlı teatr tamaşasında bir qul digər qulu öldürdüyü üçün alqış qazanırdı. Burada hər şey tamaşaçının rəhmindən aslı idi. Onların ölsün dediyi ölməli, qalsın dediyi qalmalıdır. (Dövrümüzün realiti şoularına bənzəyir "getsin, yoxsa qalsın?"). Burada "qalsın" formal olaraq səslənir. Yoxsa barbar tamaşaçının nəyinə gərəkdir qulun sağlığı. O, ölüm, vəhşilik görmək üçün arenada yerini alıb. Qladiator üçün ən uğurlu seçim mükəmməl şəkildə vuruşmaq və ya ölmək idi. Növbəti oyuna qədər sağ qala bilmək üçün öldürmək. Bu bəsit bir oyun deyildi. Ölüm oyunun nəticəsi hesab edilirdi.  Qladiator sahibliyi və qladiator məktəbləri Roma siyasətinin təməl daşına çevrilməyə başlamışdı. Qladiatorlar məşqçilər və sahibləri üçün bir biznes sahəsi idi. Səs toplamaq üçün siyasətçilər bu növ oyunlardan da istifadə edirdilər.  Ölüm oyunun nəticəsi hesab edilirdi.

Bəs bu cür əhəmiyyətli oyunun qalibinə nə verilirdi?

Qələbə rəmzi olan palma budağı. Xüsusi fərqlənən döyüşcüyə dəfnə, pul, bəzi hallarda isə AZADLIQ...

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31