Vərəmlə mübarizədə Azərbaycanın təcrübəsi öyrənilir
3 Oktyabr 2018 14:15 SosialÖlkə Prezidenti cənab İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkumların və təqsirləndirilən şəxslərin tibbi və dərman təminatı yaxşılaşdırılır. Bu sahədə beynəlxalq təşkilatlarla vərəmə qarşı effektiv mübarizə aparılaraq, müsbət nəticələrə nail olunub və artıq bir çox dövlətlər Azərbaycan təcrübəsindən faydalanırlar. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bu məqsədlə Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin nəzdində fəaliyyət göstərən Təlim Mərkəzi tərəfindən xarici dövlətlərin nümayəndə heyətləri üçün mütəmadi beynəlxalq treninqlər və tanışlıq səfərləri təşkil edilir. 2014-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən ona "Həbsxanalarda vərəmə nəzarət və profilaktika üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi" beynəlxalq statusu verilib və onun vərəmlə mübarizədə Azərbaycan təcrübəsinin digər dövlətlərə yayılmasında və öyrənilməsində səmərəli fəaliyyəti nəzərə alınaraq cari ildə bu status növbəti dörd il müddətinə uzadılıb.
Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus bu ilin iyulunda Azərbaycana səfər edərək Beynəlxalq Təlim Mərkəzinin fəaliyyəti, müasir şəraiti, tədris otaqları, həmçinin video-konfrans vasitəsilə distant treninqin təşkili ilə tanış olub, respublikamızın vərəmlə mübarizədə müsbət nəticələrə nail olunmasında dövlətimizin güclü siyasi iradəsini, bu sahədə Azərbaycanın tətbiq etdiyi standartların ən yaxşı təcrübə təşkil etdiyini və bunun üçün müsbət təcrübəmizin dünyada daha geniş yayılmasının önəmini vurğulayıb.
Qeyd olunmalıdır ki, son illər 20 dövlətdən 230-dək nümayəndə Bakıya səfərlər edərək müsbət təcrübəmizdən bəhrələnib və müxtəlif mövzularda təlimlərdə iştirak ediblər. Artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellərin tətbiqinə başlanılıb.