Rayonlarda maarifləndirici tədbirlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Mədəni maarifləndirmə" proqramı çərçivəsində Oğuz Bilik Evində "Gənclərin formalaşmasında sosial şəbəkələrin rolu" mövzusunda dəyirmi masa təşkil edib. Tədbirdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun baş məsləhətçisi Nüşabə Hüseynova "Sosial şəbəkələr və milli-mənəvi dəyərlərimiz" mövzusunda mühazirə söyləyib.

Fondun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov "Sosial şəbəkələrin gənclərin dünyagörüşünə təsiri" mövzusunda məruzəsində sosial şəbəklərin yeniyetmələrin inkişafına hesablanmış imkanlarından bəhs edib.

Mühazirələrdən sonra mövzu ətrafında müzakirə keçirilib, iştirakçılar fikirlərini səsləndirib, münasibətlərini bildiriblər.

Tədbirdə ARB "Aranfilm" Yaradıcılıq Mərkəzinin istehsalı olan "Cümhuriyyət tələbələri" sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra Qəbələ rayon Təhsil şöbəsinin metodisti, ixtisasca tarix müəllimi olan Tərbiyə İsayeva tariximizin şanlı səhifələrindən olan Cümhuriyyət dövrünə həsr olunmuş belə tədbirlərin yeniyetmələrin vətənpərvərlik ruhunda formalaşmasında böyük təsir gücünə malik olduğunu söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31