Ölüm xəbəri uşaqlara necə verilməlidir? – Məsləhət
2 Oktyabr 2018 15:41 SosialÖlüm hissi insanları qorxudur. Sevdiyi insanları tərk etmək və ya onlar tərəfindən tərk edilmək, planlanan işlərin yarımçıq qalması və s. düşüncələr insanlara rahatlıq vermir. Böyüklərin bu qədər qorxduğu ölüm uşaqlara necə anladılmalıdır?
Bu barədə sualları cavablandıran uşaq psixoloqu Aytən Cavadlı bildirib ki, uşaqlara başa salınacaq ən çətin mövzulardan biri ölümdür. Bəzən biz uşaqlara ölümü başa salmadan onlar filmlərdən, hekayələrdən ölümün nə olduğundan xəbərdar olurlar: "Əslində uşaqlar ölüm sözünün mənasını tam anlaya bilmək üçün balacadırlar. Məsləhət görərdim ki, uşağın 6 yaşına qədər ölüm haqqında danışılmasın. Çünki 6 yaşına qədər uşaqların bunu necə qavrayacağı çətin məsələdir. 6 yaşdan yuxarı uşaqlar isə artıq məktəb dönəminə hazırlaşır, hər şeyi anlamağa başlayır".
Uşaqlarda itirmək qorxusu
Psixoloq deyir ki, 3-4 yaşlı uşaq ölümü anlamır və ölən şəxsin hansısa uzaq ölkəyə getdiyi, daha sonra geri dönəcəyini düşünürlər. Çünki cizgi filmlərdə onların sevimli qəhramanı ölür və bir müddət sonra geri qayıdır. Buna görə də onlar düşünürlər ki, ölən nənə, baba və ya hansısa yaxın geri gələcək: "Amma 5 yaşdan sonra uşaqlar onların geri gəlməyəcəyini anlayır və onlarda artıq itirmə qorxusu yaranır. Onlar ata-analarını itirməkdə qorxurlar. Belə halda uşaqlara valideynlər başa salmalıdır ki, biz hələ uzun müddət onların yanında olacaqlar, onları tək qoymayacaqlar".
Uşaqları yas mərasimlərinə aparmaq olmaz
Psixoloqun fikrincə, yaxın qohumunu itirən valideynlərin ağlamağı və ölüm haqqında danışmağı çox normaldır. Amma bunlar uşaqlara mənfi təsir edə bilər. Buna görə də az yaşlı uşaqları yas mərasimi olan evlərdən uzaq tutmaq lazımdır. Uşaqları yas mərasimlərinə aparmaq onların psixologiyasına mənfi təsir edə bilər. Məktəb yaşına çatmış uşaqları məzarlığa aparanda onlara belə başa salmaq lazımdır ki, artıq bizim filan qohumumuz aramızda yoxdur:
"Onu unutmayaq deyə, adının yazıldığı daşı düzəltmişik və ziyarət edirik. Çünki, uşaqlara insan öldükdən sonra torpağa basdırılır desək, bu, onlarda travmalar yarada bilir".
Uşaqlara düzgün informasiya verin
A. Cavadlının sözlərinə görə, 3-6 yaş aralığında uşaqlara kiminsə öldüyünü başa salırıqsa, onların çox sual verməyi normaldır. Valideynlər belə hallarda öz emosiyalarına sahib olmalı, ağlamadan suallara təmkinlə cavab verməldir: "Bəzən valideynlər uşaqlara filankəs artıq aramızda yoxdur, o göylərə uçdu, ömürlük yatdı və oynamayacaq kimi informasiyalar verir. Bu, çox yalnışdır. Uşaqlar bunun yalan olduğu bildikləri zaman onlarda valideynlərinə qarşı inamsızlıq yaranır. Artıq valideynlərinin onlara dediklərinə inanmaq yerinə sorğulamağa başlayırlar".
Saçların ağarması ölüm səbəbi deyil
Psixoloq bildirir ki, bəzən uşaqlar nənə və babalarını itirəndə, ölmə səbəblərini soruşanda valideynlər onların artıq qocaldığını, saçlarının ağarıb, əllərinin qırışdığı üçün öldüyünü deyirlər. Uşaqlara ölümü belə başa salmaq yalnışdır.
AzNews.az