Nəsimi rayonunda ahıl vətəndaşlar diqqət və qayğı ilə əhatə olunublar

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilib.

"Olaylar" xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində son illər  pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılmışdır. Gülarə Verdiyeva  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ahıl və yaşlı insanlara göstərdiyi  diqqət və qaygısindan danışmış, onların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar keçirilən  tədbirlərin əhəmiyyətini vurgulamışdır.Çıxışına davam edərək bildirmişdir ki, Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 247 nəfər tənha, kimsəsiz  qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 247 ahıl vətəndaşdan  210 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 178 nəfəri qadın, 32  nəfəri kişidir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 6 nəfər sakin yaşayır. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.

Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva,              "20 yanvar" cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev və digər çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, göstərilən diqqət və qayğıdan danışmış  və onlara göstərilən qaygiya  görə ölkə başçısı cənab İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildirmiş, ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində görülən işlərdə uğurlar arzulamışlar. Tədbirin sonunda iştirakçılar birgə nahar etmiş və incəsənət ustalarının iştirakı ilə rəngarəng musiqi nömrələrini dinləmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31