Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlərin I seçim turu keçirilib

Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlərin müəyyən edilməsi məqsədi ilə I seçim turu  keçirilib. Təhsil Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, fizika, kimya və biologiya fənləri üzrə biliklərini nümayiş etdirən şagirdlər 3 saat ərzində 45 tapşırığa cavab veriblər.

Ölkənin hər bir bölgəsindən  təxminən 1200  şagirdin iştirak etdiyi I seçmə imtahanının nəticəsinə əsasən, 20 ən yaxşı şagird seçilərək hazırlıq prosesinə cəlb ediləcək. Oktyabrın sonunda isə 20 şagird arasında keçiriləcək II seçmə turun nəticəsinə görə ölkəni təmsil edəcək 6 şagird müəyyən olunacaq.

Qeyd edək ki, yeniyetmələr arasında 15-ci Beynəlxalq Elm Olimpiadası (İJSO 2018) 2-11 dekabr 2018-ci il tarixlərində Botsvana Respublikasında keçiriləcək.

Beynəlxalq Olimpiadalara Hazırlıq mərkəzlərinə şagirdlərin seçimi isə sentyabrın 29-da keçirilib. Fizika, kimya, biologiya və riyaziyyat fənləri üzrə keçirilən seçmə imtahanlarında ölkənin bütün bölgələrindən ümumilikdə 1600 şagird iştirak edib. İnformatika fənni üzrə seçim imtahanı oktyabrın birinci yarısında təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31