Dərnəklər müsabiqəsinin ilk mərhələsinə start verilib
1 Oktyabr 2018 16:00 Sosial1 oktyabr 2018-ci il tarixində Binə qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən təşkil edilmiş "Mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların biçmə-tikmə dərnəkləri üzrə müsabiqə" layihəsinin ilk mərhələsinə dair görüş keçirilmişdir.
Görüşdə Bakı şəhərinin 11 Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak etmişdir.
Mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında burada məqsəd olaraq dərnəklərin fəaliyyətinin inkişaf etdirilməsi, stimullaşdırılması, təbliğ olunması, sənaye qabiliyyətinin artırılması, uşaq, yeniyetmə və gənclərin yaradıcılıq dərnəklərinə daha geniş cəlb olunması, müəssisələr, həmçinin dərnəklər arasında təcrübə mübadiləsinin təşkili, istedadlı gənclərin aşkara çıxarılması, dövlət - özəl sektor tərəfdaşlığına təkan verilməsi, mədəniyyət müəssisələrinin müsbət sosial imicinin formalaşdırılması olduğunu qeyd etmişdir. Vurğulamışdır ki, bu müsabiqə mədəniyyət müəssisələrini biznes strukturları ilə birləşdirən layihədir.
Görüsdə həmçinin Elmi-Metodiki Mərkəzin elmi katibi Cavid Əliyev müsabiqə haqqında ideyanın necə yaranmasından söhbət açmışdır. Mərkəzin şöbə müdiri Məzahir Qarayev və sektor müdiri Elnarə Hacıyeva iştirakçıları müsabiqənin şərtləri və qaydaları ilə tanış etmişlər.
Müsabiqə 3 mərhələ və yekun mükafatlandırma mərasimindən ibarətdir:
I mərhələ - Dərnəyin təşkili üzrə fəaliyyətinə baxış (kargüzarlıq işləri, təbliğat fəaliyyəti, dərnək rəhbərinin təhsili və iş təcrübəsi, cəlb olunmuş üzvlər haqqında məlumatlar);
II mərhələ - Dərnəyin ümumi fəaliyyətinin nümayişi (dərnəyin son 3 il müddətində tədbirlər, festival və müsabiqələrdə iştirakı, təltif və diplomları, fəaliyyətinin çeşidliyi, yaş üzrə qrupların sayı, dərnək üzvləri tərəfindən hazırlanmış əl işləri nümunələrinə baxış, dərnək üzvlərinin tədrisi bitirdikdən sonrakı fəaliyyəti və s.);
III mərhələ - Mövzu üzrə veriləcək tematik tətbiqi tapşırığın kreativ icrası.
Yekun mərhələdə - Dərnəklərin ümumi fəaliyyətini əks etdirən sərgisində qaliblərin müəyyənləşdirilməsi və yekun mükafatlandırma mərasimi nəzərdə tutulur.