Müasir reallıqlar şəraitində dünyada təhsilin önəmi durmadan artmaqdadır

İndi təhsil cəmiyyətin hərtərəfli inkişafında həlledici faktora çevrilib

Artıq bir müddətdir ki, yeni tədris ilinə start verilib. Hər il olduğu kimi bu tədris ilində də ölkənin müxtəlif regionları və paytaxtda yeni tədris ocaqlarının istifadəyə verilməsi, təhsildə müsbət keyfiyyətlərlə yadda qaldı. Eyni zamanda həmişə olduğu kimi qarşıda yeni hədəflər də var. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyir ki, ötən dərs ilində  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanılıb, onların reallaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.  Onun sözlərinə görə, Prezident İlham Əliyevin dəstəyi və qayğısının nəticəsi olaraq yeni məktəblərin inşası, o cümlədən ucqar yaşayış məntəqələrindəki yararsız vəziyyətə düşmüş azkomplektli məktəblər üçün modul tipli binaların quraşdırılması, eləcə də ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi bütövlükdə ümumi təhsilin infrastrukturunun yenidənqurulmasına, təlim-tərbiyə şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərib: "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin 14 avqsut 2018-ci il tarixli əmrinə müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən "Ümumi təhsildə keyfiyyət ili"ndə əldə olunmuş müsbət dinamikanın qorunub saxlanılması və mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub.   Yeni tədris  ilinə hazırlıq çərçivəsində ötən dərs ilinin  nəticələri təhlil olunub  və  yeni hədəfləri  əhatə edən fəaliyyət planı hazırlanıb.  Bu planda  ümumi  təhsilin bütün səviyyələri üzrə təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili qiymətləndirmə, buraxılış imtahanları və ali məktəblərə qəbul qaydalarına şamil olunan yeni konsepsiya, o cümlədən məktəblərin reytinqinin müəyyənləşdirilməsi sahəsində ciddi dəyişikliklər nəzərdə tutulub. Bu dərs ilindən başlayaraq məktəblərdə  həftənin ilk iş günü  Vətənpərvərlik nümunəsi kimi  Dövlət himninin ifası ilə başlayır.  Bu da təhsilalanların milli-mənəvi, əxlaqi dəyərlərə sahib olan və əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında  təhsil müəssisələri qarşısında duran əsas vəzifədir.  Bu səbəbdən  2018-2019-cu dərs ilinin əsas   prioritetləri arasında milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, fəal vətəndaş mövqeyinin və milli kimliyin  formalaşmasına xidmət edən fəaliyyətlərə xüsusi diqqət yetiriləcək. Bu il məktəblərin birici sinfinə 165780  uşaq qəbul olunub.   Ümumilikdə isə ümumtəhsil sistemində 1592 317 uşaq  təhsilə başlayıb. Oktyabr ayının 1-dən etibarən məktəblər ölkə üzrə 5 yaşlı uşaqların 75 faizinin məktəbəhazırlıq qruplarında təlimlərinə başlayacaq. Qeyd edim ki, bu dərs ilində birinci siniflərə qəbul olunan uşaqların 65 faizinin məktəbəhazırlıq mərhələsini keçməsi onların məktəb həyatına daha yüksək hazırlıqlı olduğunu deməyə əsas verir ki, bu da öz növbəsində təhsildə keyfiyyət artımına ciddi təsir göstərir. Ümumiyyətlə, dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlığın dövlət büdcəsi hesabına təşkil edilməsi təhsilə dövlət qayğısının təzahürü kimi qiymətləndirilməlidir".

Nazir müavini qeyd edib ki, yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib: "Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar.  11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb. 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib. Ümumiyyətlə, müasir reallıqlar şəraitində dünyada təhsilin önəmi durmadan artmaqdadır.  Günü-gündən güclənən rəqabətlilik dövründə ölkələrin inkişafı məhz təhsildən keçir.  İndi təhsil ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirməklə,  cəmiyyətin hərtərəfli inkişafında həlledici faktora çevrilib.  Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi "Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklərdir" fikirləri mühüm əhəmiyyət kəsb edir.  Buna görə də  təhsilin keyfiyyətli  inkişafına  xidmət edən  dövlət sənədləri   Azərbaycan təhsil sisteminin yenilənməsi və dünya  təhsil məkanına inteqrasiya olunmasında mühüm aspektdir.  2013-cü ildə qəbul edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və  2018-ci ilin iyununda  "Təhsil haqqında" Qanuna edilən dəyişikliklər təhsilin bütün pillə və səviyyələrinin modernləşməsini,  müasir dövrün hədəfləri  nəzərə alınmaqla keyfiyyətli  inkişafını nəzərdə tutur ki, bu da   milli təhsil sisteminin beynəlxalq cəlbediciliyini artırır". Nazir müavini deyib ki.  müasir dövrdə  hər hansı bir ölkənin  inkişafını şərtləndirən əsas amil onun təbii sərvətləri deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsidir: "Bu da bir reallıqdır ki, hazırda öz maddi resurslarını ən səmərəli vasitələrlə və qısamüddətdə insan kapitalına çevirməyə nail olan ölkələr daha çox uğur əldə edir.  Bir sıra ölkələr  öz dövlət strategiyalarında məhz insan kapitalının hərtərəfli formalaşmasına, parlaq zəkaların inkişafına  diqqət yetirir ki, bu da ölkəyə böyük gəlirlər gətirməklə bugünkü inkişaf səviyyəsini təmin edir.  Prezident İlham Əliyevin uzaqgörənliklə söylədiyi "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir" fikirləri ölkə qarşısında həlli vacib vəzifələrin icrasını qoyur.  Bu vəzifələrin böyük hissəsi istənilən ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi olan  təhsilin payına düşür.  Məhz təhsil biliklər iqtisadiyyatının  inkişafına yol açmaqla  insan kapitalının formalaşmasını və  rəqabət dünyasında ölkənin mövqelərinin möhkəmlənməsini  şərtləndirir. Bilik iqtisadiyyatı məhz insan faktorunu önə çəkir.    2013-cü ildə ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış  "Azərbaycan Respublikasında  təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən, əsas hədəflərimizdən biri təhsilin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələbələrinə cavab verən məzunlar  yetişdirməkdir.  Qlobal inkişafa nail  olmaq üçün  insan kapitalının rolu çox vacibdir.  Bu səbəbdən də  təhsil infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi, məzmun islahatları, yeni nəsil dərsliklərin, yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində əldə olunmuş nailiyyətlər təhsildə  insan kapitalının  keyfiyyətinə təsir edən başlıca amillərdir.   Ötən dərs ilində tədrisin təmayüllər üzrə təşkili,  pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi,  müəllimlərin diaqnostik qiymətləndirilməsi,  işə qəbulun mərkəzləşdirilmiş qaydada elektron sistemlə aparılması,  təhsil sisteminə yeni, gənc  müəllimlərin cəlb olunması,  regionlarda məktəb infrastrukturunun  yaxşılaşdırılması, peşə təhsili sahəsində aparılmış uğurlu fəaliyyət, şagirdlərin rəqəmsal savadlılığının artırılması üzrə pilot məktəblərin təşkili, respublika və beynəlxalq olimpiadalarda iştirakın əhatə dairəsinin genişləndirilməsi ümumən  insan kapitalının formalaşmasında mühüm  əhəmiyyət kəsb edib. Bu fəaliyyət növbəti dərs ilində də davam etdiriləcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31