Dərsliklərdə jargon ifadələr, küçə sözləri işlədilə bilməz

Təhsil eksperti: "Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi"

Orta məktəb dərsliklərində vulqar sözlər, jarqon ifadələr zaman-zaman mübahisə mövzusuna çevrilir. Bu cür ifadələr ictimaiyyətin qınağına səbəb olur. Valideynlər bildirirlər ki, uşaqları bu cür ifadələri gündəlik həyatında da istifadə etməyə başlayırlar. Şagirdlər düşünürlər ki, əgər dərslik kitablarında vulqar sözlər, jarqon ifadələr yer alırsa, nə üçün gündəlik həyatlarında bu sözlərdən istifadə etməsinlər.

Lakin vulqar sözlərin kitablarda  müqayisə xarakteri ilə verilməsinə düzgün yanaşanlar da az deyil. Onlar düşünürlər ki, şagirdlərin vulqar ifadələrlə digər sözlərin fərqini bilmələri üçün bu cür müqayisələrin aparılması doğrudur.

Olaylar.az mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədova müraciət edib:

O bildirib ki, hal hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq, dərk etmək 6-17 yaşında olan insanın beyninə görə deyil: "İstifadə olunan  kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçrilən eyni mövzuları mənimsəyiblər.

Hesab edirəm ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı, şagirdlər".

Ekspert qeyd edib ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər - pedaqoji, siyasi və müasir: "Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və "bir udumluq" olmalıdır. Birmənalı suallara birmənalı cavablar və s. Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Ən müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Tədris yönümündən baxanda isə burada peşəkar ekspertlərə ehtiyac var".

Kamran Əsədov vurğulayıb ki, bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar düşünmürlər ki, bu dərsliyi oxuyan uşaq necə olmalıdır: Onlar yalnız bunu düşünür ki, kitabda nə artıqdır, nə yox: "Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Amma sonra hamı narazıdır. Hamı bilir ki, dərslik necə olmalıdır, amma heç kəs dərsliyi lazım olduğu səviyyədə hazırlamır".

Ekspertin sözlərinə görə, bu gün orta məktəblərin bütün siniflərində istifadə olunan dərsliklər şagirdlər üçün əzab mənbəyidir: "Dərslik şagird üçün hazırlanmış olsaydı, onun siması 180 dərəcə dəyişərdi. Avropa dərsliklərinə fikir verin. Qalın, maraqlı, cürbəcür. Əlavə mətnlər, şəkillər, yaradıcı tapşırıqlar. Müəllim bunların 100-də 10-nu istifadə edə bilər. Bu dərsliklərdə qələmlə yazmaq da mümkündür. Bilirsiz, dərslik fikir laboratoriyasıdı. Tapşırıqlarda əlavə göstərişlər olmalıdır. Şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Müəllim şagirdə inkişaf etmək, dəyişmək dərsi öyrətməlidir.

Məqsədi və mahiyyətindən asılı olmayaraq, dərsliklərdə jargon ifadələr, küçə sözləri işlədilə bilməz. Bu şagirdlərə çox pis nümunə ola bilər".

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31