Təlimlərdə iştirak üçün müsabiqənin ikinci mərhələsi başlanır

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan  (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin ikinci mərhələsinə başlanılır. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, ikinci mərhələ oktyabrın 13-də saat 12:00-da S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında (ünvan: Bakı şəhəri, Faiq Yusifov küçəsi 39) həyata keçiriləcək. Namizədlərin saat 10:30-dan etibarən imtahan məkanında olması vacibdir. Müsabiqənin ikinci mərhələsi ilə bağlı əlavə məlumatlar bu mərhələyə keçən namizədlərin elektron poçt ünvanlarına göndəriləcək, eyni zamanda telefon vasitəsi ilə məlumat veriləcək.

İkinci mərhələdə namizədlərə 1 saat ərzində kağız formatda 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək (sual nümunələri əlavə olunur). Təlimlərin keçirilməsinin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31