İNTİHAR EDƏN QIZI DA SƏHV ÇIXARMAQ...
26 Sentyabr 2018 04:55 Sosialİntihar edən adamları həmişə güclü hesab etmişəm. Heyfislənmişəm ki, özünə qıyacaq qədər güclü, cəsarətli olan insan gör yaşamaq üçün necə mübarizə apara bilərdi. Amma aparmayıb. Niyə? Çünki həmin an ağrılar, problemlər ondan daha güclü olub. İntihar bir anlıq yenilməkdir, zəif düşməkdir. O ana qalib gələ bilsən, sonra bu, sənin üçün bəlkə də, gülüb-keçiləcək bir məqam olacaq. Bircə anın qurbanı olur insan. Bəs buna görə adamı qınamaq olarmı? - Yox! İntihar etmə səbəbinə görə adamı "qəbirdən çıxarmaq" lazımdırmı? - Yox! Buna yalnız üzülmək olar. Biz nə edirik? Burada da qalxanımızı, dəbilqəmizi geyinib meydana atılırıq, son damla qanımıza qədər vuruşuruq, ölən adamı səhv çıxarmayınca rahatlaşmırıq.
Fikir vermisiniz, həmişə gənc qızların, xüsusilə də gözəl qızların intiharı bu cəmiyyətdə daha çox maraq doğurur. Onu intihara aparan səbəbləri cəmiyyətimiz yaxşı çeynəyə, uda bilir. Boğazında qalmır, boğulmur, heç "uf" da demir. Əgər bu ölümün kökündə sevgi münasibəti dayanmırsa, özümüzü bu döyüşdə uduzmuş kimi hiss edirik. "Necə yəni, bu qız sevgilisinə görə intihar etməyib?", "Sevgilisi onu atmayıb?", "Qızın əlinə oğlan əli dəyməyib?", "Oğlan qızı öpməyib?", "İndi o qız bakirədir?"...
Həmişə qadınların ölüsünün də, dirisinin də yataq otağı, məhrəmləri bu cəmiyyət üçün daha vacib olub. Bu cəmiyyət üçün onların gözəlliyi, ətəyinin uzunluğu, saçının rəngi, bədəninin ölçüsü arzularından, dünyalarından, sevgilərindən, ağrılarından yuxarıda dayanıb.
Ailəsini dolandıra bilməyən kişinin özünü öldürməyi uzağı 2-3 saat gündəmi zəbt edir. Amma gənc qızların ölümü... Bax bu, əsl materialdır, de ki deyəsən, yaz ki yazasan...
Bir dəfə ərinməyib 23 yaşlı gənc qızın intihar xəbərinə yazılan yüzlərlə şərhi oxudum. Başqa vaxt "Hökmü verən Allahdır, onun işinə qarışa bilmərik" deyə bizim gözümüzü çıxaranlar indi bütün dini biliklərini bu gənc qızın intiharı mövzusunda sərgiləyirlər. Ona "rəhmət düşmür" deyirlər. Bunun üstündə davaya çıxırlar. Hər kəs öz qafasına görə bu ölümə yozum verməyə, haqlı olduğunu sübut etməyə çalışır. Başa düşmədiyim budur: adamlar bununla nə qazanırlar? Bu, natamamlıq kompleksi deyil, bəs nədir? Bu komplekslə yaşayan insanların isə intihar ehtimalı daha yüksəkdir. Çünki adamlar haqqında bu cür rəy verib varlığını sübut etmək, özünü yüksək məqama çatdırmaq, daha ağıllı, savadlı, əxlaqlı göstərmək istəyənlər özlərinə ölümlərindən sonra belə diqqət cəlb etmək üçün intihara əl atırlar. Bunun izahını psixoloqlar daha yaxşı verə bilərlər. Ona görə də ittiham etmək, hökm eləmək əvəzinə özünüzü, cəmiyyəti narahat edən suallar, problemlər, gələcəyiniz barədə düşünün.
Heç kim doğmasının sabah özünü asacağını ağlına belə gətirməz, amma sabah bu olur, bundan da betəri olur.
Bu gün məktəbdə yığılan süpürgə pulunu apara bilməyən uşaq intihar edir, təhsil haqqını ödəyə bilməyən tələbə intihar edir, borcunu qaytara bilməyən ata intihar edir, ərini başqasıyla tutan qadın intihar edir, qaynanasından tənə eşidən gəlin intihar edir... Hamımızın evində məktəbli var, tələbə var, ata var, ana var, gənc qız var. Və biz onların ürəyindən nə keçdiyini bilməyəcək, öyrənməyəcək qədər laqeydik. Bir evin içində yaşasaq da, məişət problemləri, qayğılar onları bizdən uzaqlaşdırıb. Bu reallıqda hələ də intihar edən bir qıza "daş atmaq" olarmı?
Yaxşı, intihar edən Allaha asi düşüb, heç olmasa, siz düşməyin, ölənin ruhunu narahat eləməyin. Onsuz da bu dünyadan narahat köçürlər... DƏLİ DOLU