Ey hörmətli müəllim! Hər könüldə yerin var

Olsun, olsun səninlə xoşhal, Yetsin, yetsin kəmalə ətfal, Görsün, görsün pəsərlərində, Sabir-sabir pədərlər iqbal! (Mirzə Ələkbər Sabir "Məktəb şərqisi")

Olsun, olsun səninlə xoşhal,

Yetsin, yetsin kəmalə ətfal,

Görsün, görsün pəsərlərində,

Sabir-sabir pədərlər iqbal!

(Mirzə Ələkbər Sabir "Məktəb şərqisi")

Bəziləri mentalitet və yersiz adətləri bir-birinə qarışdırdığı üçün əksini düşünsə də Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Bu sərvət özündə əxlaq, mədəniyyət, milli ruh anlayışlarını birləşdirir. Əxlaqi dəyərlərimizdə isə düzgün tərbiyə mühüm yer tutur. Bu səbəbdəndir ki, xalqın dilində təlim-tərbiyə sözü hər zaman yanaşı işlənib. 100 il bundan əvvəldən bu günə qədər də ziyalılarımız yetişməkdə olan təlim-tərbiyəli gənc nəslə xalqın, vətənin ümidi kimi baxırdı. Bu iki anlayış vəhdət təşkil etmədikdə isə geriyə nə təlim, nə də tərbiyə qalır. Lakin son dövrlərdə təlim, tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini itirməyə doğru meyillənib. Bəs bu əxlaqi geriləmənin səbəbi nədir?

Bir çox şeyin təməli ailədən gəlir. Məsələn, vətənə, doğmalarına, uşaqlara, digər canlılara, ətraf-mühitə sevgi, qayğı, hörmət. Digər müsbət keyfiyyətlər- ədalətlilik, təvazökarlıq da bunların bərabərində gəlir. Tərbiyə isə bütün bu amilləri özündə birləşdirir.

Bəs tərbiyə ailə ilə yanaşı harada davam edir?

"Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, eyni zamanda, uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq təhsil verənlərin əsas vəzifəsidir.

Uşaqlar məktəbə başlamazdan əvvəl məktəbəqədər tərbiyə müəssisələrinə göndərilir. Bu müəssisələr təhsil sistеminin ilkin pilləsi sayılır. Belə müəssisələrin vəzifəsi hələ məktəbə başlamayan uşaqlara təlim və tərbiyəni aşılamaqdır. Lakin vəzifəsinin məsuliyyətini, mahiyyətini anlamayan tərbiyəçilər barədə də az xəbərlər eşitməmişik. Valideynləri tərəfindən tərbiyəçilərin vicdanına əmanət edilmiş 2-4 yaşlı uşaqların qeyri peşəkarlar tərəfindən onların xəsarət alacaq dərəcədə döyülməsi unudulacaq tərzdən deyil. Hərçənd ki, vicdanlı olmaq üçün peşəkar olmağa ehtiyac yoxdur. İnsan olmaq kifayətdir. 

Məktəbəqədər tərbiyə müəssisələrini bir kənara qoysaq bəs adını elm təhsili ocağı qoyduğumuz məktəblərdə təlim-tərbiyə mövzusunda vəziyyət ürəkaçandırmı?

Sentyabr ayı özü ilə birlikdə bir çox həyəcanları da gətirir. Bu ayı boş yerə başlanğıclar ayı adlandırmayıblar. Sentyabr valideynlər üçün xüsisi əlamətdar bir aydır. Çünki bəzi valideynlər övladlarını bu ayda ilk dəfə olaraq orta məktəbə, bəziləri isə ilk dəfə olaraq ali təhsil müəssisələrinə yola salır. Bu həm valideynlər, şagirdlər, həm də tələbələr üçün şirini-acısı ilə il boyu davam edəcək təlaşların başlandığı aydır.

Təlaşı, həyacanı isə sinif otaqlarında deyil, məhz şəhərin magistral yollarından başlayır. Yəqin ki, illər sonra gəncdən birinci sinfə getdiyin ilk dərs gününü necə xatırlayırsan dedikləri zaman yollardakı tıxacdan bəhs edib, valideynlərinin onları ilk dərs gününə gecikməmək üçün hansı həyacanla məktəblərə çatdırdıqlarından danışacaqlar... 

Ekspertlər hesab edirlər ki, tıxac probleminin aradan qaldırılması üçün onu doğuran əsas səbəblərin müəyyən edilməsi və şəhərsalmada yol verilmiş yanlışlıqlara qarşı tədbirlərin görülməsi vacib şərtlərdəndir. 

Ekspertlərin dediyindən belə çıxır ki, yollardakı vəziyyət düzələn işdir...

Platon isə deyir ki, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır.

Bəs bu prosesdə elm, təhsil, təlim, tərbiyə ocaqları  öz üzərinə düşəni edirmi?

Çox uzağa getmədən qeyd edim ki, məktəblərin açıldığı son 3-4 günə nəzər yetirsək bu baxımdan ürəkaçan heç nə eşitməmişik. Müəllim öz çalışdığı müəssisəyə onlara əmanət edilən şagirdlərə nəzər yetirmədən, hörmət etmədən nalayiq hərəkətlər edirsə burada hansı təlim-tərbiyədən danışmaq olar.

Bu cür müəllimlər anlamayacaq ki, əgər şagirdlərin nizam-intizamından şikayət edirlərsə orada nizamın da, intizamın da dayağı məhz özləridir. 

Fərz edək ki, özündən yol istəyən sıra yoldaşına yazı yazdığı üçün aqressiv cavab verən şagird müəllimin gözündən yayınmır. Müəllim şagirdə ona heç bir kobudluq etmədən, mədəni olaraq yoldaşlarına qarşı daha səbirli olmağı aşılamağa çalışır. Müəllimin sözlərindən təsirlənən şagird yoldaşından üzr istəyir və bundan sonra digərlərinə qarşı daha sakit və səbirli olmağın daha yaxşı olacağını düşünür. Müəllim verdiyi nəsihətlə şagirdin xaraketinə gözəl xüsusiyyət qazandırmış olar. 

Bəs sonra?

Dərsin irəliləyən dəqiqələrində sinif otağına gəlmiş digər müəllim, şagirdlərin gözü özündə öz müəllim yoldaşından üzr istəyərək vaxt azlığı səbəbilə ona tapşırdığı işin öhdəsindən gələ bilmədiyini söyləyir.

Burada müəllim şagirdə az əvvəl verdiyi nəsihəti nümunə olaraq göstərə bilmək fürsəti əldə edir. Lakin o nədir? Yoldaşına qarşı səbirli olmasını şagirdə aşılamasına rəğmən səbirli və anlayışlı davrana bilmir. Ondan üzr istəyən müəllim yoldaşına şagirdlərin gözü önündə aqressiv və sərt cavab verərək müəllimin pərt vəziyyətdə sinifdən çıxmasına səbəb olur. 

Buradan aydın olur ki, pedaqoqun saatlarla nəsihət etməkdənsə bir dəfə nümunə olması daha effektiv təlim-tərbiyə üsuludur.

Şagirdlərin gözü önündə heç bir mədəniyyətə sığmayan hərəkətlər etdikdən sonra saatlara təlim-tərbiyə keçməyin heç bir mənası yoxdur... 

Dərs ili təzə başlayıb. Hələ çox söhbətlərimiz olacaq

Nigar Orucova 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31