Elektron qeydiyyatın vaxtı uzadılıb
25 Sentyabr 2018 13:58 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinin vaxtı sentyabrın 28-dək uzadılıb. İdarədən "OLAYLAR"-a bildirilib ki, elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 29-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 21 803 ərizənin onlayn qeydiyyatı (25.09.2018-ci il tarixinə saat 11:00-a olan məlumata əsasən) aparılıb.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.