Göygölün xurma bağlarında qonur ləkəlilik aşkar olunub
25 Sentyabr 2018 12:37 SosialKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssiləri tərəfindən Göyçay rayonunun Qızılağac, Poti, Kürdəmiş kəndlərini əhatə edən 158 hektar xurma bağında fitosanitar müşahidələr aparılıb və 16 hektar sahədə xurma ağaclarının yarpaqlarında qonur ləkəlilik xəstəliyinə sirayətlənmə aşkar olunub. Nazirlikdən "Olaylar2a bildirilib ki, aparılan araşdırmalar nəticəsində xəstəliyin törədicisinin göbələklərin olduğu müəyyən edildiyi üçün Göyçay rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri fermer təsərrüfat sahibləri ilə görüşlər keçirərək kimyəvi mübarizə tədbirlərinin aparılması ilə bağlı müvafiq tövsiyələr veriblər. Fermerlərin nəzərinə çatdırılıb ki, kənd təsərrüfatı bitkilərinin xəstəliklərinin əlamətləri aşkar olunub-olunmamasından asılı olmayaraq, mütləq ilkin yazdan başlayaraq profilaktiki mübarizə işləri aparılmalıdır. Mübarizə işləri çiçəkləmədən əvvəl və çiçəkləmədən sonra da bir neçə dəfə müxtəlif tərkibli preparatlardan istifadə etməklə davam etdirilməlidir. Meyvə yığıldıqdan sonra xurma bağlarında kompleks mübarizə tədbirləri həyata keçirilməlidir. Xəstəliklə sirayətlənmiş bitki qalıqları, yarpaqlar yığılaraq məhv edilməli, aqrotexniki qulluq işləri aparılmalı (ağacların dibi bellənməli, budama işləri aparılmalı, vaxtı-vaxtında sulanmalı), bitkinin xəstəliklərə dayanıqlığını artırmaq üçün vaxtında üzvi və mineral gübrələr verilməlidir.