Xəzərdə tornado xəbəri yayıldı: rəsmi qurumlar təsdiqləyirmi...

Umayra Tağıyeva: "Bu hadisəni Abşeron yarımadasında yerləşən hidrometeoroloji stansiyalar qeydə almayıb"

Sosial şəbəkələrdə sentyabrın 23-də  Xəzər dənizində böyük qasırğa nəticəsində suyun yüksəyə qalxması ilə bağlı video yayılıb.

Yayılan məlumatlarda bildirilir ki,  hadisəni yaxınlıqda olan gəmi kapitanlarından biri lentə alıb və bu video "Xəzərdə tornado" başlığı ilə paylaşılıb.

Onu da qeyd edək ki, 2013-cü ilin may ayında da Xəzərdə tornado olması ilə bağlı xəbərlər yayılmışdı. Lakin bu məlumatlar təsdiqlənmədi və rəsmi dairələrdən bildirildi ki, Xəzərdə hər hansı bir tornado hadisəsi ola bilməz.

"Yeni Müsavat"a danışan  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva aşağıdakıları bildirib:

"Sosial şəbəkələrdə yayılan videogörüntülərdə Xəzər dənizi üzərində qeyri-adi hadisənin baş verməsi lentə alınıb. Öncə bildirmək lazımdır ki, bu hadisəni Abşeron yarımadasında yerləşən hidrometeoroloji stansiyalar qeydə almayıb. Buna görə də hadisənin dəqiq vaxtı və başvermə ərazisini nə təsdiqləmək, nə də inkar etmək mümkündür.  Videogörüntüdə müşahidə etdiyimiz proses smerç (burulğan) hadisəsidir. Bu hadisə Xəzər dənizi akvatoriyası üçün demək olar ki, nadir hadisədir. Smerçlərə partlayan meteoroloji hadisə deyilir.

Umayra Tağıyeva ile ilgili görsel sonucu

Smerç - buludların altında yaranan güclü, lakin kiçikmiqyaslı burulğan, vertikal, bəzən əyilmiş oxa, tünd rəngli bulud sütununa bənzəyir. Smerçin yaranması atmosferin aşağı qatlarında  atmosfer stratifikasiyasının xeyli qeyri-stabilliyi ilə səciyyələnir. İqlimşünaslar tərəfindən yarım əsrlik meteoroloji məlumatları analiz edərkən qeyd edirlər ki, smerçlərin yaranması riski artır.

Mülayim qurşaqda yerləşən ölkələr üçün bu, nadir hadisədir, lakin artıq Xəzər dənizində də bu hadisənin müşahidə olunması, dəniz suyunun son onilliklərdə keçən əsrin axırları ilə müqayisədə 2 dərəcəyədək artması ilə əlaqələndirilir".

Tağıyeva bildirib ki, beynəlxalq təcrübədə statistik təhlil göstərir ki, meteoroloji şəbəkənin seyrəkliyi üçün çox hallarda, belə hadisə baş versə də, nə meteostansiya, nə də radiolakator smerçı qeydə almır: "Smerç hadisələri proqnozlarda da öz əksini tapmır. Smerç hadisəsinin praktiki olaraq qabaqcadan proqnozlaşdırılması hidrometeorologiya elmində bu vaxta qədər həllini tapmayan ən çətin məsələlərdən biridir. Onların yaranması və inkişafı sayılı dəqiqələr arasında baş verir. Müasir rəqəmli modellər vasitəsilə smerçlərin yaranma yerini və vaxtını təyin etmək hələ ki mümkün deyil. Smerç proqnozunun qəliz məsələ olduğunu ABŞ-ın hidrometeoroloji xidmətinin hesabatlarından görmək olar. Belə ki, 1990-cı illərdə yalnız 6 dəqiqə qabaqcadan smerçin olmasını müəyyən etmək olardı, hazırda isə bu müddətin 15 dəqiqə qabaqcadan göstərilməsi böyük nailiyyət kimi qiymətləndirilir. Bu proses baş verdikdə müasir radiolokatorlar vasitəsilə prosesin inkişafını və hərəkət trayektoriyasını izləmək olar. Lakin qeyd etmək lazımdır ki, risklərin olması və hadisənin baş verməsi fərqli anlayışlardı. İstənilən proqnoz bir fərziyyədir. Son onilliklərdə Xəzər dənizinin şimal akvatoriyasında (Qazaxıstanda, Mahaçqalada) bu hadisələr müşahidə olunub".

Telman Zeynalov ile ilgili görsel sonucu

"Yeni Müsavat"a danışan ekoloq Telman Zeynalov isə bildirib ki, indiyə qədər Xəzər dənizində hər hansı bir tornado hadisəsi olmayıb:

"Söhbət Xəzər dənizinin göl olmasından getmir. Tornadonun baş verməsi üçün mənfi və müsbət təzyiqlər toqquşmalıdır. Tornado hadisəsi yalnız bu halda baş verə bilər. Xəzərdə isə belə bir hal müşahidə olunmayıb. Azərbaycanda demək olar ki, çox nadir hallarda bu cür hal yaranır. 76 yaşım var və indiyədək eşitməmişəm ki, Xəzər dənizində tornado baş versin. Xəzər dənizində daha çox qasırğa hadisəsi baş verir. Gəmiçilərin arasında belə fikir var ki, deyirlər, Xəzər dənizində təcrübə keçməyən gəmiçi deyil.  Xəzər dənizində qasırğa olan zaman ləpələrin hündürlüyü 10 metrdən də yüksək olur. Bu səbəbdən Xəzərdə xeyli gəmi batıb. Neftçilərimizin faciəsini xatırlasaq, hər şey aydın olar".

Xəzər dənizində sunami hadisəsinin baş verə biləcəyi ilə bağlı da sosial şəbəkələrdə məlumatlar paylaşılır. Mütəxəssis bildirib ki, Xəzərdə sunaminin də baş verməsi mümkün deyil:

"Çünki Xəzərin ərazisi böyük deyil və dərinlik də aşağıdır. Sunami hadisəsi zəlzələ baş verən zaman yaranır. Zəlzələ zamanı su yığılır və yenidən buraxılır. Xəzərdə isə bu hal təxminən suyu 20-30 santimetr qaldıra bilir.  Bundan artıq qalxma ola bilməz. Bir qədər sonra isə qalxan su yenidən geri çəkilir. Xəzərdə hər gün zəlzələ baş verə bilər. Xəzərin dibindən neft-qazın çıxarılması da sunami kimi hadisələrə səbəb ola bilməz. Bu, yalnız çökməyə gətirib çıxara bilər. Xəzərin dibi yata bilər. Dib yatan zaman isə Xəzərin suyu aşağıya düşə bilər. Bəziləri deyirlər ki, Xəzərin şimal hissəsi quruyacaq. Mən hesab edirəm ki, bu, yanlış fikirdir. Alimlər əvvəl deyirdilər ki, suyun aşağı enməsi buxarlanmadan asılıdır. Lakin sonradan öyrəndilər ki, burada təkcə buxarlanma hadisəsi rol oynamır. Eyni zamanda zəlzələ, vulkan da proseslərə təsir göstərən amildir. Böyük Qafqaz və Kiçik Qafqaz hələ tam formalaşmayıb. Orada proseslər baş verir. Bu səbəbdən də Xəzər dənizi də qalxa və enə bilər. Lakin qalxmaq dedikdə, indiki bulvar ərazisinin su altında qalması kimi məsələlər nəzərdə tutulmur. 2030-cu ilə qədər Xəzər dənizi uzaq başı 1 metr qalxa bilər. Bundan artıq suyun qalxması mümkün deyil".

Əli RAİS,
"Yeni Müsavat"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31