İnternat məktəbində "Uşaqlar bizim gələcəyimizdir" tədbiri keçirildi
Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə Bakının Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli respublika xüsusi internat məktəbində "Uşaqlar bizim gələcəyimizdir" başlığı altında tədbir keçirildi.
24 Sentyabr 2018 17:28 SosialPirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə Bakının Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli respublika xüsusi internat məktəbində "Uşaqlar bizim gələcəyimizdir" başlığı altında tədbir keçirildi.
Olaylar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan 4 nömrəli respublika xüsusi internat məktəbinin direktoru Vəfa Seyidova 1967-ci ildən fəaliyyət göstərən məktəbin 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən sökülərək yenidən inşa olunması, fəaliyyəti barədə məlumat verdikdən sonra valideyn himayəsindən məhrum olan uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov isə çıxışında vurğuladı ki, ölkəmizdə uşaqların gələcəyi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Xüsusilə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biri uşaqlara diqqət və qayğı göstərməkdir: "Ümummilli lider Heydər Əliyev uşaqların ən yaxın dostu və qayğıkeşi idi. Bu gün ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uşaqlara diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Uşaqlar bizim gələcəyimizdir. Günü-gündən inkişaf edən, çiçəklənən respublikamızın gələcəyi sizlərin əlinizdədir".
Tədbir tanınmış incəsənət nümayəndələrinin, müğənni və rəqqasələrin maraqlı çıxışları ilə davam edib.