Marketlərin “hədiyyə” fırıldağı - FOTO

“Bizim Market” istehlakçıları necə aldadır?

"Bizim Market" istehlakçıları necə aldadır?

Son zamanlar ölkənin ticarət şəbəkələrində keyfiyyətsiz, mənşəyi bəlli olmayan, insan orqanizmi üçün zərərli olan malların satış faizi artıb. Vəziyyət o həddə çatıb ki, insanların gündəlik qida rejiminə daxil olan ərzaq məhsulları antisanitar, heç bir standarta cavab verməyən şəraitdə satışa çıxarılır. Məhz bu səbəbdən ölkənin ticarət şəbəkələrində keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəli olan malların satışına tez-tez rast gəlinir. Yararlılıq müddəti ötmüş, mənşəyi bəlli olmayan malların satışa çıxarılması bir yana, üstəlik onların saxlanma şəraitinə də diqqət yetirilmir. Acınacaqlı hal ondan ibarətdir ki, belə vəziyyət paytaxtın ən məhşur satış mərkəzlərində müşahidə olunmaqdadır. Daha doğrusu, iri ticarət şəbəkələri yararlılıq müddəti ötmüş malları satışdan çıxarmaq əvəzinə, onlardan əlavə qazanc mənbəyi kimi istifadə edirlər. Özü də stimullaşdırıcı reklam adı altında vətəndaşları aldatmaqla.

Redaksiyamıza müraciət edən Bakı şəhər sakini Südabə Mahalqızı bildirib ki, son vaxtlar paytaxtın ticarət şəbəkələrində keyfiyyətsiz, yararlılıq müddəti ötmüş ərzaq məhsularının satışı adi hal alıb. Bununla kifayətlənməyən sahibkarlar vaxtı ötmüş məhsulları müxtəlif şirnikləşdirici üsullarla alıcılara sırıyaraq onların həyatını təhlükə altında qoyurlar. Vətəndaş bildirir ki, uşağı aldığı ərzaq mallarına görə hədiyyə kimi verilən şirniyyat məmulatından zəhərlənib və həyatı üçün ciddi təhlükə yaranıb: "Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov ünvanında yerləşən "Bizim Market" mağazasından "Amerikano" və "Kremali"  peçenyeləri aldım. Sözügedən məhsul xüsusi qaydada hazırlanmış "hədiyyə" kağızları ilə elə sarınmışdı ki, onun mənşəyi və istehsal tarixi barədə məlumat almaq qeyri-mümkün idi. Sonradan araşdırma zamanı bəlli oldu ki, "Kremali" peçenyesinin  yararlılıq müddəti  saxlama şəraitinə riayət olunduğu təqdirdə 6  aydır. Belə məlum olur ki, həmin məhsulun yararlılıq müddəti avqust ayında bitsə də sahibkar sözügedən məhsulları satışdan çıxarmaq əvəzinə, onları "hədiyyə" adı altında alıcılara sırıyır.

Şikayətçinin göstərdiklərinə əsasən həmin peçenyeni övladı yedikdən dərhal sonra kəskin şəkildə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və yalnız həkim müdaxiləsindən sonra övladının həyatı təhlükədən qurtarıb.

Hüquqşünas Alim Hüseynli bildirib ki, istehlakçıların hüquqlarının müdafiəsi həmişə dövlətin prioritet istiqamətlərindən biri olub və son illər bu sahədə əhəmiyyətli işlər görülməkdədir. İstehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının qorunmasında dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən sahibkarların da üzərinə böyük vəzifələr düşür. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli, 94 №-li Qərarı ilə "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları" təsdiq edilmişdir. Həmin qaydalarda istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə obyektin infrastrukturuna, sanitar-gigiyenik vəziyyətinə, malların daşınmasına, obyektə qəbul edilməsinə, saxlanmasına, satışı şərtlərinə, hesablaşmaların aparılmasına və s. məsələlərə dair çox saylı tələblər qoyulmuşdur.

Onun sözlərinə görə, mövcud qanunvericilikdə istehlakçının aldığı malın çəkisi, ölçüsü, miqdarı haqqında satıcıdan  tam və düzgün məlumat almaq hüququ təsbit edilmişdir. İstehlakçının bu sahədəki hüquqlarını təmin etmək məqsədilə satıcı müştəriyə aldığı malın çəkisinin və ölçüsünün düzgün olduğunu müəyyən etmək üçün obyektdə ticarət və ya xidmət zalında görünən yerdə nəzarət tərəziləri və başqa ölçü avadanlıqları yerləşdirilməlidir. Sahibkar həmçinin müştəriyə onu maraqlandıran malın qiyməti, istehsal tarixi, saxlanma müddəti, istehlak xüsusiyyəti (ərzaq məhsulları barədə həmçinin onun tərkibi, kaloriliyi, sağlamlıq üçün zərərli olan maddələrin mövcudluğu haqqında) alınma şərtləri, maldan istifadə üsulları və qaydaları, onların müddətləri, saxlanma şərtləri və təhlükəsiz istifadə edilməsi haqqında dürüst məlumatlar verməlidir. Bu məlumatlar hər bir malın istehsalında istinad olunan standartın və digər normativ sənədlərin tələblərinə uyğun olaraq onun üzərində və ya mala əlavə edilən yarlıqda öz əksini tapmalıdır. Bu proses əsasən istehsal mərhələsində həyata keçirildiyindən, ilk növbədə istehsalçı malın üzərində həmin məlumatların tam və düzgün şəkildə yerləşdirilməsini təmin etməlidir. İstehlak bazarında aparılan yoxlama və monitorinqlər zamanı bəzən malın üzərində həmin məlumatların tam şəkildə yerləşdirilmədiyi və ya bəzi məlumatların (xüsusilə istehsal tarixi və saxlanma müddətləri ilə bağlı) qeyri-dəqiq yerləşdirildiyi halları müşahidə olunur. Bu isə müvafiq standartın və ya digər normativ sənədlərin tələblərini pozmaq deməkdir. Bu cür malların satışdan çıxarılaraq məhv edilməsi və zərərsizləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir. Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsində normativ sənədlərin tələblərini pozulması və istehlakçıların çəkidə, qiymətdə və s. aldadılması ilə bağlı inzibati qaydada məsuliyyət nəzərdə tutulur.  

Hüquqşünac bildirib ki, satışa çıxarılan malın üzərindəki məlumatlar müvafiq xarici dillərlə yanaşı Azərbaycan dilində də yazılmalıdır. Bu problem xüsusilə idxal mallarında özünü göstərir. Xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar malları sifariş verərkən istehsalçı müəssisə tərəfindən zəruri məlumatların dövlət dilində də yazılmasını təmin etməlidirlər. Digər tərəfdən istehlakçıların malların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq hüququ vardır. Bu səbəbdən sahibkar malları obyektə mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, gigiyenik, uyğunluq, fitosanitar, baytarlıq sertifikatları və s.) əsasında qəbul etməli və satışa çıxarmalıdır. Hər bir sahibkar bilməlidir ki, mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər olmayan, eləcə də saxlanma və yararlılıq müddəti ötmüş malların satışı qadağandır. Onun sözlərinə görə, malları saxlanması və daşınması zamanı qanunvericiliklə müəyyən edilmiş qaydalara və tələblərə riayət edilməsi vacib məsələlərdən biridir. Hazır məhsullar anbarda saxlanma qaydalarına və temperatur rejiminə düzgün əməl etməklə çeşidlər üzrə və partiya nömrələri nəzərə alınaraq yığılmalıdır. Eyni zamanda qabı xarab olmuş, cırılmış, istehsal tarixi, partiya nömrəsi yazılmayan, etiketsiz məhsulları realizə ediləcək məhsullarla bir yerdə saxlamaq yol verilməzdir. Normativ sənədlərin tələblərinə uyğun olaraq ərzaq xammalı, köməkçi materiallar və hazır məhsullar obyektdə müvafiq temperatur rejimində saxlanmalıdır. Bu barədə məlumat məhsulun etiketində və ya ona əlavə edilmiş yarlıqda qeyd olunur. Satıcı və ya icraçı xammalın, köməkçi materiaların və hazır məhsulların anbarda və ya xidmət zalında həmin temperatur rejimində saxlanmasını təmin etməlidir. Bunun üçün isə obyekt soyuducu və digər zəruri avadanlıqlarla təchiz olunmalıdır: "Eyni zamanda obyektdə mövcud şərait sanitar norma və qaydaların tələblərinə vacab verməlidir. Ticarət obyektləri iş gününün sonunda yığılmış zibil və məişət tullantılarını uzaqlaşdırmaq üçün lazımi sayda və zəruri tələblərə cavab verən zibil qabları, ictimai iaşə obyektləri əlavə olaraq lazımi tələblərə cavab verən kanalzasiya sisteminə malik olmalıdır. Məlum olduğu kimi, ictimai iaşə obyektlərində hazırlanan məhsulların istehlak ömrü çox qısa olur və onlar sertifikatlaşdırılması tələb olunmur. Hər bir sahibkar hazırladığı ictimai iaşə məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə ilk növbədə özü əmin olmalıdır. Bu məqsədlə hazırlanan ictimai iaşə məhsullarının keyfiyyətinin vaxtaşırı müvafiq səlahiyyətli orqanların laboratoriyalarında yoxlamadan keçirilməsi təmin edilməlidir".

Qeyd edək ki, sözügedən məhsulların Ermənistanda da ixracatçısı var.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31