Açılmayan düyün - Azərbaycan kişisinin  orta məktəbdə düyünə düşmüs standartları gündən-günə bərkiyir

Züleyxa NADİR Açılmayan düyün

Züleyxa NADİR

Açılmayan düyün

Bir var orta və ali məktəb, bir də var həyat məktəbi. Hər iki məktəbin öyrədəni də,  öyrəncisi də insandı. Amma  bu məktəblər arasında çox böyük fərq var. Birincilərin öyrədəni öz öyrəncisini sonrakı həyat məktəbinə hazırlayır. Bu hazırlıq mükəmməl və tam olanda həyat məktəbinə qəbul olmaq, orda oxuyub bilgi əldə etmək asan başa gəlir. Zəif hazırlıqlı olanda isə insan  həyat məktəbinin birinci sinfindəcə kəsilib qalır. Həyat məktəbindən kəsilənlərin amansızcasına sinifdə qalmasında kim günahkardı? Müəllim, yoxsa özü? Sualın cavabını çox geniş şəkildə izah etmək mümkündü.  Həyatın amansızlıqlarına qalib  gəlmək üçün öyrədənin də, öyrəncinin də ayrıca məsuliyyəti var. Bu, başqa mövzudur, məqsədim o deyil.

Bu gün Azərbaycanda olduqca məsuliyyətli, savadlı, elmli, peşəsini sevən, şagirdlərinə övladları qədər  qayğı göstərən  müəllimlər çoxdu, heç kim bunu inkar edə bilməz. Və məktəbin, eləcə də  təhsilin problemləri məhz bu müəllimlərin çiynindədi. Bütün əyər-əskiklər orta məktəb müəllimlərinin fəaliyyətində üzə çıxır. Müəllim-şagird münasibətlərində vacib olan  qarşılıqlı hörmət,  diqqət və xoş rəftar kimi amillər bəzən arxa planda  görünür.  Müəllim səbrli, təmkinli olmalı, şərəf və ləyaqətini qorumalı, şagird isə müəlliminə inam, etibar və güvənc nümayiş etdirməlidir.

***

Məktəb elə bir yerdir ki, burada yüzlərlə xarakter, davranış,  münasibət hər gün bir-biri ilə üzləşir, toqquşur.  Bu zaman yaranan düyünü əsasən müəllim açır. Müşahidələr göstərir ki, bu gün Azərbaycan məktəblərində çox hallarda həmin  düyünü aça bilmirlər. Çünki müəllimlərin çoxu, eləcə də məktəb rəhbərliyində təmsil olunanların 80 faizi qadınlardı.

Qadın  zahirən zərifdi, zəifdi, daxilən isə güclüdü, kişidən üstündü. Qadın müəllimlik edəndə nə qədər çalışsa da daxili gücünü, mənəvi üstünlüyünü  sinifdə nümayiş etdirə bilmir. Çünki o bütün gücünü şagirdinə elm  öyrətməyə, bilik verməyə sərf edir. Qadının zərifliyi imkan vermir ki, sərtlik nümayiş etdirsin (istisnalar var əlbəttə).  Şagirdi ilə manasibətlərdə qadındakı analıq hissi ön plana keçir,  ipəyatmaz şagirdini məzəmmət etməkdə çətinlik çəkir, ona  sərt təpki verə bilmir. Oğlan ana zəhmindən qorxmur, çünki bu zəhmin pərdəsi mülayimdi, yumşaqdı, baxışı mehribandı. Bundan başqa bir çox məktəblərdə qadın müəllimlər məktəbə  çox bəzək-düzəkdə  gəlir, müəllimdən çox az qala  müğənniyə oxşayırlar.  Uşaqlarla ünsiyyət quranda da elə  davranış  sərgiləyirlər ki, oğlanlar qarşısındakının müəllim olduğunu unudub ona başqa gözlə baxmaq məcburiyyətində qalırlar. Bəlkə də elə bu səbəbdəndir ki,  bəzi oğlanlar bəzənib-düzənməyə üstünlük verir, küsəyən olur, incə görünməyə çalışırlar. Bu, çox böyük bəladır.

Kişi müəllimlər çox olan  təhsil olcaqlarında bu cür ağrılı bəla ola bilməz. Kişinin fiziki gücü, sərtliyi şagirdi ilə ünsiyyət qurmaqda  fərqli ortam yaradır. Xüsusilə də oğlanlarala  münasibət qurmaqda qadın müəllimdən fərqli olaraq kişi müəllimin xarakteri ilə şagirdin dünyagörüşü üst-üstə düşür. Təhsil ocaqlarında təkcə  bilik verilmir ki?! Şagirdlər həm də bu ocaqda şəxsiyyət kimi formalaşır, insanı keyfiyyətləri özündə formalaşdırmağı  tərbiyə edirlər.

Ailədə tərbiyəçi rolunda əsasən ana  rol oynayır. Doğrudu qız övladı ilə, oğlan övladı arasında tərbiyə tərəzisi  fərqli çəkmir, eyni ölçüdə, eyni biçimdə, eyni çəkidə olur. Amma oğlan uşağının daha çox  atası ilə birlikdə olması, ondan öyrənməsi, gördüklərini, bildiklərini soruşub onunla müzakirə etməsi o uşağın  kişi kimi formalaşmasında çox böyük rol oynayır. Eləcə də qız uşağı ailədə gördüyü KİŞİdən çox şeylər öyrənir, görür-götürür. Ailədə KİŞİnin  tərbiyə prosesindəki  təsiri övladın gələcək həyatında  çox böyük yer tutur.

***

Məktəb də cəmiyyətdə ikinci ailə rolunu oynayır.  Eyni məntiqlə demək olar ki, bu ailədə də KİŞİnin rolu, tərbiyəsi çox vacibdi. Elə şagirdlər var ki, atası yoxdu, körpəlikdən onu itirib. Belə halda təhsil aldığı məktəbdə kişi müəllim onun üçün bir örnək olur, bəlkə də ata rolunda görünür.  Atasız qızlar evdə  görmədikləri  ata zəhmi, ata hökmü, ata sərtliyi ilə məktəbdə qarşılaşırlar. Bəzən də elə müəllim tapılır ki, qızlar ona doğması, yaxını kimi heyran olur, atasızlığın ağrısını unudurlar.

Elə oğlan var ki, evdə tək uşaqdı, nə atası, nə də qardaş-bacısı var. Gözünü açandan yalnız ana görüb, ana qayğısı, ana sevgisi ilə böyüyüb. Atanın nə olduğunu  anasının xatirələrindən eşidib, qohum-qonşuda izləyib, kitabda oxuyub,  filmlərdə tamaşa edib. Bu cür uşaqlar məktəbdə gördüyü kişi müəllimlərinə çox bağlanır, onların davranışını, hərəkətini nümunə götürür, kişi obrazının nə olduğunu ondan öyrənir,  məhz onun kimi olmağa çalışırlar. Nə gözəl! Dünyanın bəzi ölkələrində, xüsusilə də Türkiyədə orta məktəbin ibtidai siniflərində  müəllimlərin 90 faizi  kişilərdən ibarətdir. Demək ki, kiçik yaşlı oğlan uşağı burada özü üçün müəllim obrazını model olaraq  seçir. Həmin kiçik oğlan bu gün  çiynində məktəbli çantası daşıyır, sabah həyatın ağır şələsini kürəyinə götürməli olacaq. Bax, o zaman məktəbin tərbiyəsi, kişi müəllimlərindən öyrəndiyi hərəkətlər,  davranışlar, özünümüdafiə instinqti,  mübarizə etmək bacarığı  üzə çıxacaq. Şələnin ağırlığına müəllimindən  götürdüyü sərtliklə, güc ilə tab gətirəcək. Həyatın burulğanlarında çox çabalamayacaq,  firtınalardan çıxmağın yolunu asanlıqla tapacaq.

***

Azərbaycanda sovet hakimiyyətinin ilk illərində savadsızlığa  qarşı kütləvi mübarizəyə başlanıldı,  ölkənin hər yerində məktəblər açıldı və kişi müəllimlər  təhsil ocaqlarına cəlb olundu. 1918-ci ildə maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas Firudin bəy Köçərlinin təşəbbüsü və rəhbərliyi ilə Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Qazax rayonuna köçürüldü. Qazax Müəllimlər Seminariyasının yetirmələri olan Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, İsmayıl Şıxlı böyük ədəbiyyat yaradıcıları olmaqla yanaşı, həm də müəllimlik ediblər. Bu kişilər tələbələrinin  idealı olublar, dərs dedikləri oğlan və qızlar onlardan həyat məktəbinin sirlərini öyrəniblər. İndi adlarını çəkə bilmədiyim yüzlərlə oğlan həmin seminariyada təhsil alaraq Azərbaycanın  şəhər  və kəndlərində müəllimlik ediblər.  Seminariyada çox az qadın təhsil alıb. Mənim valideynlərim də Qazax Seminariyasının kişi məzunlarından dərs alıblar.

Ötən əsrin 70-ci illərinə kimi Azərbaycanda müəllimlik müqəddəs, az qala  toxunulmaz peşə idi. Müəllimlik etmək şərəf işi idi. Kişi müəllimlərin oturuşu-duruşu,  sanballı davranışı, şəxsiyyəti örnək idi. Elə müəllimlər var idi ki, şagirdlər onu valideynlərindən çox sevirdilər.  Şəxsən mən bu gün də peyğəmbər qarşısında səcdə ediləcək qədər pərəstiş etdiyim kişi müəllimlərimi unutmamışam. İnanıram ki, bu yazını oxuyan  orta və yaşlı nəslin nümayəndələrinin taleyində də ununtmadığı, hər zaman  xoş xatirələrlə xatırladığı, ruhu qarşısında baş əydiyi kişi müəllimləri var.

Məktəb cəmiyyətin üst qatıdı. Məktəb bir millətin  dünəni, bu günü və gələcəyidir. Məktəb öyrədənlər və öyrənənlər üçün müqəddəs məkandı - Məkkədi, Mədinədi, Kəbədi.  Məktəb səcdəgahdı, qibləgahdı. Bu parametrlərin daşıyıcıları orta məktəb müəllimləridi. Buradakı kişi müəllimlər öndə olmalıdır ki, arxada dayananlar yolunu itirməsinlər.

***

Amma dövran  dəyişib, zaman su kimi axıb gedib, dəyərlər yerini itirib. Ağrıyaraq  deyim ki, söylədiklərimi bu günün  çox az müəlliminə şamil etmək olar. İndinin kişi müəllimlərini o dövrlə müqayisə etsək  demək olar ki, "gündüz çıraqla axtarmaq" misalı olacaq. Bu gün orta  məktəblər kişi müəllimlərindən dolayı qıtlıq çəkirlər. Rəsmi statistikaya  görə Azərbaycanda  4500 orta məktəbdə çalışan 151 min müəllimin 122 mindən çoxunu qadın müəllimlər təşkil edir. Bu rəqəm heç də ürəkaçan deyil. Kişilər müəllimlik etməkdən qaçırlar, orta məktəbə yaxın durmurlar. Elə məktəb var ki, orada bir nəfər də olsa kişi müəllim yoxdu.  Faciə deyilmi? Hətta iş o dərəcəyə çatıb ki, ali məktəbin kişi müəllimləri də iş yerindən  uzaqlaşmağın yollarını arayırlar. Ali məktəbi  bitirən oğlan məzunlar üçün universitetdə  qalıb işləmək təklifi olsa da, imtina edirlər. Harda qaldı müəllim şərəfi, müəllim hörməti?!

Əslində bunun kökü ailədən gəlir. Övladların peşə seçimində valideynlərin təsiri olur. Çoxlu sayda ailələrdə oğlanlara müəllimlikdən uzaq durmağı, qızlara isə "əsil qız peşəsidi" fikrini təlqin edirlər, yəni gələcəkdə qız  məktəbə gedib 3-5 saat dərsini keçib  evinə dönəcək,  nəticədə bütün gününü itirməyəcək. Oğlan isə ailə başçısı olduğu üçün daha gəlirli, daha qazanclı peşələri öyrənməli, rüşvət  gətirəcək sahədə işləməlidi.  Xüsusilə də ata müəllim olanda oğlunun pedoqoji təhsilə gedən yoluna elə daş qoyur ki, onu  götürməyə kimsənin gücü çatmır. Ona görə də ali  pedoqoji məktəblərdə oğlanları barmaqla saymaq olur. Onlar da ora  təsadüfi düşənlərdi, diplom alandan sonra başqa sahədə işləməyə yön alırlar.

Daha başqa bir səbəb də maaş məsələsidir. Müəllimlər məktəbdən aldıqları maaşın azlığından şikayət edirlər. Qadın müəllimlər üçün çox vaxt bu, önəm daşımır. Ailədə kişi yüksək maaşlı olanda, çoxli gəlir gətirəndə qadın məktəbə dərs deməkdən çox  bir neçə saatlıq vaxtını öldürmək, özünü göstərmək,  paltarlarını nümayiş etdirmək üçün gedir. Bu, faktdır. Əlbəttə çoxluq belə deyil.  Az maaşla işləyən  vicdanlı, savadlı,  şərəfli müəllimlər var. Əksəriyyəti də repetitorluq edib ailə büdcəsini doldurmağa çalışır.

Bütün hallarda  kişi müəllimlərin azlığı nə ailə, nə  cəmiyyət, nə  dövlət, nə də ölkə üçün xoş deyil. Azərbaycan kişisini bir obrazı var: sərt, zəhmli, özü bütöv, sözü keçərli. Bu obraz demək olar ki, yavaş-yavaş yox olur. Yerini avropalıların öz standartlarında bişib qəlibə salınmış "kişilərdən"  nümunə götürənlər əvəz edir.  SOS siqnalı  verməyin vaxtıdır.  Azərbaycan kişisinin  orta məktəbdə düyünə düşmüs standartları gündən-günə bərkiyir.

Təhsil sistemindəki bu düyünü açmağın vaxtıdı, sonra gec olacaq...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31