Paytaxt üzrə 805 müəllim üçün təlim keçirilib

2018-2019-cu tədris ilində Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki, "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" proqramı üzrə təşkil edilən təlimlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilib. Təlimlərin monitorinqi və qiymətləndirilməsi isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən aparılır.

Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.

Təlimlərdə paytaxt üzrə məktəbəhazırlıq qruplarında məşğələ keçəcək 805 ibtidai sinif müəllimi iştirak edib.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər mentor xidmətindən yararlana biləcəklər. Belə ki, xüsusi hazırlıq keçmiş mentorlar məşğələlərə qatılacaq, müəllimlərə elmi-metodik və təcrübi dəstək göstərəcək, onlar üçün qrup müzakirələri təşkil  edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31