Uşaq hansı hallarda anadan alına bilər?
Qəyyum və himayəçi necə təyin olunur?
21 Sentyabr 2018 13:17 SosialQəyyum və himayəçi necə təyin olunur?
Son illərdə ölkədə boşanmaların sayının artması müşahidə olunur. Rəsmi statistik məlumata görə, 2018-ci ilin altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 27525 nikah qeydə alınıb. Qeyd olunan dövrdə qeydiyyat şöbələrində 7219 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub. Boşanmaların səbəblərini araşdırılarkən məlum olur ki, nikaha daxil olan zaman insanlar tərəfindən tələskənliyə yol verilir. Öhdəliklərini dərk etmədən ailə qurur və problemlərlə qarşılaşırlar. Məsələn, zərərli vərdişlərə aludə, təhlükəli xəstəlik daşıyıcısı olmaları, qadın yaxud kişinin məhkumluq həyatı və s. amillər ailələrin davamlı münaqişəsinə və dağılmasına gətirib çıxarır. Acınacaqlı haldır ki, valideyinlərin düşünülməmiş addımlarından uşaqlar əziyyət çəkmiş olur. Üstəlik bəzi valideyinlər öz istəklərinə nail olmaqdan ötrü uşaqlardan sisu-istifadə hallarına yol verirlər. Məhz bu səbədən valideyinlər boşanan zaman uşaqların kiminlə qalacağı məsələsi aktuallıq kəsb edir.
Hüquqşünas Alim Hüseynli bildirib ki, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim edə bilərlər. Uşaqların kimin yanında qalması barədə ər-arvad arasında belə saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Bu halda, əgər valideynlər arasında razılıq yoxdursa, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və sair. Ancaq, uşağın maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.
Lakin uşaqlarla bağlı məsələ onun valideyinlərindən hansının yanında qalması ilə bitmir. Bəzi hallarda ümumiyyətlə valideyin himayəsindən məhrum olmuş uaqlara rast gəlinir ki, onların taleyinin necə həll olunması maraq doğurur. Xatırladaq ki, belə hallarda əsasən valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyum və himayəçisinin təyin olunması məsələsi gündəmə gəlir. Bəs belə uşaqların qəyyum və himayəçisinin təyin olunması qaydası necədir? Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir.Tam dövlət himayəsində olmaqla tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində yerləşən uşaqlara qəyyum (himayəçi) təyin olunmur. Bu vəzifə həmin müəssisələrin rəhbərliyinə həvalə edilir. Uşaqların müvəqqəti olaraq belə müəssisələrə yerləşdirilməsi qəyyumların (himayəçilərin) hüquq və vəzifələrini məhdudlaşdırmır. Uşağa qəyyumluq (himayəçilik) vəzifəsi təmənnasız yerinə yetirilməlidir. Hər ay uşağın qəyyumuna (himayəçisinə) onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir.
Onun sözlərinə görə, ər və arvadın boşanma zaman ortaya çıxan problemlərdən biri də əmlakı necə bölünməsilə bağlıdır: "Hər bir kəs bilməlidir ki, nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir. Ər-arvad birgə nikah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nikah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər. Qeyd edək ki, zinət əşyaları istisna olmaqla fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur".
Nurlan