Rektor Sudan Respublikası Milli Assambleyasının sədrini qəbul edib
21 Sentyabr 2018 11:41 SosialAzərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Sudan Respublikası Milli Assambleyasının sədri İbrahim Əhməd Ömərlə görüşüb.
Qonağı salamlayan rektor rəhbərlik etdiyi universitet, burada tədris olunan dillər, fəaliyyət göstərən mərkəzlər haqqında ətraflı məlumat verib. Kamal Abdulla Azərbaycandakı multikultural şərait haqqında qonaqlara ətraflı məlumat verib. Rektor qeyd edib ki, ölkəmizdə müxtəlif xalqlar dinc və qardaşlıq şəraitində yaşayır, Azərbaycan Prezidenti cənab İlham Əliyev multukulturalizmin dövlət siyasətinə çevrildiyini hər zaman qeyd edir.
Yüksək qonaqpərvərliyə, xüsusi diqqətə görə Kamal Abdullaya təşəkkürünü bildirən İbrahim Əhməd Ömər ADU-nun yüksək səviyyəli universitetlərdən biri olduğunu söyləyib: "Mən Azərbaycanın ən nüfuzlu və yüksək səviyyəli universitetlərindən biri olan Dillər Universitetini ziyarət etməkdən çox şadam. Sizin Sudan universitetləri ilə əməkdaşlıq təklifini yüksək qiymətləndirirəm. Bu əlaqələrin yaradılması bir çox əməkdaşlığa yol aça bilər. Eyni zamanda tələbə mübadiləsi, birgə araşdırma və layihələr istiqamətində addımlar atmaq mümkün və vacibdir".
Milli Məclisin Sədri Oqtay Əsədovla görüşü haqqında danışan İbrahim Əhməd Ömər qeyd edib ki, həmin görüşdə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı da müzakirələr aparılıb.
Kamal Abdulla Sudan Respublikası Milli Assambleyasının sədrinə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabını hədiyyə edib.