Cəmiyyətin sağlamlığı ölkənin gələcəyinin təmin olunması deməkdir

Uzun illərdir ki, bəşəriyyətin ən ciddi şəkildə mübarizə apardığı qlobal bəlalardan biri də məhz narkomaniyadır. Ancaq təəssüflər olsun ki, bu illər ərzində aparılan mübarizə sözügedən problemin aradan qaldırılmasına kifayət etməyib. Elə bu səbəbdəndir ki, narkomaniya müasir dünyanın üzləşdiyi ən ağır sosial-ictimai problemlər sırasında əsas yerlərdən birini tutur. Bu problem cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

Uzun illərdir ki, bəşəriyyətin ən ciddi şəkildə mübarizə apardığı qlobal bəlalardan biri də məhz narkomaniyadır. Ancaq təəssüflər olsun ki, bu illər ərzində aparılan mübarizə sözügedən problemin aradan qaldırılmasına kifayət etməyib. Elə bu səbəbdəndir ki, narkomaniya müasir dünyanın üzləşdiyi ən ağır sosial-ictimai problemlər sırasında əsas yerlərdən birini tutur. Bu problem cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan verilən məlumata görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrində aparılan islahatlar, ölkənin ümumi inkişafı narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks mübarizəni zəruri edib. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli fərmanı ilə bu sahədə dövlət siyasətinin əsasları müəyyən edilmiş, həmin siyasətin həyata keçirilməsini təmin etmək, dövlət orqanları və ictimai birliklərin fəaliyyətini əlaqələndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində təşkilati-hüquqi, institusional və digər tədbirlər həyata keçirilməkdədir.

İşçi Qrupundan bildirilib ki. ölkə başçısının 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiq etdiyi (12 iyul 2013-cü il tarixdə) Tədbirlər Planı həyata keçirilməkdədir. Narkomaniya və digər neqativ halların yaranmasına xidmət edən vasitələrin təbliğinin qarşısının alınması ölkə başçısının 2014-cü il 14 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda (bənd 2.4.) da öz əksini tapıb.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar hər bir qurum kimi Mədəniyyət Nazirliyi və tabe təşkilatlar tərəfindən öncəki hesabat dövrlərində olduğu kimi, son bir il müddətində də çoxsaylı tədbirlər, layihələr həyata reallaşdırılıb.  Tədbirlər planına əsasən, Mədəniyyət Nazirliyinin tabe təşkilatlarında, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, eləcə də 15 regional idarənin - Sumqayıt, Gəncə, Şəki, Xaçmaz, İsmayıllı, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin əhatə etdiyi müəssisələrdə - muzeylərdə, kitabxana və klublarda, teatrlarda, tədris ocaqlarında narkomaniya və narkotik vasitələrin fəsadlarından bəhs edən sərgilər, maarifləndirici görüşlər, dəyirmi masalar təşkil olunmuş, bu mövzuda səhnə əsərləri hazırlanıb.

Belə ki, Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyində 16 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə "Ağ ölüm"ün qara fəsadı" mövzusunda mühazirə və sərgi təşkil edilib. Sərgidə məktəblilərin akvarel və quaşla kağız və karton üzərində, əsasən karikatura janrında çəkdikləri 30-dək rəsm nümayiş olunub. Astara Dövlət Rəsm Qalereyası tərəfindən 1 saylı tam orta məktəbdə mövzu ilə bağlı gənc rəssamların əl işlərindən ibarət sərgi keçirilib.

Ümumiyyətlə, yerlərdəki rəsm qalereyalarının layihələri bəşəri bəlaya qarşı təsviri sənət vasitələri ilə maarifləndirmənin geniş imkanları olduğunu göstərir.

Onu da qeyd edək ki, kitabxanaların bu sahədə fəaliyyəti də təqdirəlayiqdir. Kitabxanalar uşaq və gənclərlə geniş ünsiyyət imkanı olan mədəniyyət ocaqlarıdır. Həmin müəssisələrdə keçirilən maarifləndirici tədbirlər də sayı və əhatə dairəsi ilə seçilir. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təşkil olunan silsilə tədbirləri - "Narkomaniya və acınacaqlı həyat" adlı söhbət-mühazirə (yanvar), "Gəncliyimizi qoruyaq, narkomaniyaya "yox" deyək" mövzusunda gənclərlə görüş (mart), "Narkomaniya: ölümə məhkumluq" mövzulu söhbət-mühazirəni (may) və s. ayrıca qeyd etmək lazımdır. Azərbaycan Milli Kitabxanası tərəfindən 26 iyun - "Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü" ilə əlaqədar olaraq "Narkomaniyaya yox deyək!" adlı kitab sərgisi keçirilib. Milli Kitabxananın fonduna narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair yeni ədəbiyyat alınıb, dövri mətbuat məqalələrinin tammətnli resursları hazırlanaraq elektron bazaya yerləşdirilib.

Narkomaniyanın faciəli fəsadları və gənc nəslin maarifləndirilməsi məsələsinə ayrı-ayrı teatrların repertuarında da yer ayrılmaqdadır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Bakı Uşaq Teatrının, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının bu xüsusda maraqlı səhnə layihələri var. Bundan əlavə, Sumqayıt Dövlət Dram Teatrında (Kamran Nəzirli -  "Narkoman") və Gəncə Dövlət Dram Teatrında (Şəfa Vəli - "Bəyaz ölüm") mövzuya dair tamaşalar hazırlanıb.

Məlumat üçün qeyd edək ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" bu il yekunlaşacaq. Amma bəşəri bəla ilə mübarizə, onun fəsadlarının qarşısının alınması üçün maarifləndirmə tədbirləri bundan sonra da davam edəcək. Çünki bu, hər şeydən öncə, cəmiyyətin sağlamlığı, milli genefondun qorunması, ölkənin gələcəyinin təmin olunması deməkdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bu məqama diqqət çəkərək deyib: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sağlam millət, sağlam cəmiyyət, əlbəttə ki, hər bir ölkənin inkişafı üçün çox vacibdir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31