Novella Cəfəroğlu: “Mən oğrunun başına tava vurub yerə yıxmağın tərəfindəyəm, sonra
20 Sentyabr 2018 10:54 SosialMahmud Hacıyev: "Oğru cinayət başında yaxalanıbsa, hüquq-mühafizə orqanına təhvil verilməlidir"
Cinayət başında yaxalanan oğruların döyülməsi, ağaca bağlanması, tövləyə salınıb ac-susuz saxlanması halları son illər artıb. 2018-ci ilin sentyabrında Azərbaycanda 2 belə olayın baş verməsi haqda xəbərlər dolaşıb. Sentyabrın 7-də yayılan xəbərlərdə məsciddən oğurluq edən şəxsin tutularaq ağaca bağlanması və ona əzab verilməsi səhnəsi əks olunan video yayılmışdı. Daha bir video isə 2 gün əvvəl yayılıb. Həmin videoda mağazadan oğurluq etmiş şəxsin döyülməsi səhnəsi var. Ümumiyyətlə isə oğruların döyülməsi səhnələri olan videolar ümumdünya torunda bəs deyincə çoxdur. Məsələn, ötən il Çində qadının əlindən çantasını alıb qaçmış bir zavallının vəhşicəsinə döyülməsi videosu yayılmışdı. Qonşu ölkələrdə, məsələn, Türkiyədə də belə halların tez-tez baş verməsini təsdiqləyən materiallar var.
Oğruları döyək, yoxsa polisə təhvil verək?
Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, oğurluğun harada baş verməsi önəmlidir və oğrunun döyülməsi, ona zor tətbiqi ən son zərurət kimi nəzərdən keçirilə bilər: "İnsandır, mağazaya girib və nəfsi bir bulkanı, hər hansı bir şirniyyatı çəkib. Adamın imkanı olmayıb və götürüb qoyub cibinə. Aydındır ki, bu istənilən halda oğurluqdur. Belə oğurluğa görə adamı tutub döymək, ağaca bağlamaq, ona fiziki işgəncə vermək qeyri-insani rəftardır. Bundansa həmin şəxsə bulkanın 3-5-ni verib yola salmaq daha uyğundur. Tapşırmaq şərtilə ki, bir daha oğurluq etməsin, sadəcə, yaxınlaşıb desin ki, bulka və ya digər şirniyyat istəyir və ya ehtiyacı var, filan ərzağı istəyir. Mağaza da imkanlarına uyğun olaraq adama kömək etsin".
Hüquq müdafiəçisi deyir ki, oğruya zor tətbiq olunması müstəsna hallarda və vəziyyətə adekvat ola bilər: "Evinizə oğru girib və sizi öldürmək üçün əlində silah da var. Bu halda şəxsən mən oğrunun başına tava vurub onu yerə yıxmağın, sonra polis çağırıb təhvil verməyin tərəfindəyəm. Başqa yol da qalmır. Mağazadan oğurluq isə fərqli situasiyadır və ehtiyacdan meydana gələn hadisədir. Bu halda oğrunu bağışlamaqla onu belə əməllərdən çəkindirmək də olar. Zor tətbiqi yolverilməzdir".

Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Mahmud Hacıyev də oğrulara zor tətbiq etməyin tərəfdarı deyil. Deyir ki, oğru cinayət başında yaxalanıbsa, hüquq- mühafizə orqanına təhvil verilməlidir. Oğrunun döyülməsi, ona fiziki zor tətbiqi qanunsuzdur. Buna görə konkret cəza da nəzərdə tutulur.
Mahmud Hacıyev bildirib ki, dünyanın son 50-100 illik tarixinə nəzər saldıqda və məhkəmə psixoloqları, kriminalistlərin yazdıqlarına baxdıqda, hədəf bir məsələnin üzərində cəmləşir. Onlar yazırlar ki, hansı ölkədə sosial-iqtisadi durum ağırlaşırsa, işsizlik, narkomaniya artırsa, birinci növbədə tamah motivi ilə olan cinayətlərin sayı da artır. Tamah motivi ilə olan cinayətlər isə oğurluq, quldurluq, soyğunçuluq və nəticədə adam öldürməkdir. Yəni polis gücləndirilmiş rejimdə işləsə də, bunlar baş verir. Cinayət qanunvericiliyində bu halla əlaqəli 2 maddə var - zəruri müdafiə həddini aşma və son zərurət. Zəruri müdafiə həddini aşmaqla kiməsə bədən xəsarəti yetirilirsə, öldürülürsə və yaxud son zərurət həddində kiməsə bədən xəsarəti yetirilirsə, həmin şəxs dünyasını dəyişirsə, hər iki halda vətəndaşa qarşı təhlükə real olmalıdır. Vətəndaşa qarşı elə bir təhlükə yaranmalıdır ki, onun qarşıdakı şəxsə vurduğu ziyan ölümlə nəticələnən xəsarətə bərabər olsun.
Gecəyarısı evindəki səsə yuxudan ayılan şəxs qarşısında maskalı, əlində silah qismində gəzdirdiyi əşya olan birinə qarşı addım atarkən adekvatlıq halda düşünə bilərmi? Məsələn, hüquq müdafiəçisi Novella Cəfəroğlu bu vəziyyətdə oğrunun tava ilə vurulub zərərsizləşdirilməsinin tərəfdarıdır.
Mahmud Hacıyev deyir ki, bu hal affekt durumunda törədilən olay kimi qiymətləndirilir. İstintaq və məhkəmə orqanları buna müvafiq qiymət verməlidirlər. Şəxsin affekt vəziyyətində olub-olmadığını müəyyən etməlidirlər. Şəxs gecə vaxtı yuxudan oyanıbsa, evində maskalı şəxs görürsə, əlində küt alət varsa, düşünə bilər ki, maskalı onu öldürə bilər, bu hal affekt vəziyyətdir. Şəxs patoloji affekt və ya fizioloji affekt durumunda ola və qətl törədə bilər. Hər 2 halda istintaq və məhkəmə orqanları araşdırır ki, həmin vəziyyətdə şəxsin patoloji affekt və ya fizioloji affekt durumu yaranıbmı? Yarana bilərdimi? Cavab müsbətdirsə, bu, artıq affekt vəziyyətində kiməsə xəsarət yetirmək, öldürməkdir.
Zəruri müdafiə həddini aşmaqla adam öldürmək və ya son zərurət kimi adam öldürmək ayrı-ayrı maddələrin təsiri altına düşür. Məhkəmə və istintaq orqanları belə hallarda çox diqqətlə araşdırma aparmalı, uyğun qiymət verməlidirlər.
M.Hacıyev Azərbaycan məhkəmələrində affekt durumunda törədilən qətllərlə bağlı məhkəmə praktikası haqda bunları dedi: "Affekt halında qətl törədilməsi çox incə məsələdir və diqqətlə araşdırılmalı, qiymət verilməlidir. İbtidai istintaq zamanı istintaqçı hərtərəfli araşdırma aparmalı, ittiham aktını tərtib edəndə isə durumu çox gözəl təsvir etməlidir ki, sonradan məhkəmə istintaqı zamanı əmələ düzgün qiymət verilsin. Hakim təqsirləndirilən şəxsin - yəni evinə girmiş oğrunu öldürmüş ev sahibinin affekt durumunda olub-olmamasını ittiham aktında yazılanlardan müəyyən edə bilsin. Sovetlər Birliyi dönəmində belə hallar baş verəndə məsələ çox diqqətlə araşdırılırdı. Məhkəmə -istintaq təcrübəsində belə işlər çox olmurdu. Amma bununla belə, yenə də səhvlər də olurdu. Bu gün də belə səhvlərin olması istisna deyil. Peşəkar müstəntiqlər, peşəkar olmayan müstəntiqlər də, savadlı və ya savadsız hakimlər də var".
M.Hacıyev evinə girmiş oğrunu yaralamış və dünyadan köçməsinə səbəb olan xəsarət yetirmiş şəxsə cəza təyini məsələsinə də toxundu: "Belə hallar məhkəmədə araşdırılarkən, cəza təyini zamanı adətən aşağı hədd seçilir. Qəsdən adam öldürməyə görə 7 ildən 15 ilə qədər azadlqıdan məhrum etmə və ya ömürlük həbslə cəzalandırılır. Azərbaycan qanunvericiliyi ilə hakimlərə çox böyük səlahiyyətlər verilir. Hakim özünün hüquq düşüncəsinə uyğun olaraq cəza təyin edə bilər. Hakimin sərbəst hüquqi fikrinə də əhəmiyyət verilir. Sabah prokuror protest verə bilər ki, niyə filan işdə cəzanı 9 il deyil, 6 il təyin etdin? Bu halda hakim deyə bilər ki, bunu özünün hüquq düşüncəsinə görə edib. Təəssüf ki, hakimlərimizin əksəriyyəti onlara qanunla verilən səlahiyyətlərindən istifadə etmirlər".
Sabiq polis rəisi mağazadan oğurluq etmiş şəxslərin döyülməsi əvəzinə, hüquq-mühafizə orqanlarına təhvil verilməsinin qanunamüvafiq olduğunu vurğulayıb.