DSX-nın təmir etdiyi məktəb istifadəyə verilib
19 Sentyabr 2018 14:14 SosialDövlət Sərhəd Xidməti sərhədlərimizin etibarlı mühafizəsi ilə yanaşı eyni zamanda sərhədyanı rayonların əhalisi ilə sıx qarşılıqlı əlaqələr quraraq onların müqəddəs sərhədlərimizin mühafizəsindəki roluna xüsusi önəm verir və sosial-məişət problemlərinin həllində də yaxından iştirak edir.
Belə sosial yönümlü tədbirlərdən biri də 2018-ci ilin sentyabr ayının 17-də Xudat sərhəd dəstəsinin xidməti ərazisində yerləşən Yuxarı Tahircal kənd orta məktəbinin Dövlət Sərhəd Xidməti tərəfindən əsaslı təmir olunaraq məktəblilərin istifadəsinə verilməsi olmuşdur. DSX-dan "Olaylar"a verilən məlumata görə, respublikamızın şimal sərhədləri mühafizə altına götürülərkən heç bir sərhəd infrastrukturu olmayan Qusar rayonunun ərazisində yerli sakinlər sərhədçilərin yardımına gəlmiş, sərhəd zastavalarının yaradılmasında, dövlət sərhədinin mühafizəsinin təşkilində onlara yaxından köməklik göstərmişlər. Bu yaxınlarda Yuxarı Tahircal kəndində ən müasir tələblərə cavab verən yeni sərhəd zastavası tikilib sərhədçilərin istifadəyə verildikdən sonra vaxtilə yerli sakinlər tərəfindən sərhədçilərin istifadəsinə verilmiş məktəb binası sərhədçi minnətdarlığının və ehtiramının ifadəsi olaraq Dövlət Sərhəd Xidməti tərəfindən əsaslı təmir edilərək və yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilmişdir. Məktəbin açılış mərasimində iştirak edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək məktəbin pedoqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, ucqar kənd məktəbinin əsaslı təmir olunmasında öz köməkliyini əsirgəməyən Dövlət Sərhəd Xidmətinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.