Sosial siyasətin Azərbaycan modeli

Ölkəmiz nümunəvi sosial dövlətə çevrilib

Ölkəmiz nümunəvi sosial dövlətə çevrilib

Müasir dövrdə dövlətin sosial siyasətinin tənzimlənməsi istiqamətində fəaliyyətin genişləndirilməsi zərurəti aktuallaşıb. Dövlətin sosial funksiyasının xüsusi mahiyyət qazanması isə sosial dövlətin inkişafına şərait yaradır. Bu proses bilavasitə sosial olanın iqtisadiyyat üzərində üstünlük əldə etməsi, insanın layiqli həyat şəraitinin təmin edilməsinin dövlətin əsas məqsədinə çevrilməsi ilə bağlıdır. Dövlətin sosial və iqtisadi sferanın tənzimlənməsi istiqamətində məqsədyönlü fəaliyyəti sosial siyasət prinsiplərini şərtləndirir. Bu mənada sosial siyasət dövlətin digər iqtisadi subyektlərin həyat və əmək şəraitinin dolğun təminatına yönəldilmiş fəaliyyətidir. Təsadüfi deyil ki, Azərbaycanda dövlətin sosial sahədə apardığı islahatlar sosial siyasət zəminində qurulub və insanların sosial problemlərinin aradan qaldırılmasına hesablanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ölkədə  vətəndaş firavanlığının təminatı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi milli inkişaf strategiyasının başlıca məqsədi kimi çıxış edir. Ölkəmizdə milli iqtisadiyyatın dinamik tərəqqisində əldə olunan nailiyyətlər ilk növbədə əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət edir. Məhz bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son 15 ildə əhalinin gəlirlərində 8,6 dəfə artım özünü göstərib, orta aylıq əmək haqqı 528,2 manata çatıb. Lakin dövlət bununla kifayətlənmir, mütəmadi olaraq sosial cəhətdən həssas qruplara, aztəminatlı ailələrə dövlət qayğısını artırmaqda, onların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin miqyasını  genişləndirməkdə davam etdirir. Hazırda nazirliyin xətti ilə 1,3 milyon insanın əmək pensiyası ilə, 409 mindən çox şəxsin aylıq sosial müavinətlə, 62,5 min insanın Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilir. Həmçinin 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləğinin 2,2 dəfə, 2008-ci ilin sentyabrından müharibə əlilləri və onlara bərabər tutulanlar üçün təyin olunaraq ödənilən Prezident təqaüdlərinin məbləğinin orta hesabla 2-2,5 dəfə artırılıb.

Dövlət başçısının həyata keçirdiyi uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm nailiyyətlərindən biri kimi, son 15 ildə ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib ki, bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Bununla bərabər, yoxsul ailələrin dövlət tərəfindən dəstəklənməsi tədbirləri də davam etdirilir. Belə ki, prezident İlham Əliyevin  "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri artıq yekunlaşıb. Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək. Bundan başqa, dövlət başçısının 2018-ci il 2 avqust tarixli 382 nömrəli Sərəncamının Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzillə təminatı proqramının gücləndirilməsinə səbəb olub. Sərəncamla cari ildə həmin insanlar üçün əlavə olaraq minimum 300 mənzil alınması ilə bu il Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 500-dən çox mənzilin verilməsinə imkan yaranıb, mənzillərin satınalınması üçün açıq tenderin elan olunub. Həmçinin fərdi yaşayış binaların inşasının davam etdirilir, çoxmənzilli binalarda tikinti işləri də başa çatmaq üzrədir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci 9 avqust tarixli 229 nömrəli Fərmanının icrası olaraq, nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması, habelə cənab Prezidentin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanına əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətində də lazımi işlər görülüb. Belə ki, DOST Agentliyi və mərkəzlərinin fəaliyyətini təmin etmək məqsədilə bir sıra normativ hüquqi aktların layihələrin, habelə müvafiq təkliflərin hazırlanması işlərinin bir ay ərzində başa çatdırılaraq aidiyyəti üzrə təqdim edilməsi təmin olunacaq. Artıq ilin sonunadək Bakının Yasamal rayonunda bu rayonun və Səbail rayonunun əhalisinə xidmət edəcək ilk DOST mərkəzinin yaradılması nəzərdə tutulur. Paralel olaraq nazirliyin informasiya sistemləri əsasında "Mərkəzləşdirilmiş elektron informasiya sistemi"nin, müvafiq fəaliyyət istiqamətləri üzrə xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün "e-sosial" internet portalının yaradılması işləri davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən əmək və sosial müdafiə sahəsi ilə bağlı mühüm Fərman və Sərəncamlar imzalanmaqla, sosial müdafiə tədbirlərinin gücləndirilməsində yeni addımların atılmasına, digər tərəfdən əmək və sosial müdafiə sahələrində idarəetmənin təkmilləşdirilməsində ciddi irəliləyişlərə imkan yaradılıb. Həmin sənədlərdən irəli gələn bütün tapşırıqların yüksək səviyyədə və vaxtlı-vaxtında icrasının təmin olunması nazirliyin əsas fəaliyyət prinsiplərindən hesab olunur və  onların icrası istiqamətində uğurlu nəticələrə yönələn işlər davam etdirilir.

Ölkədə həyata keçirilən sosial siyasətin tərkib hissəsi olan cəza çəkməkdən azad edilmiş şəxslərin də sosial müdafiəsi məsələsi diqqətdən kənarda qalmayıb. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin (Qobustan şəhəri, Dərəkənd yolunun sağ kənarı) Nizamnamə layihəsi təsdiq edilib. Nizamnaməyə əsasən, Mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və daimi yaşayış sahəsi olmayan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədilə həmin insanlara hüquqi, sosial-psixoloji, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri göstərəcək, bu müddətdə onları müvəqqəti yaşayış yeri ilə təmin edəcək. Sadalanan faktlar bir daha deməyə əsas verir ki, ölkədə həyata keçirilən sosial siyasət ümumilikdə əhalinin rifah halının yüksəlməsinə xidmət edir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31