Yağışlar başlayır - Bakı küçələrini selbasma təhlükəsi
19 Sentyabr 2018 11:33 SosialAnar Nəcəfli: "Problemin yaşanması mümkündür və qaçılmazdır"
Yay fəsli artıq başa çatmaq üzrədir. Hava haqqında verilən proqnozlara görə, bu gündən etibarən temperatur aşağı düşəcək, yağıntılar olacaq. Bakıda yayda toz dərdi olduğu kimi, digər fəsillərdə də sel-su problemi yaşanır. Belə ki, güclü yağışlardan sonra Bakı küçələrində iri gölməçələr yaranır və bu hal da əhalinin hərəkətini çətinləşdirir.
Bəhs etdiyimiz hal Bakıda demək olar ki, hər il yaşanır. Bəs bu il problemin həlli istiqamətində hansı işlər görülüb?
"Yeni Müsavat"a danışan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, onlar yaşanacaq halın qarşısını almaq üçün addımlar atırlar:
"Əvvəlcə qeyd edim ki, heç bir qurum təbii fəlakət qarşısında 100 faizlik zəmanət verə bilməz ki, hər hansı bir problem yaşanmayacaq. Problemlərin yaşanması qaçılmazdır. Ancaq təbii ki, qurumlar bu problemi minimuma endirmək üçün işlər aparırlar. Avtomobil Yolları Dövlət Agentliyi olaraq biz də prospektlərin təmiri və yenidən qurulması, bərpası zamanı mövcud yağışxana sisteminin yenilənməsi, bərpası istiqamətində də işlər aparırıq.
Eyni zamanda əgər ehtiyac varsa, onların yenilərinin tikilməsi, qurulması işlərini də həyata keçiririk. Binəqədi şosesi, Babək, Ziya Bünyadov prospektində, Yeni Yasamalda problemli nöqtələr vardı ki, orada yenidənqurma işləri çərçivəsində bu problemlər də aradan qaldırılıb. Ancaq bu da o demək deyil ki, hər hansı bir ərazidə problem yaşanmayacaq. Problemin yaşanması mümkündür və qaçılmazdır. Təbii olaraq biz önləmə tədbirləri görürük. Problemli nöqtələrdə "Azərsu" ASC tərəfindən kollektorların inşasına qədər işlər görülüb. Bu işlər kompleks şəkildə, aidiyyəti qurumlarla birlikdə həyata keçirilir. Hazırda demək olar ki, bütün problemli nöqtələrdə işlər tamamilə yekunlaşdırılıb və problem öz həllini tapıb".
Bir müddət Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov isə "Yeni Müsavat"a söyləyib ki, əslində Bakının hər il yağış sularının altında qalması başqa səbəblərdən qaynaqlanır:
"Bakının heç olmasa əsas ərazilərini əhatə edən tam sistemli şəbəkə mövcud deyil. Sadəcə olaraq, Bakıda ayrı-ayrı lokal şəbəkələr var. Onların da bəziləri dənizə çıxır, bəzilərinin isə ümumiyyətlə, heç dənizə də çıxışı yoxdur. Yəni ana xətlərdən kənarda qalıblar. Yağış suyu adətən dənizə və çaylara axıdılmalıdır. Vahid şəbəkə mövcud olmadığı üçün Bakıda bu, alınmır. Sovet dövründə böyük kollektor tikilirdi. Bu kollektor 8-ci mikrorayon istiqamətində inşa edilirdi və Tofiq Bəhramov stadionunun yanından dənizə tərəf çıxırdı. Kollektoru stadionun yanına qədər tikdilər. Sonradan isə üstünü basdırdılar. Yəni iş yarımçıq qaldı. Bu isə o deməkdir ki, 8-ci mikrorayon və ətraf ərazilərin yağış sularının dənizə hər hansı bir çıxışı yoxdur. Ona görə də problem mövcud olaraq qalacaq. Çünki hələ də orada yağış sularını yığıb, dənizə axıdan sistem yoxdur. Bakıda yağış suları, sadəcə olaraq, bir yerə yığılır, sonra da öz axarı ilə boşluqlara dolur. Diqqət edirik ki, Bakıda yağışdan sonra küçələrə yığılan su ora-bura axır, axırda da ya quruyur, ya da elə küçələrdə qalır. Bu hal isə paytaxtda böyük fəlakətə yol aça bilər. Çünki Bakının asfaltlaşmış sahələri çoxdur. Artıq ildən-ilə torpaq yer azalır. Asfalt olduqca da su yığılır və böyük yollarda göllər əmələ gəlir. Bu hal, təbii ki, yolların da tez sıradan çıxmasına səbəb olur. Bakıda torpaq ərazisi çox olan zaman problem bir o qədər də hiss olunmurdu. Çünki yağışdan sonra su torpağa hopurdu və sistemin olmaması kimsənin diqqətini cəlb etmirdi. İndi də asfalt çəkirlər, ancaq kollektor tikmirlər. Şəhərin vahid kanalizasiya sistemi hazırlanmalı və tətbiq olunmalıdır. Bunun əsasında da ümumi iş axıra çatdırılmalıdır. Yəni gərək yolları söküb, kanalizasiya sistemini çəkib, təzədən yol çəkələr. Çünki vaxtında yol çəkiblər, kanalizasiya sistemini qurmayıblar. İndi sistemi qurmaq da böyük vəsait tələb edir".
Ekspert bildirib ki, Bakıda hər hansı bir süni gölün yaradılması da mümkün deyil: "Çünki bunun üçün yer yoxdur. Suların axıdılma istiqaməti dəniz və "Böyük şor" gölü idi. İndi həmin göldə də daşma olur. Nəticədə görünür ki, ora da artıq su axıdılmır. Başqa yer də yoxdur ki, "Böyük şor" kimi göl yaradılsın. Ancaq əslində belə bir göl yaradılmalıdır. Suyun axma mənbəyi dənizdir. Çünki dəniz həm də aşağıdadır. Bunun üçün nasos sistemi də qurulmalıdır. Bizdə, ümumiyyətlə, nasos sistemi qurulmur. Başqa bir problem də odur ki, hazırda Bakıda hündür binalar tikilir, ancaq kanalizasiya xətləri düşünülmür. Bu binalar tikilən zaman da kanalizasiya sistemi nəzərə alınmalıdır. Binaların ərazisi asfaltlanmış sahə hesab olunur. Nəticədə orada da torpaq sahəsi qapadılır və su hopmur. Hazırda Bakının ətraf ərazilərində xeyli tikintilər həyata keçirilir. Bəs onların kanalizasiya suları hara axacaq? Ümumiyyətlə, Abşeronda kanalizasiya sistemi bərbad vəziyyətdədir və buna görə də mövcud problem getdikcə ciddi hal alacaq".