Qadının əmək hüquqları necə qorunur?

Hər bir insan cinsindən asılı olmayaraq, əmək fəaliyyəti dövründə öz şərəf və ləyaqərini qorumaq hüququna malikdir. Dünyanın əksər ölkələrinin əmək qanunvericiliyində əmək fəaliyyəti ilə bağlı münasibətlərdə cinsi ayrıseçkiliyə yol verilməsi qəti şəkildə qadağan olunur. Bu o deməkdir ki, əmək müqavilələri bağlanarkən məvaciblərin müəyyən edilməsi və iş öhdəliyinin yerinə yetirilməsi zamanı kişilər və qadınlar bərabər hüquqlara malikdirlər. Bununla yanaşı, bir aıra qanuni qadağalar var ki, onlar uşaqlı va hamilə qadınların hüquqlarının qorunmasını təmin edir. Məlum olduğu kimi hamiləlik və əmizdirmə dövrü hər bir qadın və onun ailəsi üçün çox çətin və məsuliyyətli bir dövrdür. İşləyən və ya təhsil alan qadınların bu dövrdə məsuliyyətləri daha da artır. Üstəlik bəzi problemlərlə də üzləşirlər. Çünki, hamiləlik vaxtı qadınlar gərgin iş rejimində çalışa bilmir, əmizdirmə dövründə isə hər 2-3 saatdan bir körpənin yanında olmaq lazım gəlir. Bu çətinlikləri aradan qaldırmaq üçün dövlətlər analara bəzi güzəştlər tətbiq edir, onlara xüsusi hüquqlar verirlər. Bu hüquqlar əmək, cinayət, ailə və s. məcəllələrdə öz əksini tapır. Çox təəssüf ki, bəzən anaların öz hüquqları ilə bağlı məlumatları olmur və bəzi iş yerlərində onların bu hüquqları çox tez-tez pozulur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərini işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb və hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

Əmək müqaviləsi bağlanılarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti təyin edilmir. Bundan başqa, tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər. Yaş yarıma çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi  üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir - bu zaman onların orta əmək haqqı saxlanılır və onların əmək haqqının azaldılması qanunvericiliklə qadağan edilir.

Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan qadınların işdə saxlanılmasına üstünlük verilir. İşəgötürən tərəfindən hamilə, habelə 3 yaşınadək uşağı olan və yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən qadınlarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Məlum olduğu kimi birinci il işləyən işçilərə məzuniyyət haqqı 6 ay işlədikdən sonra verilir, lakin "Əmək məzuniyyətinin verilməsi qaydası" Maddəsinə görə, əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən qadınlar hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonar istifadə edə bilərlər. Beləliklə analar öz körpələrinin yanında olmaq imkanını, hamiləliyə və doğuşa görə verilən sosial məzuniyyətdən dərhal sonar məzuniyyət götürərək, bir az da uzada bilərlər. Həmçinin dövlət, körpəsi olan analara 6 ay müddətində işə çıxmamaq imkanı yarada bilməsə də, onlara başqa güzəştlər edir. Belə ki, dövlət Əmək Məcəlləsinin "Uşağın yedizdirilməsi üçün fasilələr" Maddəsində  yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduğu təqdirdə isə hər fasilənin müddəti ən azı bir saat müəyyən edilir. Bu fasilələr qadının əmək haqqından çıxılmır, onlar iş vaxtına daxil olur. Ona da diqqət yetirmək lazımdır ki, qanunvericilik bu fasilələrin ən azı 30 dəqiqə olduğunu deyir, yəni, əgər qadın iş yerindən uzaqda yaşayırsa, işəgötürənlə razılığa gəlib fasilə müddətini uzada  bilər. Əmək Məcəlləsinin "Qısaldılmış iş vaxtı" Maddəsinə  görə analar işə çıxdıqdan sonra işəgötürəndən 36 saatadək qısaldılmış iş vaxtını tələb etmək hüququna malikdirlər. Bu haqdan analar uşaqlarının yaş yarımına qədər istifadə edə bilərlər. Göründüyü kimi dövlət qadınlara kifayət qədər güzəştli şərtlər müəyyən edib. Odur ki, iş yerlərində hüquqlarının tapdanmasının qarşısını ala bilmək üçün anaların və hamilə qadınların öz hüquqlarını bilməsi çox vacibdir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31