Naxçıvan Bölməsində ekspedisiyaların yekunlarına həsr olunan tədbir keçirilib

AMEA Naxçıvan Bölməsində "Naxçıvanda arxeoloji tədqiqatlar" mövzusunda tədbir keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev on ildən artıqdır ki, Naxçıvan Muxtar Respublika ərazisində aparılan respublika və beynəlxalq səviyyəli arxeoloji araşdırmalardan, çoxsaylı tədqiqatlardan bəhs edib. O, bu il bölmənin arxeoloji ekspedisiyasının Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birgə əvvəlki illərdəki tədqiqatlarını davam etdirdiyini, bölgənin I Kültəpə, Duzdağ və Naxçıvantəpə yaşayış yerlərində qazıntılar apardığını diqqətə çatdırıb. Tədqiqatlar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin Naxçıvanın tarixi üçün əhəmiyyətindən danışan alim bu diyarda çox qədim yaşayış yerlərinin mövcud olduğunu bildirib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan ərazisində aparılan arxeoloji ekspedisiyalarla bağlı məlumat verib. Arxeoloq alim bildirib ki, bu il Duzdağ mədənləri tədqiq edilib, Erkən Tunc dövrünə aid əmək alətləri və keramika məmulatı aşkar edilib. Aparılan tədqiqatlar zamanı dünyanın duz mədənlərinin Naxçıvan Duzdağında olduğu müəyyənləşdirilib.

Tədqiqata cəlb olunan digər abidənin I Kültəpə və onun ətrafındakı qədim yaşayış yerləri olduğunu deyən Vəli Baxşəliyev qeyd edib ki, qazıntılar zamanı Kültəpənin Neolit dövrünə aid abidə olduğu tarixi arxeoloji əsaslarla dəqiqləşdirilib. O, I Kültəpə yaşayış yeri ətrafında əvvəlki illərdə aparılan arxeoloji araşdırmalarda aşkar olunan Eneolit dövrü yaşayış yerinin tədqiqinin davam etdirildiyini bildirib. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, I Kültəpə və onun ətrafında yaşayan insanlar əkinçiliklə və köçmə maldarlıqla məşğul olublar.

Arxeoloq Naxçıvantəpə abidəsinin tədqiqindən də bəhs edib.

Ekspedisiyanın rəhbəri sözügedən abidələrin Azərbaycan arxeologiyası üçün əhəmiyyətindən danışaraq bildirib ki, gələcəkdə də bu ərazilərdə tədqiqat işləri aparılacaq.

Daha sonra Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji ekspedisiya layihəsinin beynəlxalq ekspedisiya rəhbəri, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marro çıxış edərək Azərbaycan-Fransa Beynəlxalq ekspedisiyası Azərbaycanın üç regionunda arxeoloji qazıntılar apardığını deyib. Bildirib ki, Beynəlxalq ekspedisiya digər regionlarla 10, Naxçıvanda isə 13 ildir ki, elmi-tədqiqat sahəsində əməkdaşlıq edir. Catherine Marro məlumat verib ki, Azərbaycan-Fransa arxeoloqları əməkdaşlığının 10 illiyi ilə bağlı bu ilin oktyabr ayında Bakı şəhərində açılacaq sərgidə 3 ekspedisiyaların nəticələri sərgilənəcək. Həmən sərgidə I Kültəpə, Ovçulat təpəsi və Duzdağda araşdırmalar zamanı əldə olunan materiallar da təqdim olunacaq.

Catherine Marro arxeoloji qazıntılara dəstək və hərtərəfli şərait yaradan Naxçıvan Muxtar Respublika Ali Məclis Sədrinə, eyni zamanda qazıntılarda onlara yaxından köməklik göstərənlərə öz təşəkkürünü bildirib.

Sonda sözügedən qədim yaşayış yerlərində tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri videogörüntü vasitəsilə nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31